Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:38

«Sanksiyalar diktatorlara güc verir»


Rusiya Avropa Birliyinin qaza olan ehtiyacının 42, neft idxalının isə 30 faizini təmin edir

Rusiya Avropa Birliyinin qaza olan ehtiyacının 42, neft idxalının isə 30 faizini təmin edir

«Avropa Birliyi Gürcüstandakı münaqişə ilə bağlı 12 milyard dollarlıq «Nabucco» qaz kəmərinə diqqəti artırmalı və Rusiyadan enerji asılılığını azaltmalıdır». İngiltərənin «Qardian» qəzeti Avropa enerji komissarına istinadən belə yazır.

Qəzetə görə, Qafqazdakı böhran bir çox ekspertlərin «Nabucco» layihəsini istisna etməsi ilə nəticələndi. Avropa Birliyinin enerji komissarı Andris Pibalqs isə deyib ki, indi enerji mənbələrinin müxtəlifləşdirilməsi məsələsi daha vacibdir. Komissar onu da bildirib ki, «Nabucco»nun qarşısında duran maneələri aradan qaldırmaq üçün siyasi səyləri artırmaq lazımdır.

Qəzet yazır ki, Pibalqs Beynəlxlaq Enerji Agentliyinin icraçı direktoru Nabuo Tanakanın dəstəyini də əldə edib.

Rusiya Avropa Birliyinin qaza olan ehtiyacının 42, neft idxalının isə 30 faizini təmin edir. Amma birliyin elə ölkələri var ki, onların Rusiyadan enerji idxalı 80 faizə çatır.

Qəzet Moskvanın və «Qazprom»un Avropa Birliyinin Almaniya, İtaliya və Avstriya kimi ölkələri ilə separat danışıqlara getdiyini və onları öz layihələrinə cəlb etdiyini deyir.

Amma Tanaka deyir ki, Rusiyanın da Avropadan asılılığı var. Belə ki, Avropa Birliyi Rusiyanın neft və qazının 70 faizini alır. O deyir ki, vahid Avropa enerji bazarının və birgə mövqenin böyük əhəmiyyəti var.

Nüfuzlu «Financial Times» qəzeti də eyni şeyi təklif edir - «Qərb Rusiyanı cilovlamaq üçün iqtisadiyyatdan istifadə etməlidir» başlıqlı analitik məqaləsində. «Rusiyanın kapitalist inqilabı» kitabının müəllifi Anders Aslundun yazdığı məqalə Moskvaya qarşı Avropanın birgə iqtisadi sanksiyalarına həsr edilib.

Yazıda bildirilir ki, Rusiyanın Gürcüstana təcavüzü Qərbi şoka salıb və buna necə cavab vermək lazım gəldiyi barədə söhbətləri gücləndirib:

«Ümumi rəy belədir ki, Avropa Ruisiyanı cəzalandırmaq üçün çox az şey edə bilər. Doğrudur, Qərb hökumətlərinin imkanları məhduddur. Amma iqtisadi baxımdan Rusiyanın müdaxiləsi artıq ona möhkəm zərbə vurub. Bu iqtisadi böhran Qərbə göstərdi ki, Rusiya liderlərini necə cəzalandırmaq olar».

«Financial Times» yazır ki, avqustun 8-də Rusiyanın səhm bazarı 6.5 faiz aşağı düşüb. Son iki ayda düşmə 36 faiz təşkil edib ki, bu da səhmdarların 500 milyard dollar itkisinə səbəb olub:

«Bu, az qala Rusiyanın beynəlxalq valyuta ehtiyatlarına bərabər məbləğdi. Təcavüz həftəsi ölkədən kapital axını 16 milyard dollar təşkil etdi ki, bu da yerli kredit sıxıntısına gətirib çıxardı. İki varlı rusiyalı «Qazprom»un səhmlərini satmağa başladı. Onlar yəqin ki, Rusiyanın Baş naziri Putinin siyasətindən narazıdırlar. Əslində baş verən o idi ki, Moskvanın yeni qlobal maliyyə mərkəzinə çevrilməsi və rublun beynəlxlaq ehtiyat valyutası roluna iddiası barədə Putinin öyünməsi indi qara yumordan başqa bir şey deyil».

Qəzet yazır ki, son günlərdə Rusiyada investisiyaların risqli olması barədə rəylər artır.

Məqalədə deyilir ki, Rusiyanın Beynəlxalq Valyuta Fondu və Dünya Ticarət Təşkilatından çıxarılmasına çalışılmamalıdır. Çünki sanksiyalar diktatorlara güc verir. Amma elə etik və leqal standartlar tətbiq oluna bilər ki, Rusiya üçün pis davranış baha başa gəlsin.

«Financial Times» da təklif edir ki, Avropa Birliyi ilk növbədə ümumi enerji siyasəti qəbul edərək enerji xartiyasını Rusiyaya münasibətdə tətbiq etməlidir. Bura şəffaflıq, bərabər investisiya hüquqları və kəmərlərə üçüncü tərəfin çıxışı prinsipləri daxildir.

«İkinci təklif «Qazprom»u istehsalla nəqli bir-birindən ayırmağa və bununla da monopoliyanı parçalamağa məcbur etməkdir. Niyə Avropa Komissiyası «Microsoft»a qarşı bunu edə bilər, «Qazprom»a qarşı yox?»,- deyə müəllif sual edir.

Üçüncüsü, Rusiya rəhbərliyi və onların şirkətləri araşdırılmalı və pulların yuyulması məsələsi ilə bağlı təhqiqat aparılmalıdır.

Qəzetin dördüncü təklifi Avropa Birliyində lobbi pullarının istiqamətini izləməkdir. Müəllif Rusiya şirkətlərində iş alan Avropa siyasətçilərinin təcrübəsi barədə danışarkən Almaniyanın keçmiş kansleri Gerhard Şröderin «Qazprom»dakı vəzifəsini qeyd edir və məsləhət görür ki, Avropa Birliyində Amerika etik standartlarının tətbiqinə ehtiyac var.

Və nəhayət, qəzet məsləhət görür ki, əgər Qərb xüsusi qüvvələrinin əlində Putin və onun əyanları haqqında faktlar varsa, onları dərhal açıqlamaq lazımdır. Çünki rusların gözündə Putini korrupsiya skandalları sala bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG