Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:03

«Müxalifətçilər odu söndürüb külü ilə oynayırlar»


Müsavat Partiyasının qərargahında sakitçilikdir

Müsavat Partiyasının qərargahında sakitçilikdir

Prezident seçkisini boykot edən Müsavat Partiyası başqa boykotçu müxalifət partiyaları ilə bərabər sentyabrın 28-də mitinq keçirməyə hazırlaşır. Hazırlıq işlərinin gedişi ilə tanış olmaq üçün partiyanın mərkəzdən kənardakı qərargahına yollandıq.
Partiyanın qərargahında sakitçilikdir. Müsavat başqanı və onun müavinlərinin otaqları yerləşən ikinci qata qalxırıq. Başqan müavinləri gözə dəymir. Qapısı açıq bir-iki otaqda qəzet oxuyan, başı kompyuter oyunlarına qarışan partiya üzvləri görünür. Müsavat başqanı İsa Qəmbər iş otağındadır. İşlərinin çox, zamanının isə məhdud olduğunu deyib müsahibə verməyəcəyini bildirir.
Yenidən binanın birinci qatına qayıdırıq. Burada Müsavatın Binəqədi rayon təşkilatının sədr müavini Əfqan Muxtarlı ilə qarşılaşırıq. Dediyinə görə, mitinqə hazırlıq işləri yüksək səviyyədə gedir:
- Rayon təşkilatlarında mitinq ab-havası yetərincə güclüdür. Əhali arasında da artıq təbliğat prosesinə başlanıb. Birinci-ikinci mitinq bizim öyrəşdiyimiz kimi qələbəlik keçməsə də, sonrakı mitinqlərin kütləvi olacağına inanıram. Hər halda bu aksiyalar ölkədə səs-küyə səbəb olacaq.
- Sizcə, iqtidar müxalifətin mitinqlərinə icazə verəcək?
- İnanmıram ki, hakimiyyət şəhərin mərkəzində mitinqlərə icazə verə. Ancaq mitinq üçün təyin etdikləri yerlərdən birində yəqin icazə verərlər.
Müxalifət partiyalarının durumu ilə bağlı çıxışlarında həm iqtidar təmsilçiləri, həm də bəzi politoloqlar belə bir fikir səsləndirirlər ki, Azərbaycanın klassik müxalifət partiyaları siyasi səhnədən getməlidir. Əsas arqumentlər isə onların sosial dayaqlarının zəifliyi, bu səbəbdən də seçki proseslərində qələbə qazana bilməmələri göstərilir. Müsavatçı Böyükkişi Heydərli isə müxalifətin passivliyi ilə bağlı fikirlərlə razı deyil:
- Passivlik görünüşünün içərisində bir qaynama var. Hadisə və faktların elmi dərki artıq mövcuddur. Müsavat hara getdiyini, nə istədiyini mükəmməl bilir. İndi bu biliyini tətbiq etmək üçün əlverişli şərait axtarır.
- Sizin sosial dayaqlarınız nə qədər güclüdür?
- İndiki şəraitdə nə qədər mənafeyi tapdalanan insan varsa, onlar hamısı bizim dayaqlarımızdır. Onlar bizə qoşulmaq üçün şəraiti gözləyirlər.
Müsavatçılarla söhbətimizdən o da bəlli oldu ki, onların heç də hamısı müxalifətin boykot taktikasının tərəfdarı deyillər. Müsavatçı jurnalist Xalid Kazımlı deyir ki, müxalifət mütləq məhdud olsa belə seçki prosesinin imkanlarından yararlanmalı idi. O, prezidentliyə namizədlərin teledebatlarına baxanda müxalifətin əsas simalarının yerinin göründüyünü deyir:
- Müxalifətçilər indi sanki odu söndürüb külü ilə oynayırlar. Düzdür, mitinqlərlə, piketlərlə ictimai fəallığı bir qədər artırmaq olar. Ancaq insanları hara qədər fəallaşdıracağıq və bunun nəticəsi nə olacaq?
Müsavat Divanındakı müzakirələrdə seçkiyə qatılmağın altı tərəfdarından biri də müsavatçı Elşad Paşasoy olub:
- Bu mərhələdə insanları hərəkətə gətirmək, kursda saxlamaq, növbəti seçkilərlə bağlı hədəfləri açıqlamaq üçün tribunadan istifadə etmək gərək idi. Biz inanmaq istəyirik ki, bundan sonra müxalifətin 5 sentyabrda imzaladığı işbirliyi sazişinin ardınca hansısa bir hərəkətlilik görünəcək. Gözlənilən mitinqi istənilən meydanda keçirmək vacibdir. Yetər ki, insanlar üz-üzə gəlsinlər, bir yerdə olduqlarını dərk etsinlər.
Oktyabrın 15-də keçiriləcək prezident seçkisini boykot edən partiyalar bu ayın 28-də şəhərin mərkəzində aksiya keçirmək üçün şəhər rəhbərliyinə müraciət edib. Onlara hələ ki, cavab verilməyib.

Şərhləri göstər

XS
SM
MD
LG