Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:13

Sürücü: «Damara baxıb qan alırlar»


Qanunu pozan sürücü maşınının hansı cərimə meydançasına aparıldığnı necə öyrənə bilər?
Qanunu pozan sürücü maşınının hansı cərimə meydançasına aparıldığnı necə öyrənə bilər?
Qadağan olunan yerlərdə dayanan maşınları cərimə meydançalarına aparırlar. Yəqin bu qaydanı yola çıxan bütün sürücülər bilir. Bakının hər rayonunda təxminən 3 cərimə meydançası var. Bəs qanunu pozan sürücü maşınının hansı cərimə meydançasına aparıldığnı necə öyrənə bilər? Qadağan olunan ərazidə dayanmaqla yol hərəkətini pozan sürücü nə qədər cərimə ödəməlidir? Suallarımıza cavab tapmaq üçün paytaxtın cərimə meydançalarından birinə yollandıq.
Cərimə meydançasında 60-a yaxın maşın vardı. Bir neçə sürücü isə maşınlarını götürmək üçün DYP əməkdaşlarını gözləyirdilər:
- Sizin maşını saxladığınız ərazidə qadağa nişanı var idi?
- Var idi. Bilmədim, saxladım, gəlib maşını apardılar.
- İndi bilirsiz ki, nə qədər cərimə verib maşını götürməlisiniz?
- 40 manat.
Başqa bir sürücüdən soruşuram:
- Heç sizin maşınınızı nə zamansa cərimə meydançasına aparıblar?
- Çox.
- Nə qədər cərimə ödəmisiniz? Rəsmi qiymətlərdən xəbəriniz var?
- Rəsmi qiymətləri bilmirəm, bir neçə gün qabaq maşınım evakuasiya olunmuşdu, məndən 79 manat aldılar.
- 80 manat da yox, 79 manat?
- Yəqin inandırıcı olması üçün belə rəqəmlər deyirlər.
- Bəs maşınınızın harada olduğunu necə öyrəndiz?
- Oradakı taksi şoferləri dedilər.
Digər bir sürücü də söhbətə qoşulur:
- Əslində maşını aparanda heç olmasa, kimsə dayanıb sürücüyə xəbərdarlıq etməlidir.
Cərimə meydançasında cərimələrin qiymətilə bağlı heç bir bildiriş görmədik. İşçilər bütün suallarımızı cavablandırmaqdan boyun qaçırdılar. Dedilər ki, biz çox kiçik adamlarıq. Bu arada cərimə meydançasına yedəyində «Jiquli» markalı maşını olan evakuator yaxınlaşdı:
- Hansı hallarda maşınları cərimə meydançasına gətirirsiniz?
- Qanuna əməl etmək gərəkdir.
- Sürücü hardan öyrənir ki, siz onun maşınını bura gətirmisiniz?
- Niyə bilmir, hamı bilir.
- Bəlkə oğurlayıblar. Xaricdə qadağa nişanlarının altında telefon nömrəsi var. Sürücü zəng edib soruşur ki, maşını hansı cərimə meydançasındadır. Bəs bizdə?
- Yerində yoxdursa, deməli, burdadı.
Cərimə meydançasına yeni maşın gətiriləndən 2-3 dəqiqə sonra buradakı sürücülərin saatlardan bəri gözlədikləri DYP əməkdaşları gəldilər. Polislər evakuatordakı maşınla bağlı bir neçə qeyd götürəndən sonra onlara yaxınlaşdıq:
- Siz yol polisisiniz. Maşını hansı ərazilərdə saxlamaq olmaz? Harada dayanan maşınları cərimə meydançasına gətirirsiniz? Cərimənin məbləği nə qədərdir?
- Bir dəqiqə, xanım.
Suallarımızı cavabsız qoyan DYP əməkdaşı maşına minib ərazidən uzaqlaşdı.
Paytaxt yollarındakı sürücülərlə söhbətimizdə isə bəlli oldu ki, cərimələrin məbləğini dəqiq bilməsələr də, qeyri-rəsmi ödənişlərdən xəbərləri var:
- Polislər özləri yığırlar cəriməni. Ürəkləri nə qədər istəyir.
- Təxminən nə qədər verməlidir sürücü?
- Maşına baxıb cərimə deyirlər. Damara baxıb qan alırlar.
- O gün mənim maşınımı burdan apardılar. Yol polisi dedi 50 manat ver. Məndə 50 manat nə gəzir? Danışığa getdik. 15 manata anlaşdıq. Çeksiz-filansız.
- Siz doğrudan da qadağan olunmuş yerdə saxlamışdız maşını?
- Biz taksi şoferləriyik. «Dayanmaq olmaz» nişanı hər iki tərəfdə var. Ancaq metro çıxışı olduğu üçün biz dayanırıq.
- Bizim deməyimizin xeyri yoxdur e…
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Vaqif Əsədov isə deyir ki, maşınları cərimə meydançalarına aparılan sürücülərin ödədiyi məbləğlər arasındakı fərq evakuasiya xərclərindəki fərqlərlə bağlıdır:
- Evakuasiya ilə bağlı bütün xərcləri sürücü çəkməlidir. Bu sırada evakuatorun işlətdiyi benzindən tutmuş maşının cərimə meydançasında saxlanma müddətinə qədər bir sıra şərtlər var. Fərq yalnız bununla bağlıdır. Bu şərtləri əhatə edən qiymət cədvəli var. Təbii ki, hər bir sürücü yalnız və yalnız törətdiyi qayda pozuntusunun qarşılığını ödəyir.
Vaqif Əsədovun sözlərinə görə, həm tıxacların aradan qaldırılması, həm də maşınların və onların sahiblərinin təhlükəsizliyinin təmin olunması üçün yaxın zamanlarda paytaxt yollarında yol nişanlarının sayı bir qədər də artırılacaq.
XS
SM
MD
LG