Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:00

Prezident istəyir ki, başqa namizədlər daha çox görünsünlər


ATƏT-in seçkini müşahidə missiyasına Boris Frlets başçılıq edir, missiyaya 12 əsas üzv daxildir

ATƏT-in seçkini müşahidə missiyasına Boris Frlets başçılıq edir, missiyaya 12 əsas üzv daxildir

«Prezident İlham Əliyev deyir ki, seçki kampaniyasına şəxsən özü az qatılacaq, istəyir ki, başqa namizədlər daha çox görünsünlər. Prezidentin kampaniyasının çox yaxşı təşkil olunduğu görünür. O, parlamentin 50 üzvünü özünə vəkil təyin edib». ATƏT-in Azərbaycanda prezident seçkisini müşahidə missiyası yenicə açıqladığı hesabatında belə deyilir. Bu, missiyanın prezident seçkisiylə bağlı ilk hesabatıdır.
Hesabatda daha sonra bildirilir ki, «prezident İlham Əliyev ölkə ərazisindən portretlərinin yığışdırılması barədə göstəriş versə də, bəzi yerlərdə mərhum Heydər Əliyevin hazırkı dövlət başçısı ilə birgə şəkilləri qalır».

Seçki kampaniyası müxtəlif tərkibli siyasi mühitdə baş verir, ancaq əsas müxalifət partiyaları bu kampaniyada iştirak etmir. Elə müxalifətin özü də parçalanıb, parlamentdəki 125 yerdən ancaq səkkizi onlarındır. Bəzi müxalifət liderləri seçkini boykot etdiklərini bəyan ediblər, bəziləri isə seçkiyə getməsələr də, «boykot» sözünü işlətməyiblər. 2005-ci il parlament seçkisindən sonra əsas müxalifət partiyaları seçkidə kütləvi saxtakarlıq olduğunu iddia ediblər, onlar seçkinin nəticələrini tanımayıblar.

«Seçki Məcəlləsi»nə edilən son dəyişikliklər tam və düzgün yerinə yetirilsə, seçki prosesini irəli apara bilər, ancaq bəzi düzəlişlərin mənfi təsiri də ola bilər. Məsələn, seçicilərin barmaqlarının mürəkkəblənməsi və yerli icra nümayəndələrinə seçkiyə müdaxilənin qadağan olunması müsbət dəyişikliklərdir. Dövlət televiziyasının kampaniyadan çıxarılması, rəsmi kampaniya müddətinin azaldılması isə mənfi nəticələr verəcək düzəlişlər adlandırılır.

Seçki kampaniyasında sərbəst toplaşma azadlığı da narahatlıq yaradan məqamdır. İcra rəsmiləri mitinq keçirmək üçün konkret yerlərin siyahısını açıqlayıb. Ancaq mitinqlərin ancaq bu yerlərdə keçirilməsilə bağlı mübahisə var. Prezidentin İcra Aparatından Müşahidə Missiyasına deyiblər ki, mitinqlər yalnız həmin yerlərdə keçirilə bilər, ancaq belə fikirlər də var ki, mitinqləri başqa yerlərdə keçirmək olar və bununla ictimai asayiş pozulmaz. Üstəlik, müxalifət partiyaları bu yerlərin şəhər mərkəzindən uzaq, əlverişsiz olduğunu deyirlər.

Yerli rəsmilərin seçki prosesinə müdaxiləsinə gəlincə, Müşahidə Missiyası bildirir ki, ancaq bu müdaxilənin olub-olmayacağı hakimiyyətin xoş niyyətindən asılıdır.

Seçki komissiyalarının tərkibi ilə bağlı məsələ də mübahisəli qalır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Venesiya Komissiyasının tövsiyəsinə görə, komissiyalar elə təşkil olunmalıdır ki, siyasi partiyalar onlara inansın, komissiyalarda hökumətyönlü qüvvələr üstün olmasın. Bu tövsiyəyə əməl olunmayıb. Bütün komissiyaların tərkibi yarımçıqdır, çünki bəzi müxalifət partiyaları komissiyalara üzvlərini göndərməyiblər.

Azərbaycanda medianın vəziyyətindən narahatlıq var. Seçki Məcəlləsinə son dəyişikliyə görə, Dövlət Televiziyasında kampaniyaya icazə verilmir. Pulsuz efir vaxtını ancaq İctimai TV ayırır. Seçkini Müşahidə Missiyası artıq yeddi televiziya kanalı və dörd qəzetin monitorinqinə başlayıb.

Beynəlxalq qurumlar ölkə mediasında plüralizmin olmadığını, medianın müstəqilliyindən narahatlıqlarını bildiriblər. Ölkədə hələ də 3 jurnalist həbsdə qalır.
MSK isə seçki hazırlığını böyük fəallıqla həyata keçirib, seçicilər üçün informasiya kampaniyası başlayıb.

ATƏT-in seçkini müşahidə missiyasına Boris Frlets başçılıq edir, missiyaya 12 əsas üzv daxildir. Missiyada həmçinin 28 uzun-müddətli müşahidəçi də var. Həmin müşahidəçilər ölkədə 11 məntəqəyə paylanıb. Bundan başqa seçkini ATƏT-in 450 qısa-müddətli müşahidəçisi də izləyəcək.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Seçkiyə hazırkı prezident İlham Əliyevdən başqa altı namizəd də qatılıb.

Şərhləri göstər

XS
SM
MD
LG