Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:44

Mais Güləliyev MSK-nı ittiham edir


Yaşıllar Partiyasının sədri Mais Güləliyev -şəkildə ortada
Yaşıllar Partiyasının sədri Mais Güləliyev -şəkildə ortada
«Mərkəzi Seçki Komissiyası müstəqil deyil, icra orqanlarından, Prezident Aparatından tam asılıdır. Oradan hansı sifariş verilir, ona uyğun da qərar çıxarılır. Bizim məsələdə də belə oldu».

Bunu namizədliyi qeydiyyata alınmayan Yaşıllar Partiyasının sədri Mais Güləliyev deyir. Güləliyev Mərkəzi Seçki Komissiyasına (MSK) 45 minə yaxın imza təqdim etsə də, onun 9 minə yaxını etibarsız sayılıb. Bunu hakimiyyətin sifarişi sayan Yaşıllar Partiyasının sədri deyir ki, protokolda konkret hansı imzaların etibarsız sayıldığı qeyd edilməyib. Yalnız göstərilib ki, imzalardan 300-ə qədəri 18 yaşı tamam olmayan şəxslərə məxsusdur. 45 minə yaxın imzadan cəmi 25-nin hələ 18 yaşı tamam olmayan şəxslərə məxsus olması ilə razılaşan Mais Güləliyev deyir ki, o, hakimiyyət üçün münasib sima olmadığından MSK namizədliyini qeydiyyata almaqdan imtina edib:
«Hiss olundu ki, hakimiyyət hər hansı ciddi rəqiblə seçkiyə getmək niyyətində deyil. Biz istər neft pullarından səmərəsiz istifadə, istərsə də digər məsələlərlə bağlı öz mövqeyimizi ortalığa qoyacaqdıq. Onda hakimiyyətin siyasəti darmadağın olacaqdı».
Mais Güləliyev deyir ki, indi müxalifətin seçki komissiyalarına etibar etməyib, boykot qərarı vermələrini başa düşür. Ancaq onun deməsinə görə, seçkilərə qatılmaqdan peşiman deyil. Ölkədə demokratiyanın inkişafına öz töhfəsini verməyə çalışıb.
MSK-nın Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev isə deyir ki, əgər protokol Mais Güləliyevə təqdim edilərkən o ətraflı izahat istəsəydi, bu, ona çatdırılardı:
«Bu, köhnə mahnılardır. Kim uduzur, kim lazımı imzalar toplamır, ortalığa belə bəhanələr atır. Mərkəzi Seçki Komissiyası heç kəsdən asılı deyil və sifarişlər yerinə yetirmir».
MSK indilikdə yalnız beş nəfərin namizədliyini qeydiyyata alıb. Bunlar indiki prezident İlham Əliyevdən başqa, «Ümid» Partiyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir. Onların hansı resurslara söykənib hakimiyyətin namizədi ilə rəqabətə girəcəkləri çoxlarına şübhəli görünür.
Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu deyir ki, o, dövlətin və dostlarının ayıracağı vəsaitə arxalanır:
«Biz ictimaiyyətlə televiziya və qəzetlər vasitəsi ilə təmaslar qurmaq niyyətindəyik. Bizim hər rayonda mitinqlər, konsertlər keçirmək fikrimiz yoxdur. Ona görə də bu vəsait bizə çatacaq».
Ötən təcrübədə hər bir namizədə təşviqat üçün dövlət təqribən 12 min manat vəsait ayırırdı. Bu dəfə isə həmin vəsaitin məbləği ilə bağlı dəqiq qərar verilməyib.
Seçki mütəxəssisi Məhərrəm Zülfüqarlı deyir ki, Yaşıllar Partiyasının sədri Mais Güləliyev prezident İlham Əliyevi çıxmaqla öz elektoratına görə, heç bir digər namizədlərdən geri qalmırdı. Əksinə, onun deməsinə görə, Güləliyev və onun tərəfdarları yerlərdə əhali ilə daha sıx və səmərəli əməkdaşlıq qurmuşdu. Ona görə də Zülfüqarlı Güləliyevin namizədliyinin qeydə alınmamasının səbəblərini başa düşmür.
Məhərrəm Zülfüqarlı təəssüflə qeyd edir ki, Azərbaycanda istər müstəqil məhkəmələr, istərsə də güclü ictimai nəzarət olmadığından bu məsələlərin obyektiv araşdırılacağına inanmır.
XS
SM
MD
LG