Azərbaycandakı iqtisadçılar dövlət büdcəsindən investisiya xərclərinə ayrılan 1 milyard 500 milyon manatın 450 milyonunu heç cür tapa bilmirlər. İqtisadçılara görə, həmin 450 milyon manat hara xərclənib məlum deyil, bu heç bir sənəddə göstərilməyib.
Milli Büdcə Qrupuna daxil olan iqtisadçılar Nazirlər Kabinetinə, Maliyyə və İqtisadi İnkişaf Nazirliklərinə müraciət edərək bu qədər vəsaitin aqibətini aydınlaşdırmaq istəyirlər. Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl deyir ki, indiyədək bu məsələnin tam araşdırılması mümkün olmayıb. Çünki Nazirlər Kabinetinin büdcə ilə bağlı sərəncamını əldə edə bilməyiblər.
Milli Büdcə Qrupuna daxil olan iqtisadçılar Nazirlər Kabinetinə, Maliyyə və İqtisadi İnkişaf Nazirliklərinə müraciət edərək bu qədər vəsaitin aqibətini aydınlaşdırmaq istəyirlər. Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl deyir ki, indiyədək bu məsələnin tam araşdırılması mümkün olmayıb. Çünki Nazirlər Kabinetinin büdcə ilə bağlı sərəncamını əldə edə bilməyiblər.
Amma çətinliklə də olsa investisiya xərclərilə bağlı Nazirlər Kabinetinin sərəncamını əldə ediblər. Zöhrab İsmayıl deyir ki, bu sərəncamda dövlət büdcəsindən investisiya layihələrinə ayrılan vəsait, təşkilatlara bölünmüş pullar və həmin təşkilatların icra etdiyi layihələrə nə qədər vəsait ayırmasıyla bağlı siyahı olsa da, 450 milyon manatın hara xərcləndiyi aydın olmur:
«450 milyon manat isə hara xərclənəcək bu barədə sənədlərdə hər hansı məlumat yoxdu. Elə builki layihələr üzrə məbləğlərdi və bu məbləğləri toplayanda ümumi hesab alınmır».
Bəs yarım milyard manatla bağlı məlumat niyə sənədlərdə yoxdu? Zöhrab İsmayılın bununla bağlı bir sıra ehtimalları var: «Bunu demək çox çətindir. Ola bilsin ki, məbləğ ayrılıb, amma istiqamət tapılmayıb ki, bu vəsaiti hara xərcləyək».
Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn artıq Milli Büdcə qrupunun üzə çıxardığı bu məlumatla bağlı parlamentə və hökumətə deputat sorğusu hazırlayır. Pənah Hüseyn hesab edir ki, yarım milyard manat az məbləğ deyil və hökumət bu məsələyə aydınlıq gətirməlidir. Amma bunla yanaşı millət vəkili düşünür ki, burda müəyyən texniki səbəb ola bilər:
«Bunu mən iddia etmirəm, çünki bir qayda olaraq investisiya xərcləri Nazirlər Kabinetində təsdiq olunarkən iki cədvəl olur, onların biri məxfi olur, digərisə məxfi olmayan obyektlərə yönəldilmiş olur. Bu dəfə həqiqətən də deputatlara paylanmış nüsxədə və qərar layihəsində məxfi siyahının olması haqqında hər hansı bir müddəa yoxdu».
Amma buna baxmayaraq Pənah Hüseyn hesab edir ki, çox güman ki, onun sorğusuna da elə düşündüyü kimi də cavab veriləcək.
Amma hansı cavabın verilməsindən asılı olmayaraq millət vəkili deyir ki, indiyə qədər həyata keçirilən layihələrlə bağlı jurnalistlərə məlumat verilmirsə bu artıq o deməkdir ki, burda hansısa korrupsiya halları var.
Ancaq hökumətdə hesab edirlər ki, heç cür ola bilməz ki, dövlət büdcəsindən investisiya xərclərinə ayrılan vəsaitlər gizlədilsin. Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli deyir ki, ola bilsin ki, iqtisadçılar nəyisə səhv salıblar: «Mən işin içərisində deyiləm, amma iqtisadçılar müraciət etsə müvafiq şöbələr onların suallarını cavablandıracaq. Mən inanmıram ki, burda hansısa qapalı bir məlumat olsun».
Qaldı ki, bu məlumatların hansısa məxfi sənəd hesab edilməsi barədə səslənən fikirlərə Akif Əli deyir ki, onda hər hansı məlumat yoxdu.
İqtisadçıların layihələrlə bağlı razılaşmadığı bir məqam da layihələrə ayrılan vəsaitlərin həddindən artıq şişirdilməsilə bağlıdır. Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl deyir ki, bir-iki il əvvəl 100 min manat ayrılan layihələrə inflyasiya əsas gətirilərək 1 milyon, 10 milyonluq layihələrsə 100 milyon manat pul ayrılır. Bundan başqa iqtisadçılar hesab edir ki, xeyli yarımçıq qalan iri layihələrin olmasına baxmayaraq yeni iri layihələr başlanılır. Şişirdilmiş layihələrdən bir müddət əvvəl prezidentin də danışdığını deyən ekspertlərə görə, ciddi bir əsaslandırılma olmadan həyata keçirilən layihələrə təkrar-təkrar əlavə vəsaitlərin ayrılmasına da hökumət aydınlıq gətirməlidir.