Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:39

Gül Azərbaycanın könlünü almağa gəlir


«Gül Yerevan səfərinin Azərbaycanda bir qədər məyusluqla qarşılandığını bilir»
«Gül Yerevan səfərinin Azərbaycanda bir qədər məyusluqla qarşılandığını bilir»
Abdulla Gülün Yerevan səfərindən sonra bəzi ekspertlər Ermənistanın regional neft-qaz layihələrinə cəlb edilməklə Rusiyanın təsir dairəsindən bir qədər çıxarılması məsələsinin gündəmə gəldiyini bildirirlər. Hətta Gülün İlham Əliyevlə sentyabrın 10-da görüşündə bu məsələnin də müzakirə ediləcəyi bildirilir. «Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov isə deyir ki, bu, artıq keçmişdə qalan məsələdir.
Onun sözlərinə görə, artıq nə Bakı-Tbilisi-Ceyhan, nə də Bakı-Ərzurum kəmərlərini yenidən Ermənistandan keçməklə çəkmək mümkün deyil. Namazovun fikrincə, Abdulla Güllə İlham Əliyevin görüşündə əsasən regiona hava-su kimi gərək olan yeni təhlükəsizlik sistemi müzakirə mövzusu olacaq:
«Bölgədə demək olar ki, heç bir təhlükəsizlik sistemi işləmir. Dünya başa düşür ki, dondurulmuş konfliktləri bundan artıq saxlamaq mümkün deyil, gec-tez partlaya bilər. Belə olan halda Qafqazı mütləq hansısa regional təhlükəsizlik layihələrinə cəlb etmək vacibdir. Ancaq hansı formada? Bu, həm də region dövlətlərindən asılıdır».
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli isə düşünür ki, Gül Yerevan səfərinin Azərbaycanda bir qədər məyusluqla qarşılandığını bilir. Buna görə də Bakıya Azərbaycanın könlünü almaq üçün gəlir. AXCP sədrinin fikrincə, Ermənistan öz iddialarından çəkinməmiş Türkiyənin bu ölkə ilə münasibətləri bərpa etməsi bir qədər təəssüf doğurur. Ancaq dünyanın diqqəti Cənubi Qafqaza yönəldiyi məqamda Ankaranın belə aktivləşməsi Bakı üçün önəmlidir:
«Türkiyə Azərbaycanda nə qədər aktiv olacaqsa, bu, Bakı üçün yeni seçim imkanları yaradacaq».
AŞ PA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da deyir ki, Türkiyənin Qafqaz siyasətini fəallaşdırması Azərbaycan diplomatiyasına yeni imkanlar qazandıra, Qarabağla bağlı danışıqları Bakının xeyrinə dəyişə bilər:
«Regionda Türkiyə-Azərbaycan münasibətləri xüsusi önəm daşıyır. Dünya siyasətində Qafqaz regionu önə çəkilir. Türkiyə isə təbii ki, bu prosesdə ən aktiv iştirakçılardan biridir. Nəzərə alsaq ki, Türkiyənin həm Qərblə, həm də bölgədəki ölkələrlə münasibətləri xüsusi önəm daşıyır, o zaman nəticə çıxara bilərik ki, cənab Gülün Azərbaycana səfəri olduqca vacibdir».
Müsahiblərimin fikrincə, İlham Əliyevlə Abdulla Gülün görüşündə əsas müzakirələr Türkiyənin təklif etdiyi Qafqaz Platforması ətrafındadır. Bu məsələ artıq Rusiya və Ermənistanda müzakirə edilib. Sıra Azərbaycandadır. Eldar Namazovun sözlərinə görə, Rusiya artıq anlayır ki, Cənubi Qafqaz bütünlükdə onun nəzarətində ola bilməz. Buna görə də Qərb Türkiyənin regionda fəallaşmaq siyasətini dəstəkləyəcək.
Türkiyə prezidenti Abdulla Gül də «Azadlıq» radiosuna müsahibəsində regionda təhlükəsizliyin bütün Avropa və Orta Asiya üçün böyük önəm daşıdığını deyib:
«Əgər Qafqaz təhlükəsiz olarsa, Avropanın enerji təhlükəsizliyi də təmin olunar. Bütün Orta Asiya ilə də münasibətlər normal məcrada davam edər. Ancaq gərginlik davam edərsə, Qafqaz Asiya ilə Avropa arasında bir divar kimi olacaq. Bu zaman neft-qaz kəmərləri məsələsi də çox sıxıntılı olar».
Gülün sözlərinə görə, Türkiyə bölgədə sabitlik əldə edilməsi üçün səylərini davam etdirəcək.
XS
SM
MD
LG