Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:27

Yeni qəsəbənin ən ciddi problemi...


«Mənim qızım evcik tikmişdi, sel gələndə o uçmadı, amma Qulu kişinin, Abbasın ev əşyaları gəldi töküldü həyətimə»
«Mənim qızım evcik tikmişdi, sel gələndə o uçmadı, amma Qulu kişinin, Abbasın ev əşyaları gəldi töküldü həyətimə»
«Biz mütəxəssis deyilik. Bununla belə özümüz tikdiyimiz toyuq hininə yağış dammır. Amma bu gözəl evin üstünə yağan yağış başımıza tökülür. Mənim qızım evcik tikmişdi, sel gələndə o uçmadı, amma Qulu kişinin, Abbasın ev əşyaları gəldi töküldü həyətimə. Mən gələcəyə uşaq böyüdürəm bəlkə əsgər oldu. Niyə onu sel aparsın?»
Bu Füzuli rayonunun Zobucuq adlanan ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbələrin sakinlərinin fikirləridir. Onlar hesab edir ki, evlərin yeri düzgün seçilməyib. Çirkab suların axıdılması üçün qoyulan borular isə daha çox problem yaradır. Elə bu səbəbdəndir ki, iyul ayında yağan güclü yağış bir çox həyəti bərbad hala salıb.

80 yaşlı Qulu kişinin iki oğlu müharibədə həlak olub. Hökumətdən gileylənir ki, onları gətirib suyun içinə salıb. Özü də o, yağış yağanda təkcə selin gəlişindən yox, həm də gedişindən ziyan çəkir:

«Durban»ı elə qoyublar su qonşunun həyətinə axır. Qonşu da məndən küsüb. Deyirəm mən neyləyim. Gecəykən məni gətirib bura töküblər».

Qəsəbədə çoxları istəyirdi ki, onların da həyətlərinə gedib baxaq. Amma vəziyyət göz qabağında idi. Bəzi yerlərdə evlərin yoldan xeyli aşağıda olması, həmçinin haqqında danışılan selin izlərinin hələ də qalması deyilənlərin doğru olduğuna şübhə yeri qoymurdu. Məcburi köçkünlər deyir ki, kimə müraciət edirlər heç bir xeyri yoxdur.

Qəsəbələr üzrə mənzil kommunal təsərrüfatı idarəsinin rəisi Vüqar Rüstəmov isə hesab edir ki, bu ciddi(?) problem deyil. Vəziyyətin təkrarlanmaması üçün işlər görülür. Layihə İnstitutunun ekspertləri gəlib əraziyə baxıblar. Sel tutan yerlərdə istinad divarları tikiləcək:

«Çökəkdə yerləşən evlərdə istinad divarları tikiləcək. Vəziyyət aradan qaldırılacaq. Buna heç problem də demək düz deyil».

Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Şakir Hacıyevin sözlərinə görə isə iyulun 23-də yağan yağış çoxdandır o tərəflərdə müşahidə edilməyən sel əmələ gətirib. Nəticədə 124 evə ziyan dəyib. Fövqəladə Hallar Nazirliyindən (FHN) gəlib vəziyyəti yerində aktlaşdırıblar. Hansı tədbirin görüləcəyi hələ ki, konkretləşməyib. FHN-nın mətbuat xidmətindən isə bu tədbirlər barədə məlumat ala bilmədik.

Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi beynəlxalq əlaqələr və informasiya departamentinin rəhbəri Sənan Hüseynov isə deyir ki, təhvil verilən qəsəbələrdə sonradan problemlər ortaya çıxanda müvafiq strukturlar tərəfindən onların aradan qaldırılmasına nəzarət edilir, lazımi köməkliklər göstərilir.

Fizuli rayonunun Zobucuq adlanan ərazisində salınan 5 qəsəbəyə ətraf rayonlardan 4000-dən sox məcburi köçkün ailəsi yerləşdirilib. Qəsəbələr ötən ilin dekabrında təhvil verilib. 2008-ci ilin aprelində isə dövlət başçısı bu qəsəbələrin rəsmi açılış mərasimində iştirak edib.
XS
SM
MD
LG