Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:54

«Azərbaycan «Nabucco»dan imtina etməyib»


Sənaye və Energetika naziri Natiq Əliyev
Sənaye və Energetika naziri Natiq Əliyev
Azərbaycanın Sənaye və energetika naziri Natiq Əliyev mediaya açıqlamasında Azərbaycanın «Nabucco» layihəsindən imtina etməsilə bağlı xəbərlərin doğru olmadığını deyib. Onun sözlərinə görə, Güney Qafqazda hərbi-siyasi durumun gərginləşməsilə bağlı bir sıra dairələr məsələni siyasiləşdirməyə çalışsalar da bu cəhdlər layihə üzrə danışıqlara təsir göstərməyib:

«Azərbaycanın etibarlı ixrac istiqaməti var-bu da Gürcüstan, Türkiyə, ardınca isə Avropa bazarlarıdır. Biz bu yolda heç vaxt çəkilməyəcəyik. Çünki, bu, son dərəcə etibarlı marşrutdur. Heç bir qüvvə, ölkə bizi bu yoldan çəkindirə bilməz. «Nabucco» layihəsi real və gələcəyi olan layihədir. Ancaq onu o qədər siyasiləşdiriblər ki, bu layihənin karbohidrogen ehtiyatları sual altındadır. İndi bu məsələni bir qədər də qızışdırmaq istəyirlər ki, «Nabucco» layihəsi olmasın».

Ekspertlər bildirir ki, Xəzərdən təbii qazı Avropaya daşıyacaq bu layihənin ən böyük tərəfdarlarından biri layihəyə tranzit ölkə kimi qoşulmaq qərarında olan Türkiyədir. Sentyabrın 8-də Bakıda işə başlayan ikigünlük Azərbaycan-Türkmənistan neft-qaz konfransında çıxış edən Türkiyənin enerji naziri Hilmi Gülər də «Nabucco» layihəsinin enerji sektorundakı ən böyük hədəflər sırasında olduğunu deyib:

«Onu da gerçəkləşdirməyi bacaracağıq. «Nabucco» layihəsi təkcə Türkiyənin deyil, Avropanın enerji təhlükəsizliyinin vacib həlqəsinə çevrilir. Bundan da kimsənin şübhəsi olmasın. Burada zamana qarşı bir yarış içərisindəyik. BTC-də, «Şahdəniz»də olduğu kimi bu layihə də gerçəkləşmiş olacaq. Bu yöndə çox önəmli addımlar atırıq».

Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubovun sözlərinə görə, artıq Azərbaycanın təbii qaz ehtiyatlarının həcmi ilkin qiymətləndirmə üzrə 2 milyard kubmetrə çatıb. Bu isə o deməkdir ki, yaxın 100 ildə Azərbaycanın həm ölkənin tələbatını ödəmək, həm də xarici bazarlara təbii qaz çıxarmaq imkanı olacaq:

«Azərbaycan artıq Avropa enerji təhlükəsizliyi üçün əvəzolunmaz ölkəyə çevrilməkdədir. Biz ötən il Türkiyə-Yunanıstan sərhədində Azərbaycan qazının Avropa bazarına çatmasını qeyd etdik. Biz potensialımızı təkmilləşdirir, infrastrukturu modernləşdirir, həm Azərbaycanda, həm də qonşu ölkələrdə yeni neft terminalları tikirik».

Yaqub Eyyubovun fikrincə, yaxın gələcəkdə dünyanın neft sektorunda Azərbaycanın önəmi daha da artacaq. Baş nazirin müavininin sözlərinə görə, Azərbaycan Xəzər neftinin Gürcüstan-Ukrayna-Polşa marşrutu üzrə Avropaya nəqli üzrə işini də davam etdirir.

Konfransa qatılan ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Boyden Qrey də Birləşmiş Ştatların Xəzər hövzəsindəki neft-qaz layihələrinə dəstək verəcəyini deyib. Onun sözlərinə görə, bu, yalnız bölgənin iqtisadi inkişafı üçün deyil, Avropanın enerji təhlükəsizliyi üçün də vacibdir.

Bu ilin iyununda Rusiyanın «Qazprom» şirkətinin rəhbəri Aleksey Millerin Bakıya səfərindən sonra xəbər verildi ki, Azərbaycan qazının bir hissəsini «Qazprom»a satmağa razılaşıb. Ancaq hələ ki, bu danışıqların detalları açıqlanmayıb. Qərb mediasının yazdığına görə, neft şirkəti rəsmiləri qazın hamısını Rusiyaya satmaq təklifini götür-qoy edirlər. Bakıdakı konfransda «Qazrpom» rəsmilərinin iştirakı planlaşdırılsa da onlardan heç biri toplantıya gəlmədi. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bunu Rusiyanın bu ölkələrin neft qaz-siyasətini boykot etməsi kimi dəyərləndirir. Rusiya dünyanın tək ölkəsidir ki, enerji resurslarından siyasi silah kimi yararlanır:

«İstər kiçik, istər böyük ölkələr onun kommersiya baxımından normal təkliflərinə belə şübhəylə yanaşır. Rusiyanın qonşularına belə münasibəti adekvat cavabını almalıydı. Məncə, Türkmənistan üçün inqilabi bir haldır ki, prezidentlər səviyyəsində açıq qərb siyasəti yürüdülərək belə bir konfrans keçirdilər».

İlham Şabanın sözlərinə görə, Azərbaycanın və Türkmənistanın qərarları «Nabucco» layihəsinin gerçəkləşməsi üçün olduqca önəmlidir. Bu səbəbdən Rusiyanın yenidən bu layihənin qarşısını almaq üçün hərəkətə keçəcəyi gözləniləndir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG