Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:47

«Azərbaycanda fəxri adı daşımamaq daha şərəflidir»


Cavanşir Quliyev deyir ki, nə vaxtsa onsuz da Bakı Musiqi Akademiyasına Üzeyir Hacıbəyovun adı qaytarılacaq

Cavanşir Quliyev deyir ki, nə vaxtsa onsuz da Bakı Musiqi Akademiyasına Üzeyir Hacıbəyovun adı qaytarılacaq

«Nə qədər bu millət var, Üzeyir bəy də var». Professor Şirməmməd Hüseynov «Can Bakı»ya belə deyib. Milli Musiqi Gününə həsr edilən proqramda qonaq olan Şirməmməd müəllim bildirib ki, Üzeyir Hacıbəyovu təkcə bəstəkar kimi yox, həm də görkəmli publisist kimi xatırlamaq lazımdır. Çünki bir neçə gün öncə 90 illiyi qeyd olunan «Azərbaycan» qəzetinin yaradıcısı məhz odur.
Ş.Hüseynov hesab edir ki, sənətkarlar yalnız öz əməyinə görə xalqın yaddaşında qalmalıdırlar:
«İlk dəfə Sabirə xitabən xalq şairi ifadəsi işlənib. Çünki o, öz əməyinin mükafatını vicdanından alırdı. Kor kişinin oğlanları çoxdur, amma hər adamdan Koroğlu olmur. Adı vermək yox, qazanmaq lazımdır».
Verilişin digər qonağı bəstəkar Cavanşir Quliyev isə deyir ki, sovet dövründə fəxri adlar sənətkarı itaətdə saxlamağın üsullarından biri idi:
«Əgər bu ənənə indi də davam edirsə, deməli, Azərbaycanda həmin siyasət davam edir. Bəzən baxırsan ki, xalqın tanımadığı adamlar xalq artisti olur. Özü də xalqın tanıdığı hər adamdan xalq artisti olmamalıdır. Yalnız xalqın sevdiyi sənətçilər xalq artisti olmalıdır. Görünür, bizdə bu ada siyasi məna verilir. Ona görə də böyük səxavətlə paylanılır».
C.Quliyev hesab edir ki, hazırda Azərbaycanda fəxri adı daşımaq yox, daşımamaq daha şərəflidir:
«Bir azdan belələrinin adı qırmızı kitaba düşəcək».
Fəxri adlara komik münasibət bəslədiyini deyən bəstəkarın sözlərinə görə, sənətkarların fəxri adlara can atmasının bir səbəbi də odur ki, sonra onlar hökumətdən hədiyyə kimi ev ala bilirlər:
«Ona görə də Mədəniyyət və Turizm Nazirliyinin qapılarını sındıranlar çoxdur».
Cavanşir Quliyev onu da deyir ki, nə vaxtsa onsuz da Bakı Musiqi Akademiyasına Üzeyir Hacıbəyovun adı qaytarılacaq:
«Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır. Mən hökumət nümayəndələrinə deyirəm ki, yaxşısı budur bu işi onlar görsünlər».
XS
SM
MD
LG