Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:30

«İran insan haqlarına sayğıyla yanaşmır»


«Həbs edilənlərin içərisində tanınmış siyasi məhbus Abbas Lisaninin həyat yoldaşı Ruqəyya xanım və üç övladı da var»

«Həbs edilənlərin içərisində tanınmış siyasi məhbus Abbas Lisaninin həyat yoldaşı Ruqəyya xanım və üç övladı da var»

Sentyabrın 10-da Tehranda İran azərbaycanlılarından birinin evində iftar süfrəsinə toplaşan 20 nəfər ETTELAAT-ın həbsxanasına aparılıb. Xəbəri «Azadlıq» radiosuna İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Assosiasiyasının sözçüsü Vahid Qarabağlı verib. Onun sözlərinə görə, həbs edilənlər İran Azərbaycanında tanınan simalar – yazarlar, jurnalistlər və mühəndislərdir.
Vahid Qarabağlı: «Həbs edilənlərin içərisində tanınmış siyasi məhbus Abbas Lisaninin həyat yoldaşı Ruqəyya xanım və üç övladı da var. İran dövləti dildə müsəlman ölkəsi olduğunu, islamı təbliğ etdiyini deyir, ancaq iftar süfrəsinə toplaşan insanları heç bir səbəb olmadan həbsxanalara aparır. Heç onlara oruclarını açmağa da imkan verilmir».
V.Qarabağlının fikrincə, heç bir günahı olmayan insanların, xüsusən qadınların, uşaqların həbsxanaya salınması, onların ailələrilə əlaqə yaratmalarına imkan verilməməsi həm beynəlxalq, həm də İran dövlətinin qanunlarının kobud şəkildə pozulmasıdır.
Həbs edilənlərdən bir neçəsinin ailələrilə əlaqə yarada bilsək də, onlar təzyiqlərdən qorxduqları üçün açıq müsahibə verə bilməyəcəklərini dedilər. Yaxınlarının həbs edilməsi xəbərini isə iftar mərasiminə qatılan, ancaq ETTELAAT-ın gözlənilməz hücumu zamanı evdən çıxmağı bacaran bir şəxsdən aldıqlarını bildirdilər. Qohumlarının harada, hansı şəraitdə saxlanması, onlara hansı ittihamın irəli sürülməsindən isə xəbər tuta bilməyiblər.
Həbs edilənlərdən yalnız birinin ailə üzvü adının çəkilməməsi şərtilə «Azadlıq» radiosuna müsahibə verib. Müsahibim xarici dövlətlərdən birində təhsil alır. Dediyinə görə, bu, atasının birinci həbsi deyil. Beynəlxalq birliyin İrana təsir imkanlarının olmaması isə onun fikrincə, Tehrana insan haqlarını istədiyi kimi pozmağa imkan verir:
«İki il əvvəl də atamı tutmuşdular. Mən təzyiqlərlə üzləşəcəyimdən ehtiyatlanıb İrana gedə bilmədim. Qardaşım işdən ayrılmaq zorunda qaldı. Hər anlamda bizim ailəyə basqı göstərildi. O zaman Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdik. Ordan bildirdilər ki, İran Avropa İnsan Haqları Konvensiyasının yurisdiksiyasında olmadığından bizim müraciətimizə baxa bilməyəcəklər. Ona görə də İran heç zaman insan haqlarına sayğıyla yanaşmır».
Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Assosiasiyasının sözçüsü Vahid Qarabağlının sözlərinə görə, İran Azərbaycanında həbs edilən tələbələrdən 8-i hələ də azadlığa buraxılmayıb. Bəzilərinin həbsindən 2 aydan çox vaxt keçməsinə baxmayaraq heç birinə ittiham elan edilməyib. V.Qarabağlı deyir ki, onların tək günahı hökumətin İran Konstitusiyasının 15-ci maddəsinə əməl etməsini istəmələridir. Bu maddə hər bir vətəndaşa öz dilində təhsil almaqla yanaşı, başqa mədəni haqlar da verir:
«Həbs edilənlərin ailələri rəsmi qurumlara müraciət edəndə onlara yalnız bir söz deyilir - sizin övladlarınız bizimlə işbirliyi qurmur, ona görə onları cəzalandırırıq. Onlar ETTELAAT-ın həbsxanalarında təkadamlıq kameralarda saxlanır».
Bu arada həbsdə saxlanan 8 tələbənin ailələri İran Ali Məhkəməsinin rəhbərinə müraciət ünvanlayıb. Sənəddə tutulanların hüquqlarına sayğı ilə yanaşılması tələb edilir. Belçikada yaşayan bir qrup azərbaycanlı da Avropa Parlamentinin qarşısında İranda insan haqlarının kobud şəkildə pozulmasına, rəsmi Tehranın İran Azərbaycanında apardığı repressiv tədbirlərə etirazlarını bildiriblər.

Şərhləri göstər

XS
SM
MD
LG