Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:33

Təbliğat hansı pulla aparılacaq?


Hüquqşünas bildirir ki, hakimiyyətin namizədilə müqayisədə qalan namizədlər maliyyə baxımından xeyli zəifdir
Hüquqşünas bildirir ki, hakimiyyətin namizədilə müqayisədə qalan namizədlər maliyyə baxımından xeyli zəifdir
Namizədlərin təbliğat-təşviqata nə qədər vəsait xərcləyəcəyi hələ ki açıqlanmır. Bu barədə nə namizədlər, nə də onların vəkilləri konkret rəqəm söyləyirlər.
Misal üçün prezidentliyə yenidən iddialı olan indiki dövlət başçısı İlham Əliyevin vəkili Rəşad Məcid müdafiə etdiyi namizədin təbliğat-təşviqatına nə qədər vəsait xərclənəcəyindən və bu vəsaitlərin haradan götürüləcəyindən məlumatsızdı. O, ancaq güman edir ki, bu rəqəm yaxın günlərdə açıqlansın.
Prezidentliyə digər namizəd İqbal Ağazadə də təbliğat üçün maliyyənin hardan əldə edəcəyi barədə konkret bir şey söyləmir:

«Vallah pul nə qədər çox olsa, o qədər çox xərcləyəcəyik, amma imkan daxilində. Hesab etmirəm ki, seçki kompaniyasını aparmağa vəsaitimiz olmayacaq. Kifayət qədər partiyadaşlarımız, tərəfdarlarımız, bizə kənardan dəstək verən insanlarımız var və bu prosesi aparırıq. Nə qədər xərclənəcək mütəmadi MSK və ictimaiyyətə məlumat verəcəyik».

Bəs, kənardan edilən və ya partiya tərəfdarlarının yardımlarına güvənən namizəd əlində dövlət resursları olan namizədlə mübarizəyə tab gətirə biləcəkmi? İqbal Ağazadə burda problem görmür: «İndiki prezidentin imkanları inzibati baxımdan bizdən qat-qat çoxdur, amma bizim üçün narazı elektorat var və bu baxımdan bizim imkanlarımız daha genişdir. Biz bir az hərəkət etsək imkanlarımız daha geniş olacaq. Buna görə də biz seçici səsilə işləmək mexanizmini hərəkətə gətirmək üçün maliyyə tapmalıyıq. Bununla da bağlı müəyyən irəliləyişimiz var».

Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin müdiri İradə Haşımova deyir ki, əslində bu məlumatlar ictimaiyyət üçün açıq olmalıdır. Seçki Məcəlləsində aydın göstərilir ki, namizədlərin seçki fondlarına yığılan pullar və onların xərclənməsilə bağlı mətbuatda məlumatlar dərc olunmalıdır. Hətta namizədin seçki fonduna 250 manatdan artıq ianə köçürənlərin, bundan başqa ianələrin qaytarıldığı adamların siyahısı da dərc olunmalıdır. Bu baxımdan da İradə Haşımova deyir ki, seçki fondları vəsaitlərinin istifadəsində aşkarlıq məsələsi Seçki Məcəlləsində elə-belə qeyd olunmayıb.

Hüquqşünas Ələsgər Məmmədli hakimiyyətin namizədilə müqayisədə yerdə qalan namizədlərin maliyyə baxımından xeyli zəif olduğunu deyir. Seçkidə pulun ciddi rol oynadığını deyən hüquqşünasa görə, bu gün hazırkı prezidentdən başqa qalan 6 namizədin heç biri bir dəqiqəlik çıxış üçün 6 min manat vermək imkanında deyil: «Təbii ki, bu çox ciddi rəqəmdir, 10 dəqiqə danışmaq istəyən namizəd 60 min manat pul ödəməlidir, 100 dəqiqə üçünsə 600 min manat…»

Ələsgər Məmmədliyə görə, faktiki olaraq indiyə qədər reklam üçün efir vaxtının bir dəqiqəsini 14-15 dollara satan televiziyaların birdən-birə reklam dəqiqəsini 6 min manata qaldırması yüksək bir məbləğdir. Digər tərəfdən hakimiyyət namizədinin dövlət resurslarından istifadə edərək səfərlərə getməsi, öz mühafizəsini qurması və s. məsələlər o biri namizədlər üçün əlavə pul deməkdi. Bütün bu sadalananların hamısına pul çatdırmaq isə çətin məsələdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG