Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:46

Pullar bata bilər


Beynəlxalq maliyyə bazarlarındakı böhran Bakının da narahat olması üçün kifayət qədər ciddi səbəbdir
Beynəlxalq maliyyə bazarlarındakı böhran Bakının da narahat olması üçün kifayət qədər ciddi səbəbdir
Ötən həftə sonunda Amerikada maliyyə sisteminin mərkəzi sayılan Wall Street-də yaranan çaxnaşmanın əks-sədası dünya səhm bazarlarında bu gün də hiss edilib. Səhmlər London, Paris və Almaniya bazarlarında 3 faizə yaxın aşağı düşüb. İqtisadçılar narahatdılar ki, ABŞ-da baş verən bu çaxnaşma domino effekti verərək dünya maliyyə bazarlarının nizamını poza bilər.

Əslində, Amerikada indi baş verənlər bu ölkədə son ilyarıma yaxın müddətdə davam edən kredit böhranının davamı hesab olunur. Daşınmaz əmlak bazarının nəhənglərindən olan «Lehman Brothers» firması 60 milyard dollar pul itirərək müflis olub. Ötən şənbə mümkün alıcıların hamısı bu firmanı almağa yaxın durmayıblar. 158 il yaşı olan bu firmanın müflis olması Birləşmiş Ştatların sığorta bazarlarına da təsir edib. ABŞ-ın sığorta bazarının nəhəngi olan «Amerikan İnternational Group» elan edib ki, öz biznesini inkişaf etdirmək üçün xarici tərəfdaşlar axtarır.

Bu ilin əvvəlində ABŞ hökuməti ev bazarında kredit böhranından ziyan çəkən bəzi iri qurumlara yardım etmişdi. İndisə hökumət kdredit böhranında olan firmalara elan edib ki, müəyyən miqdarda kreditlər verə bilər, amma onlar özləri öz başlarına çarə qılmağın yolunu tapmalıdırlar.

İndi iqtisadçılar narahatdırlar ki, bu cür böhranlı vəziyyət dünyanın maliyyə tarazlığını poza bilər.

Amerika Milli Bankının keçmiş rəhbəri Alan Greenspan ABC telekanalına verdiyi müsahibəsində maliyyə bazarlarındakı indiki silkələnmələri son bir əsrin ən böyük təlatümü adlandırıb:

«Mən inanmıram ki, son bir əsrdə dünya iqtisadiyyatına təsir edə bilən bu cür bir böhran olsun. Nə baş verməli idisə, o da olub. Bu böhranın müsbət təsirləri də var. Neftin, ərzağın qiymətləri, inflyasiya aşağı düşür. Ola bilər qısa bir müddətdə bu, bizdə sabitlik yaratsın. Amma indiki vəziyyətdə mən öz pulumu səhmlərə qoymazdım».

Alan Greenspan hesab edir ki, Amerikada kredit böhranı həll edilməyincə, ev bazarında qiymətlər sabitləşməyincə, bu vəziyyətin dünya maliyyə bazarlarına təsiri davam edəcək.

Azərbaycanda da iqtisadçılar hesab edirlər ki, beynəlxalq maliyyə bazarlarındakı böhran Bakının da narahat olması üçün kifayət qədər ciddi səbəbdir. İctimai Maliyyənin Monitorinqi Mərkəzinin direktoru İnqilab Əhmədov bildirir ki, Azərbaycanın bank və maliyyə sektoru beynəlxalq maliyyə strukturlarına o qədər sıx birləşməyib. Bu baxımdan həmin böhranın o qədər də təsirli olmadığını düşünmək olardı. Amma Azərbaycanın Neft Fondunun, ölkənin maliyyə ehtiyyatlarının əsas hissəsi beynəlxalq maliyyə bazarlarındadır. Böhran həmin pullara da təhlükədir:

«Azərbaycanın Dövlət Neft Fondunun və Milli Bankın Ehtiyat Fondunun pullarının əhəmiyyətli hissəsi beynəlxalq maliyyə bazarlarında işləyən qurumlarla idarə edilir. Əgər bu bazarda böhran varsa, adını çəkdiyim hər iki dövlət qurumu üçün də narahatçılıq üçün əsas var».

Azərbaycan Dövlət Neft Fondunda isə narahatlığa o qədər də əsas olmadığını deyirlər. Fondun icraçı direktoru Şahmar Mövsümov «Azadlıq» radiosuna deyir ki, qurumun vəsaitləri tam qorunur və etibarlı sayılan qiymətli kağızlarda saxlanılır.

Fondun məlumatına görə, hazırda onun aktivlərinin miqdarı 10 milyard dollardan yuxarıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG