Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:54

«Seçki komissiyaları hökumətyönlüdür»


«Bizim hesabatlardan heç kim razı qalmır. Müxalifət deyir, kifayət qədər tənqidi deyil, hakimiyyət deyir, çox sərtdir»

«Bizim hesabatlardan heç kim razı qalmır. Müxalifət deyir, kifayət qədər tənqidi deyil, hakimiyyət deyir, çox sərtdir»

ATƏT-in seçkini müşahidə missiyasının rəhbəri Boris Frlets «Azadlıq» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:
- ATƏT-in müşahidə missiyasının hesabatında deyilir ki, bu qurumun bəzi tövsiyələrinə əməl olunmayıb. Konkret hansı tövsiyələrdən söhbət gedir?
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Venesiya Komissiyasının tövsiyələrindən bəziləri qismən nəzərə alınıb, bəziləri isə heç nəzərə alınmayıb. Biz seçki kampaniyasının 60 gündən 28 günə salınmasından, medianın vəziyyətindən, sərbəst toplaşmaq azadlığının müxtəlif cür şərh olunmasından narahatıq. Bir də seçki komissiyalarının tərkibi sarıdan narahatlıq var. Əgər komissiyalarla bağlı şübhələr varsa, ictimaiyyətdə inamsızlıq yaradır ki, bu da çox pisdir.
- Ancaq hökumət deyir ki, müxalifət seçki komissiyalarında təmsil olunur. Buna nə deyirsiniz?
- Müxalifətdən bəziləri komissiyalarda təmsil olunur, ancaq bəziləri də komissiyalara nümayəndələrini göndərməyib, bu komissiyalar indi də yarımçıqdır. Müxalifətin komissiyalarda iştirak edib-etməməyi öz problemləridir. Ancaq fakt odur ki, seçki komissiyaları xeyli hökumətyönlüdür, hazırkı iqtidara meyllidir. Bu da onların obyektivliyinə şübhə yaradır. 3+3+3 prinsipinə qismən əməl olunub.
- Prezident İlham Əliyevlə görüşdə həbsdəki üç jurnalistin məsələsini qaldırdınızmı?
- Xeyr, bu məsələdən danışmadıq. Biz medianın müxalifət partiyaları üçün nə dərəcədə açıq olmasını müzakirə etdik.
- 2005-ci il parlament seçkilərindən sonra ATƏT-in müşahidə missiyasının üzvləri arasında seçkinin azad və ədalətli keçməsi barədə fikir ayrılığı yaranmışdı. Bu il də belə bir vəziyyət yarana bilərmi?
- Mənim belə bir fikir ayrılığından xəbərim yoxdur. Missiya vahid dildə danışır. Başqa qurumların - məsələn, AŞ PA müşahidə missiyaları ilə fikir ayrılıqları yarana bilər. Ancaq bu il çalışıb mövqelərimizi uzlaşdıracağıq. Nəzərə almaq lazımdır ki, seçkidən bir gün sonra yekun qiymətləndirmə ortaya qoymaq üçün çox tezdir. Çünki şikayətlərə baxılmayınca seçki prosesini bitmiş saymaq olmaz.
- Həm yerli media, həm də müxalifət nümayəndələri ATƏT-in müşahidə missiyasından daha sərt, tənqidi mövqe gözləyir.
- Biz obyektiv müşahidə aparmağa borcluyuq. Bu zaman ATƏT-in prinsiplərinə əməl etməliyik. Adətən bizim hesabatlardan heç kim razı qalmır. Müxalifət deyir, kifayət qədər tənqidi deyil, hakimiyyət deyir, çox sərtdir. Biz isə hesab edirik ki, obyektiv hesabatdır.
- Bəzi ekspertlərin fikrincə, seçkini müşahidə etməyə belə dəyməz, bu, bir komediyadır.
- Gözlənən hadisə barədə fikir yürütmək hərənin öz işidir. Bizim burda müşahidə missiyamız var. Fakt budur ki, Seçki Məcəlləsinə bu yay əlavə və dəyişikliklər olunub. Mərkəzi Seçki Komissiyası müsbət işlər görür. Polisə təlimlər keçilir. Beləliklə, ümumi seçki mühiti əvvəlkilərdən daha yaxşı ola bilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bura müşahidə missiyası göndərməyi tam düzgün qərardır.

Şərhləri göstər

XS
SM
MD
LG