Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:12

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı separatçıları tanımadı


Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına MDB-nin yeddi ölkəsi daxildir

Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına MDB-nin yeddi ölkəsi daxildir

Rusiya Gürcüstanın iki separatçı bölgəsini müstəqil dövlət kimi tanımaq qərarına ən yaxın hərbi-siyasi alyansı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından tam dəstək ala bilmədi.

Sentyabrın 5-də Moskvada 7 keçmiş sovet respublikasının birləşdiyi bu təşkilatın dövlət başçılarının sammitində Rusiyanın Gürcüstanla hərbi münaqişəsi və Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanımaq qərarı müzakirə edilib. Sammitin yekununda qəbul edilən qərarda qeyd edilir ki, bu təşkilat Rusiyanın Qafqazda sabitlik və əməkdaşlıq üçün atdığı addımları müdafiə edir. Qərbin bu məsələdə tutduğu mövqeni isə beynəlxalq problemlərə ikili standartlarla yanaşma hesab edirlər. Amma təşkilat üzvləri əsas məsələdə, separatçı bölgələrin müstəqilliyini tanıyıb-tanımamaq məsələsində qərar qəbul etməyiblər. Rusiya prezidenti Dmitri Medvedev təşkilatın həmin qərarını Moskvanın doğru hesab etdiyini deyir:

«Ələbəttə, bizim Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarımızın hər biri bu məsələdə beynəlxalq hüququn norma və prinsiplərini əsas götürməklə müstəqil şəkildə qərar qəbul edəcəklər. Təbii ki, bu məsələdə həm də özlərinin milli maraqlarını əsas götürəcəklər. Rusiya bunu tamimilə doğru hesab edir».

Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına üzv ölkələrin Xarici İşlər nazirləri də dünən Moskvada buna bənzər qərar qəbul etmişdi. Nazirlərin görüşündən sonra Rusiya prezidenti Dmitri Medvedev bildirirdi ki, o, bu gün dövlət başçılarından Gürcüstan böhranına dair daha aydın və konkret mövqe gözləyir.

Hələlik yalnız Nikaraqua Rusiyaya qoşularaq Gürcüstanın separatçı bölgələrini dövlət kimi tanıyıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsini 1992-ci il mayın 15-də beş keçmiş sovet respublikası – Ermənistan, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan imzalayıb. Sonradan onlara Belarus və Özbəkistan da qoşulub. 2002-ci ildə isə üzv ölkələrin rəhbərlərinin qərarı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı ilə beynəlxalq quruma çevrilib. Keçmiş SSRİ ölkələrinin bir çoxu, o cümlədən Azərbaycan da həmin təşkilata qoşulmayıb. Hazırda bu hərbi-siyasi alyansa Müstəqil Dövlətlər Birliyinin yeddi ölkəsi daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG