Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:27

«Peyğəmbərin də saqqalı uzun olub»


Avqustun 17-si baş verən partlayışdan sonra «Əbu Bəkr» məscidindən daha azan səsi gəlmir
Avqustun 17-si baş verən partlayışdan sonra «Əbu Bəkr» məscidindən daha azan səsi gəlmir
Avqustun 17-si baş verən partlayışdan sonra «Əbu Bəkr» məscidindən daha azan səsi gəlmir. Ancaq bütün bu məsələlər cəmiyyətdə vəhhabilər haqda söz-söhbətlərin yenidən dərinləşməsinə səbəb olub. Cəmiyyətdə belə bir fikir hökm sürür ki, həmin məsciddə əsasən vəhhabilər ibadət edir. Ancaq mətbuat səhifələrində məscidi partladan insanların da vəhhabi kimi təqdim edilməsi əlavə çaşqınlıq yaradır. Hər halda ekspertlərin fikirlərinə görə, bu mövzuda yazan jurnalistlərin belə, bəzən ölkədəki dini təriqət və cərəyanlar haqda kifayət qədər məlumatı olmur. Üstəlik, ekspert rəylərinə görə, ölkədə getdikcə dini şərait mürəkkəb şəkil alır. Bir tərəfdən, insanların dinə marağı artıb, başqa tərəfdən də bəzi dindar şəxslər həbs edilir, saqqalları qırxılır, onların ibadət etdiyi məscid qapadılır. Biz əvvəlcə bu mürəkkəb şəraitə keçməzdən əvvəl «vəhhabilər kimlərdir» sualına cavab verməyə çalışaq.
Dini ekspert Rəsul Mirhəşimli deyir ki, vəhhabi adı həmin cərəyana kənardan verilib. Əslində onlar özlərini sələfi - yəni sünni təriqətinə mənsub sayırlar. Bu cərəyanın yaradıcısı isə Məhəmməd ibn Əbdül Vəhhabdır. Elə vəhhabi sözü də onun adından götürülüb:
«Məhəmməd ibn Əbdül Vəhhab 1703-cü ildə Ərəbistanda Üyəyna qəsəbəsində doğulub. Onun atası Əbdül Vəhhab ibn Süleyman dövrünün tanınmış din xadimlərindən olub. Tarixi mənbələrə görə, Məhəmməd ibn Əbdül Vəhhabın özü də artıq 8 yaşında «Qurani-Kərim»i əzbərdən söyləyirmiş. Buna görə də ona «Qurani-Hafiz» adı verilib».
R.Mirhəşimli deyir ki, vəhhabilər sünni təriqətində hənbəlliyi qəbul edirdilər. Həmin vaxt Ərəbistanı nəzarətdə saxlayan Osmanlı İmperiyası isə hənəfiliyə xidmət edirdi. Sünni təriqətində hənbəllikdən, hənəfilikdən başqa, maliki və şafili cərəyanları da var. Mirhəşimlinin sözlərinə görə, vəhhabiliyin yaranmasının həm siyasi, həm də ideoloji əsasları var:
«Bunun yaranmasının siyasi səbəblərinin birinin kökündə xarici ölkələrin Osmanlı İmperiyasına qarşı çıxması dururdu. Çünki həmin vaxt Osmanlı sultanı Yavuz Süleyman Məkkəni imperiyanın ərazisinə qatıb, özünü xəlifə elan etmişdi».
Rəsul Mirhəşimliyə görə, vəhhabiliyin yayılmasının siyasi səbəblərindən biri isə ərəb millətçiliyi idi. Onun fikrincə, vəhhabilər hənbəlliyi yox, hənəfiliyi qəbul etsəydilər, Ərəbistanı tutmuş türklərə qarşı əks təbliğatlarını qura bilməyəcəkdilər. Hənəfilikdən fərqli olaraq hənbəllilikdə pirləri ziyarət etmək biət - yəni islamdan kənar bir hal hesab edilir. Yəni onlar hesab edirlər ki, bu, Allaha şərik qoşmaqdır.
İlahiyyatçı alim Elnurə Əzizova isə deyir ki, əgər Məhəmməd ibn Əbdül Vəhhab 1744-cü ildə Məhəmməd ibn Səidlə birləşməsəydi, nə bu cərəyan çoxsaylı tərəfdar qazana, nə də Ərəbistanda hakimiyyətə gələ bilərdi. E.Əzizova deyir ki, vəhhabilərin ideoloji baxışları da Məhəmməd ibn Əbdül Vəhhabın «Kitabi-Töfit» əsərində öz əksini tapıb:
«Süfilərdə şeyx, şiələrdə 12 imam anlayışı var. Vəhhabilərə görə isə Allahla insanın arasında heç kim dura bilməz».

Elnurə Əzizova Türkiyə və İrandan fərqli olaraq keçmiş sovetlər məkanında vəhhabiliyin geniş yayılmasını təbii sayır. Onun sözlərinə görə, Türkiyədə və İranda islamın tarixi köklərə sahib olması vəhhabiliyin qarşısını alır. Ancaq Rəsul Mirhəşimli deyir ki, Azərbaycanda vəhhabilik həm də ona görə geniş yayılmaqdadır ki, onlar bərabərliyi təbliğ edir və haqsızlığa qarşı çıxırlar. Ancaq onun sözlərinə görə, bu bərabərlik anlayışı ilə kral Abdullanın Səudiyyə Ərəbistanındakı malı-mülkü bir araya sığmır. Ekspert təkcə onu yada salır ki, kralın Məkkədəki evi Kəbədən də hündürdür.
Azərbaycanda vəhhabi kimi tanınan insanlar isə daha çox özlərinin uzun saqqallı və qısa şalvarları ilə diqqət çəkirlər. İndi onlar ibadətlərini başqa məscidlərdə edirlər.

«Əbu Bəkr» kimi tanınan məscidin imamı Qamət Süleyman isə deyir ki, insanları saqqalarının uzunluğuna görə, vəhhabi adlandırmaq düzgün deyil:
«Peyğəmbərin də saqqalı uzun olub. Belə çıxır ki, o da vəhhabidir? Bu, səhv yanaşmadır».
«Əbu Bəkr» kimi tanınan məsciddə vaxtı ilə mütəmadi ibadət edən bir dindar da deyir ki, saqqalarını uzatmaq peyğəmbərin buyruğu ilə bağlıdır. Şalvarın ətəyinin qısa olması isə onu bulaşdırmaqdan qoruyur. Həmin dindarın sözlərinə görə, tez-tez onların polis idarələrinə aparılaraq saqqallarının qırxılması və üzləşdikləri başqa təzyiqlər haqsızlıqla barışmamalarından irəli gəlir:
«İndi qəbiristanlıqda torpaqlar baha qiymətə satılır. Niyə belə olmalıdır? İnsan öləndə də faciəsi haqqında düşünür. Ancaq ölkə başçısı, padşah ölkəni ədalətlə idarə etməlidir, belə hallara yol verməməlidir».
Həmin dindarın sözlərinə görə, indi Azərbaycanda çoxları nəfsini dünya malına qurban ediblər. Onlar isə Allaha, onun peyğəmbərinin buyruqlarına xidmət edirlər.
XS
SM
MD
LG