Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:28

Rusiya Gürcüstandan bir aydan sonra çıxacaq


Rusiya və Avropa Birliyi rus qoşunlarının Gürcüstandan çıxarılması üçün biraylıq möhlət barədə razılaşıblar.

Bu barədə Fransa prezidenti Nikola Sarkozi ilə Rusiya prezidenti Dmitri Medvedev Moskvada sentyabrın 8-də keçirdikləri görüşdə razılığa gəliblər.

D. Medvedev bildirib ki, oktyabrda bölgəyə Avropa Birliyinin müşahidəçiləri yerləşdirildikdən sonra Rusiya Cənubi Osetiya və Abxaziyadan kənarda olan qüvvələrini geri çəkəcək:

«Beynəlxalq mexanizmlərin işə düşməsindən, o cümlədən də Avropa Birliyinin 200 nəfərlik müşahidəçilərinin yerləşməsindən 10 gün sonra Rusiya Cənubi Osetiya və Abxaziyaya bitişik ərazilərdən öz hərbi qüvvələrini çıxaracaq. Bu müşahidəçilər oktyabrın 1-dən gec olmayaraq bölgəyə gəlməlidirlər. Bu addımların atılması üçün Cənubi Osetiya və Abxaziyaya qarşı güc işlədilməyəcəyi barədə beynəlxalq təminatlar alınıb».

Rusiya prezidenti həmçinin, qeyd edib ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması barədə qərar qətidir və dəyişilməyəcək.

Gürcüstan böhranı barədə beynəlxalq danışıqlar oktyabrın 15-də Cenevrədə davam etdiriləcək.

Fransa prezidenti N. Sarkozi isə deyib ki, Rusiya bir həftə ərzində Poti limanı ətrafında qurduğu nəzarət-buraxılış məntəqələrindən də geri çəkilməyə razılıq verib.

Avqustun 7-dən 8-ə keçən gecə Gürcüstan onun Cənubi Osetiyaya yaxın yaşayış məntəqələrində yerli sakinlərin öldürüldüyünü deyərək, Cənubi Osetiyaya girib. Rusiya isə oradakı sülhməramlılarına kömək adıyla həm Cənubi Osetiyanı, həm Abxaziyanı, həm də Gürcüstanın münaqişə zonasına yaxın bir neçə iri şəhərini tutub. Sonra da hər iki separatçı bölgəni müstəqil dövlət kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG