Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:22

Neft şirkətləri niyə fərdi hesabatlar vermir?


Neft müqavilələrinin bağlanmasının 14 ili tamam olur

Neft müqavilələrinin bağlanmasının 14 ili tamam olur

Neft hasilatı, neft və qazdan gələn gəlirlər, mənfəət neftindən Azərbaycana çatan pay və s. məsələlərlə bağlı ictimai birliklərin məlumatları rəsmi rəqəmlərlə üst-üstə düşmür.

Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, neft hasil edən şirkətlər, o cümlədən Dövlət Neft Şirkəti və Statistika Komitəsinin rəsmi məlumatları arasında xeyli uyğunsuzluqlar olur. Ekspertin sözlərinə görə, ölkədə bir ildə 15 milyon ton neft hasil olunanda bütün mənbələrdən aldığı məlumatlar üst-üstə düşürdü, amma neft hasilatı çoxaldıqca fərqlər də artıb.

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev də rəqəmlərdəki uyğunsuzluğu şirkətlərin qeyri-şəffaflığı ilə əlaqələndirir:

«Amma bununla bağlı rəsmi qurumlar ətraflı məlumat vermirlər».

Ə.Nuriyevin sözlərinə görə, dəfələrlə bu məlumatları almaq üçün koalisiyanın etdiyi müraciətlərə Neft Fondundan başqa heç bir qurum cavab verməyib. Ekspert deyir ki, onlara lazım olan məlumat nə qədər neftin hasil edilməsi, onun hansı qiymətlərə satılması haqdadır. Yəni Neft Fonduna doğurdanmı indi gəldiyi qədər pul gəlməlidir, yoxsa bu vəsait daha çox olmalıdır?

Rəsmi qurumlar bu uyğunsuzluğun hasilatdakı qeyri-şəffaflıq kimi qiymətləndirilməsini təkzib edirlər. Elə İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü Sabit Bağırov da hesab edir ki, əksinə əvvəllər neft-qaz sənayesindəki qeyri-müəyyənliklər indi aradan qalxmaqdadır:

«Son illər bütün məlumatlar üst-üstə düşür. Ona görə də tərəqqi göz qabağındadır».

S.Bağırov deyir ki, əgər neftin bir bareli 100 dollar olaraq qalsa, gələn il Azərbaycanın gündəlik gəliri 70 milyon dollar olacaq. Bu baxımdan da ən ciddi məsələ həmin pulların hansı banklarda saxlanması və necə xərclənməsidir. İctimai birliklər isə daha çox bu məsələyə ciddi diqqət yetirməlidirlər:

«İndi elə bir mərhələyə gəlib çıxmışıq ki, bizi ilk növbədə neftdən gələn pulların hara və necə xərclənməsi narahat etməlidi».

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasında təmsil olunan ictimai birlikləri narahat edən digər bir məsələ şirkətlərin fərdi hesabatlar verməməsidir. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu hesab edir ki, ictimai birliklər fərdi hesabatlar versə, qeyri-şəffaflığın harada yarandığı üzə çıxar. Bundan başqa, rəsmi məlumatlarla ictimai birliklərin hesablamaları arasındakı uyğunsuzluğa da aydınlıq gələr:

«Neft müqavilələrinin bağlanmasının 14 ili tamam olur, amma indiyə qədər bu məsələlərlə bağlı bir dənə də olsun tədqiqat yoxdur. «Əsrin kontraktı» az qala bütləşdirilib. Heç kim bu müqavilənin Azərbaycanın strateji mövqe qazanmasındakı mövqeyini danmır. Amma bu müqavilədə iştirak edən şirkətlərin fəaliyyətindəki şəffaflıq, onların açıqladığı rəqəmlərin, məlumatların təhlili cəmiyyət üçün çox vacibdir».

Q.İbadoğlu deyir ki, ola bilsin ki, onlar hesablamalarda hansısa yanlışlığa yol veriblər. O, hesab edir ki, əgər belə olubsa da, bu yenə də neft hasilatı ilə əlaqədar məlumatların şirkətlər və rəsmi qurumlar tərəfindən tam açıqlanmamasıyla bağlıdır. Amma Qubad İbadoğlu bildirir ki, koalisiya üzvləri ümidlidirlər ki, onların indiyə qədər edilən müraciətlərinə həm şirkətlər, həm də rəsmi qurumlar yaxın vaxtlarda cavab verəcəklər. Bununla da qeyri- müəyyənliklərə aydınlıq gətiriləcək.

Şərhləri göstər

XS
SM
MD
LG