Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:54

«Hakimiyyət terrorçu islam mifi yaradır»


«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu
«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu
«Biz saqqal qırxılmasına etiraz edirik. Heç kimə bizim mənəviyyatımızı, şəxsiyyətimizi təhqir etməyə icazə verilməyib. Din azaddır. Buna son qoyulmalı və bizdən üzr istənilməlidir».
Bunu bir dindar deyir. Son vaxtlar dindar şəxslərdən tez-tez polis idarələrinə aparılıb saqqallarının qırxılması və onların alçaldıcı işlər görməyə məcbur edilmələri ilə bağlı şikayətlər gəlir. Polis belə şikayətləri təkzib edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində eyni adlı şöbəyə rəhbərlik edən Gündüz İsmayılov da deyir ki, onlara bununla bağlı rəsmi şikayət daxil olmayıb. Ancaq şikayət olarsa, onu araşdırmağa hazırdılar. G.İsmayılov belə halları pislədiklərini bildirir. Onun sözlərinə görə, problem bəzi dindarların saqqalında və ya ümumilikdə görünüşlərində yox, onların təfəkküründə ola bilər:

«Təfəkkür isə yalnız düzgün istiqamətdə aparılan təbliğat və maarifləndirmə nəticəsində dəyişə bilər».
«Əbu Bəkr» kimi tanınan məscidin imamı Qamət Süleyman isə deyir ki, onlar da tez-tez dindar insanların əsassız incidilməsi ilə bağlı məlumatlar alırlar. Q.Süleyman da dindar insanların saqqallarının məcburən qırxılmasını çıxış yolu hesab etmir:
«Bilirsiniz, bu, radikallığı artırır. O kəslər ki, radikaldır, belə hallardan istifadə edib öz tərəfdarlarını artırırlar».

«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, indi dindarlara qarşı səlib yürüşünün aparıldığı haqda fikirlər yanlışdır. Onun sözlərinə görə, Azərbaycanda necə müstəqil iş adamlarının, müxalif fikirlilərin, başqa cür düşünən jurnalistlərin haqları tapdalanır, dindarların da eləcə. Ancaq A.Rəşidoğlunun fikrincə, hakimiyyət xüsusi olaraq həm ölkə daxilinə, həm də beynəlxalq təşkilatlara mesaj vermək istəyir ki, Azərbaycanda dini radikalizm güclənir:

«Hakimiyyət anti-demokratik addımlarına bəraət qazandırmaq üçün dindarlardan bir xoxan obrazı yaradır. Qərbi və ölkə ictimaiyyətini bu xoxanla qorxutmaq üçün».
Azər Rəşidoğlunun sözlərinə görə, Ozbəkistanda baş verənləri təhlil etməklə indi Azərbaycanda gedən prosesləri anlamaq çox asandır. Onun fikrincə, Azərbaycan hakimiyyəti də demokratiya və dini qurumlarla münasibətdə eyni yolu tutub:
«İslam Kərimov öz siyasi rəqiblərini vurmaq üçün islamçı təşkilatlardan istifadə edirdi. Azərbaycan hakimiyyəti də rəqiblərini sıradan çıxarmaq üçün terrorçu islam mifi yaradır».
Ancaq A.Rəşidoğlu deyir ki, odla oynamağın bir xeyri ola bilməz. Üstəlik, hansı müsəlman ölkəsində demokratiya olmur, insanlar səfalət içində yaşayırlar, radikal islama yol açılır. Azər Rəşidoğlunun sözlərinə görə, belə bir vəziyyət Qərb təşkilatlarını da burada öz siyasətlərinə yenidən baxmaq məcburiyyətində qoyur. Çünki ölkədə demokratik qüvvələrin məhvinə göz yummaq çox ağır nəticələr verməkdədir.
XS
SM
MD
LG