Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:17

«İqtidar hətta bir-birimizə salam verməyimizi də istəmir»


«İqtidarın qorxduğu bir nömrəli məsələ əgər xalqın fəallaşmasıdırsa, ikincisi müxalifətin bir araya gəlməsidir»
«İqtidarın qorxduğu bir nömrəli məsələ əgər xalqın fəallaşmasıdırsa, ikincisi müxalifətin bir araya gəlməsidir»
Seçkini boykot edən AXCP, ALP, VİP, Müsavat Partiyası və «Azərbaycan Naminə» İctimai Forumun rəhbərləri «Demokratik siyasi qüvvələrin birgə bəyanatı» adlı sənəd imzalayıblar.
Sənəddə bildirilir ki, birliyə qoşulan partiyalar ölkədə vətəndaşların siyasi azadlıqları təmin edilmədiyindən seçkiləri boykot edir və bu seçki ilə formalaşacaq hakimiyyəti legitim saymır. AXCP sədri Əli Kərimli:
«Azərbaycanın real müxalifət qüvvələrinin bir araya gələ bilməsi onu göstərir ki, ölkənin siyasi liderləri üçün daha önəmli demokratiyanın marağı, ondan da önəmli milli məsələlərdir».
Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyev isə aparıcı müxalifət partiyalarının hakimiyyətin legitimliyini tanımamasının siyasi situasiyaya ciddi təsir göstərəcəyinə əmindir:
«Əminəm ki, Azərbaycanın demokratikləşməsində maraqlı olan beynəlxalq qüvvələr buna biganə qalmayacaqlar».
«Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov isə vətəndaşları pessimist olmamağa çağırır. Onun sözlərinə görə, böyük qələbələr asanlıqla əldə edilmir:
«İnanıram ki, demokratik düşərgənin liderləri bütün bu cəbhənin potensialını səfərbər edib demokratiyanın qələbə çalmasına nail ola biləcək».
Müsavat başqanı İsa Qəmbər isə birlik mesajının bir neçə hədəfi olduğunu bildirir. Onun sözlərinə görə, bu, ilk növbədə seçim etmək haqqı illərdir əlindən alınan vətəndaşlara ünvanlanıb. Mesajın daha bir ünvanı isə Azərbaycan iqtidarıdır:
«İqtidarın qorxduğu bir nömrəli məsələ əgər xalqın fəallaşmasıdırsa, ikincisi müxalifətin bir araya gəlməsidir. İqtidar istəmir ki, müxalifət liderləri hətta bir-birinə salam versinlər. Təbii ki, bu, birlik həm də hakimiyyətə bir mesajdır».
İ.Qəmbər birlik mesajının həm də beynəlxalq qurumlara ünvanlandığını deyir. Müsavat başqanı bildirir ki, beynəlxalq birlik avtoritar rejimlərdə müxalifətin bir araya gəlməsini vacib sayır. Onun sözlərinə görə, təcrübə göstərir ki, bəzən ortada real birliyin olmaması Qərbin Azərbaycanla bağlı mövqeyini konkretləşdirməməsinə səbəb olur.
Milli Birlik Hərəkatının lideri Lalə Şövkətin sözlərinə görəsə Gürcüstanda baş verənlər faciəvi də olsa, dünya birliyinin diqqətini region üzərində cəmləyib:
«Nə İraq, nə də Kosovo məsələsi müzakirə olunanda, Qərb belə yekdil fikirdə deyildi. Ancaq Cənubi Qafqazda baş verənlər demokratik dünyanı birləşdirə bildi».
Bir neçə həftə davam edən müzakirələrə qoşulan Klassik Xalq Cəbhəsi və Açıq Cəmiyyət partiyaları son anda sənədi imzalamayıb.
«Demokratik siyasi qüvvələrin birgə bəyanatı»nda sənədin bu mövqeyi bölüşən bütün siyasi partiyalar üçün açıq olduğu bildirilir.
Müxalifət liderlərinin bir araya gəlməsini seçkiyə qatılan başqa siyasi partiyaların çoxu məğlubiyyətin rəsmiləşdirilməsi kimi dəyərləndirib. Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadənin sözlərinə görə, seçki başlamamış nəticələrin demokratik olmadığını bildirmək dünya siyasətində görünməmiş praktikadır. O, müxalifətin birliyini ölü doğulmuş uşağa bənzədir.
Böyük Quruluş Partiyasının başçısı Fazil Qəzənfəroğlu isə deyib ki, bu birlik Azərbaycan siyasətində heç nəyi dəyişməyəcək. Çünki birlikdəki partiyaların Azərbaycan ictimai fikrinə təsiri yoxdur.
XS
SM
MD
LG