Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:29

«E.Fətullayev Elmarın qətlini araşdırdığına görə həbs edilib»


JMK-nın hesabatında Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti «faciəvi» adlandırılıb

JMK-nın hesabatında Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti «faciəvi» adlandırılıb

ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) «Elmarın qatillərinin axtarışında» adlı xüsusi hesabatla çıxış edib. Sənəd «Realnıy Azerbaydjan» qəzetinin 8 il yarım müddətinə həbs edilmiş redaktoru Eynulla Fətullayevə həsr edilib. Məruzədə belə bir nəticəyə gəlinib ki, redaktorun həbsinin əsas səbəbi onun həmkarı Elmar Hüseynovun qətlini araşdırması olub.
Hesabatda Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti «faciəvi» adlandırılıb.
«JMK-nın araşdırmaları göstərib ki, Eynulla Fətullayev Elmar Hüseynovun bu günə qədər üstü açılmamış qətlinin işıqlandırılmasına cavab olaraq həbs edilib. Ölkənin aparıcı müstəqil jurnalistlərindən biri olan Hüseynov İlham Əliyevin prezident administrasiyasının kəskin tənqidçisi idi», - deyə sənəddə vurğulanıb.
E.Fətullayev bir neçə ittiham üzrə 8,6 illik həbs cəzasına məhkum olunub. JMK bu ittihamları saxta hesab edir. Təşkilat hesab edir ki, jurnalistə qarşı irəli sürülmüş ittihamlardan daha ciddi olanı - terrorçuluq - ABŞ-ın regiondakı hərbi əməliyyatlarının nəticələrinin təhlil olunduğu qəzet məqaləsinə əsaslanır.
JMK bildirir ki, Fətullayev həbsdə olan yeganə jurnalist deyil. Sənəddə Azərbaycanın Avropa və Orta Asiyada jurnalistlərin həbsinə görə aparıcı ölkələrdən birinə çevrildiyi qeyd olunur:
«Repressiyaların ən qızğın vaxtında ən azı 10 müxalifətyönlü jurnalist və redaktor böhtan, narkotik saxlamaq, xuliqanlıq və terrorçuluq kimi saxta ittihamlarla həbsə salınıb».
JMK-nın məlumatlarına əsasən, son 3 ildə ən azı 8 jurnalist oğurlanıb, döyülüb və ya bıçaq yarası alıb. Basqın faktlarının heç biri araşdırılmayıb. «İndi, E.Fətullayev həbsdə olduğu, digər jurnalistlər isə təqiblərə məruz qaldığı bir vaxtda, mətbuat praktiki olaraq Elmar Hüseynovun qətlinin araşdırılması ilə məşğul olmur», - deyə hesabatda bildirilir.
Təşkilat qeyd edir ki, E.Hüseynovun qətli ilə bağlı rəsmi araşdırmalar nəticə verməyib və qətlin üstü açılmayıb. / Turan /

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG