Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:01

«Demokratik ənənələr gülüş hədəfinə çevrilir»


Paytaxt sakinləri hesab edir ki, aksiyaların keçirilməsi üçün münasib yer «Azadlıq» meydanıdır
Paytaxt sakinləri hesab edir ki, aksiyaların keçirilməsi üçün münasib yer «Azadlıq» meydanıdır
Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda aksiyalar üçün ayırdığı yerlərin siyahısını açıqlayıb. Bu siyahıda Bakının 11 rayonunun hər birinə bir yer düşür.
Siyahıda Binəqədi rayonunda bu adda qəsəbə stadionu, Səbail rayonunda «Bibiheybət» meydanı, Nəsimi rayonunda 4-cü mikrorayondakı məhəllə stadionu, Xətai rayonunda isə 29-22-ci məhəllənin qarşısındakı stadion aksiya üçün ayrılıb. Qaradağ rayonunda isə Sahil qəsəbə stadionu, Sabunçu rayonunda «Azneftgifizka» trestinin qarşısındakı stadion, Suraxanı rayonunda, Tofiq İsmayılov adına stadion, Yasamal rayonunda isə 3155-ci məhəllədəki stadion kütləvi aksiya keçirmək istəyənlərin ixtiyarına verilir. Bundan başqa Əzizbəyov rayonunda Türkan qəsəbəsi, Nizami rayonunda «Təbriz» kinoteatrının qarşısı, Nərimanov rayonunda isə «Ulduz» metrosunun qarşısı təklif edilir:

«-Siz bu sadalanan meydançaları tanıyırsınızmı?
-Bir neçəsini tanıyıram. Onlardan bir Suraxanıdakı yer, bir də «Ulduz» metrosunun qarşısını münasib sayıram…
-Yalnız birini tanıyıram. «Bibiheybət» meydanını. Onu da Bayılda yaşadığıma görə…
-Mənim 62 yaşım var. Bütün ömrümü Bakıda yaşamışam. O yerləri tanımıram…»
Bu paytaxt sakinlərinin fikirləridir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Mustafayev isə deyir ki, təklif edilən yerlər həm şəhərin ucqar ərazilərindədir, həm də elə qapalı yerlərdə kütləvi aksiyalar keçirmək heç bir əhəmiyyət daşımır:
«Cəmiyyətin hansısa siyasətə dəstək verməsi və ya ona etiraz etməsi elə cəmiyyətin gözü qarşısında olmalıdır. Cəmiyyət bunu görməli və bunda iştirak etməlidir».

Fuad Mustafayevin fikrincə hakimiyyət bununla bir daha demokratik ənənələri gülüş mövzusuna çevirmiş olur.

Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev isə Bakı Şəhər İcra Hakimiyyətinin aksiyalar üçün bu yerləri ayırmasında demokratiyaya zidd heç nə görmür. O üstəlik düşünür ki, aksiyalar üçün ayrıca yerlərin ayrılması bu məsələlər ətrafında mübahisələrə son qoymalıdır:

«Belə bir məsəl var: «Çanağında balın olsun, arısı gələr Bağdaddan». Onların sözü olsun, bu xalq üçün maraqlı olsun insanlar ora lap piyada gələr».

«Bal və çanaq» haqda atalar sözündən sonra qayıdaq sadə insanların fikirlərinə:

«Əhalinin sıx yerlərində bu aksiyalar keçirilsə, maneə yaradacaq. Əsas aksiyaların effektli olmasıdır…
-Yalnız «Azadlıq» meydanını münasib bilirəm…
-Bizim fikrimizi nəzərə alan kimdir…
-Görürsünüz tıxacı. Burda aksiyalar keçsə lap pis olacaq…
-Mən «Azadlıq» meydanından başqa münasib yer tanımıram…»

Hüquqşünas Ənnağı Hacıbəyli deyir ki, aksiyalar üçün şəhər rəhbərliyinin yer ayırması qanuna edilən son düzəlişlərdən irəli gəlir. Ancaq onun fikrincə bu qanunun icrası sərbəst toplaşmaq azadlığının fəlsəfəsi ilə ziddiyyət təşkil edir. Ənnağı Hacıbəylinin fikrincə bütün sivil ölkələrdə insanların istirahət hüquqları fundamental azadlıqların boğulması üçün istifadə edilmir.

Bakı Şəhər İcra Hakimiyyəti hələ «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna son düzəlişlər edilməzdən əvvəl də aksiyalar üçün xüsusi yerlər ayırmışdı. Ancaq sonradan həmin yerlərdə, məsələn, Qələbə meydanında belə aksiyalara icazə verilmirdi…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG