Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:49

MSK-dakı boş yerlər kimə veriləcək?


Mərkəzi Seçki Komissiyasında boş qalan iki yer parlamentdə Böyük Quruluş Partiyasına verilə bilər
Mərkəzi Seçki Komissiyasında boş qalan iki yer parlamentdə Böyük Quruluş Partiyasına verilə bilər
Mərkəzi Seçki Komissiyasında (MSK) boş qalan iki yer parlamentdə Böyük Quruluş Partiyasına verilə bilər. Bunu partiyanın sədri Fazil Qəzənfəroğlu deyir. O bildirir ki, bir müddətdir MSK-da təmsil olunmaq üçün müraciətlərinə cavab gözləyirdilər. Bu günlərdə isə ona parlament rəhbərliyindən müsbət cavab verilib:
«Oktyabrın 1-də Milli Məclisin toplantısında MSK-dakı boş yerlərlə bağlı məsələ müzakirəyə çıxarılacaq. Mənə dedilər ki, bizim müraciətimizə müsbət cavab verəcəklər».
F.Qəzənfəroğlu gizlətmir ki, seçkiyə məhz MSK-da təmsilçilik və qərargah verilməsi müqabilində qatılmağa razılıq verib.
Milli Məclisin Mətbuat Xidmətindən isə deyirlər ki, parlamentin ilk iclasının gündəliyi hələlik onlara verilməyib. Bu barədə ictimaiyyətə sentyabrın sonuncu həftəsində məlumat verə bilərlər.
Parlamentdə hakim partiyanı təmsil edən Rəbiyyət Aslanova da deyir ki, hələlik gündəliyə MSK-nın tərkibiylə bağlı məsələnin salınıb-salınmadığını bilmir. Amma millət vəkili bu müzakirəni mümkün sayır.
2005-ci il parlament seçkilərindən sonra Müsavat Partiyası MSK-da təmsil olunmaqdan imtina etmişdi.
MSK-nın Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, seçki komissiyasının tərkibiylə bağlı qərar qəbul etmək Milli Məclisin səlahiyyətindədir. Onun sözlərinə görə, Komissiyada parlamentdə azlıqda qalan partiya üçün bir yer boşdur. Digər boş qalan yerə bitərəf deputatlar nümayəndə təyin etməlidirlər. Amma bu nümayəndə azlıqda olan partiyalarla razılaşdırılmalıdır. A.Sarıyev deyir ki, seçkiyə 15 gün qalmış yeni təyinatlar baş verərsə, bu, MSK-nın iş prinsipinə heç bir xələl gətirməyəcək.
Bəs hazırda boş qalan yerlər digərlərinə təklif olunarsa, Müsavat Partiyasının reaksiyası necə olacaq?
Partiyanın İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, onlar seçki komissiyalarının tərkibinin indiki prinsiplərlə formalaşmasının əleyhinədirlər. Ona görə də imtina etdikləri yerin hansısa digər partiyaya təklif olunması onları narahat etmir:
«Onsuz da seçki komissiyasında müxalifət və ya bitərəf namizəd təmsil olunsa da, səsvermə yekdil olur. Yəni onlar bir siyasi qüvvədirlər. Bizim seçki komissiyalarının bu tərkibdə formalaşmasına etirazımız var».
Seçki mütəxəssisi Anar Məmmədli isə deyir ki, yeni təyinatlara zərurət yoxdur, çünki hər hansı qərarın qəbul olunması üçün Komissiyada üçdə iki səs çoxluğu təmin olunur. Amma onun sözlərinə görə, bir partiya təmsil olunmaqdan imtina edərsə, yaranacaq situasiyanın həlliylə bağlı qanunvericilikdə boşluq var. Bununla belə, A.Məmmədlinin fikrincə, Müsavat Partiyasının imtinası o demək deyil ki, onun yeri başqa partiyaya təklif olunmalıdır:
«Hakimiyyət çalışmalıdır ki, haqqı çatan siyasi partiyalar bu işə cəlb olunsunlar. Çünki vaxtilə parlament seçkisində bir, iki, 10 dairədən namizədlə qatılan partiyayla, bütün dairələrdən namizədlə qatılmağa gücü olan partiya arasında fərq qoyulmalıdır».
YAP yetkililəri isə hesab edirlər ki, seçki komissiyası ədalətli və demokratik prinsiplər əsasında formalaşıb.
XS
SM
MD
LG