Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:12

«Zimbabve belə Azərbaycana nümunə ola bilər»


Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Nurəddin Məmmədli

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Nurəddin Məmmədli

Seçkini boykot edən müxalifət partiyalarının koalisiyası yeni fəaliyyət proqramı hazırlayıb. Bu barədə «Azadlıq» radiosuna həmin koalisiyaya daxil olan Müsavat Partiyasının başqanı İsa Qəmbər məlumat verib. İ.Qəmbər deyir ki, onlar yaxın həftələrdə həm forum, həm də şəhərin mərkəzində kütləvi aksiyalar keçirmək niyyətindədirlər. Onlar bundan başqa, efir vaxtı almaq üçün İTV-yə də müraciət edəcəklər. İsa Qəmbərin sözlərinə görə, bu, onların demokratiya uğrunda mübarizələrinin tərkib hissəsidir:

«Məncə, bu, məqsədə uyğun addımlardır. Nəticəsini isə görərik. Biz öz gücümüzə arxayınıq».
Fəaliyyət proqramı tək seçkiyə qədərki yox, ondan sonrakı dövrü də əhatə edir. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Nurəddin Məmmədli koalisiyanın hədəflərini belə açıqlayır:
«Birincisi, hakimiyyətin demokratik seçki keçirmək perspektivinin olmadığını ortaya qoymaq. İkincisi, hakimiyyətin qeyri- legitimliyini həm yerli, həm də beynəlxalq ictimaiyyətə çatdırmaq. Üçüncüsü və ən başlıcası isə bu legitimsizliyə son qoymaq».
N.Məmmədli deyir ki, indi Zimbabve kimi geridə qalmış Afrika ölkəsi belə, Azərbaycana nümunə ola bilər. Onun sözlərinə görə, Azərbaycan iqtidarı Zimbabve hakimiyyəti kimi azacıq islahatlara getsə, böyük dəyişikliklər qaçılmaz olacaq.
Hakim komanda isə müxalifətin fəaliyyət proqramına reallıqdan uzaq bir məsələ kimi baxır. Prezidentliyə namizəd İlham Əliyevin vəkili Şahlar Əsgərov deyir ki, əgər müxalifətin gücü olsaydı, seçkilərə qatılıb öz sözünü deyərdi:
«Bunlar ictimai rəydə qalmaq istəyirlər. İndi gözləsinlər, görsünlər ki, camaat nə deyir».
«Praqma» İctimai-Siyasi Mərkəzinin rəhbəri Taleh Şahsuvarlı deyir ki, heç vaxt müxalifətin ciddi fəaliyyət proqramı olmayıb. Onlar sadəcə intuisiya ilə siyasi proseslərdə iştirak ediblər. T. Şahsuvarlıya görə, artıq bu seçkidə hakimiyyət dəyişikliyi mümkün deyil. Həm əsas alternativlər seçkiyə qatılmayıblar, həm də həmin alternativ qüvvələrlə narazı insanlar arasında ciddi kommunikasiya yoxdur. Bəs müxalifət real olaraq indilikdə nəyə ümid edə bilər?
Taleh Şahsuvarlı: «Müxalifətin belə bir imkanı var ki, 2009-2010-cu illərə daha vahid şəkildə və daha güclü gedə bilsin. Ancaq bu, həmin planın necə hazırlanmasından və onun rasional olub-olmamasından asılıdır».
T.Şahsuvarlı deyir ki, ölkədə demokratiyanın inkişafı baxımından bu prezident seçkisi itirilib. Ancaq onun sözlərinə görə, bu seçkidən necə çıxmaq müxalifətin gələcək taleyini də müəyyən edəcək.

Şərhləri göstər

XS
SM
MD
LG