Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 17:56

Həzrə sakinləri narahatlıq içindədir <img src="/img/icon-photogallary.gif" border=0 />


Qusar rayonunun keçmiş Yarqun, indiki Həzrə kəndi
Qusar rayonunun keçmiş Yarqun, indiki Həzrə kəndi
«Açığı polisə, hərbçilərə nə kömək lazımdısa, elədim, öz maşınımla…» Qusar rayonunun keçmiş Yarqun, indiki Həzrə kəndinin sakini Vidadi Ağayev belə deyir. Onun sözlərinə görə, hadisələr sakitləşsə də, kənddə adamlar arasında müəyyən narahatlıqlar hələ də qalmaqdadır:

«İstər-istəməz narahatıq, birdən gecə gəlib basqın elədilər kəndə...»

Həzrə kəndi Azərbaycanla-Rusiyanı ayıran Samur çayının sahilində yerləşir. Bir neçə gün əvvəl Azərbaycanın hüquq-mühafizə orqanları bu kəndin ərazisində silahlı sərhəd pozucularına qarşı əməliyyat keçirib. Əməliyyat zamanı Daxili Qoşunların bir əsgəri silahlılar tərəfindən öldürülüb.

Milli Təhlükəsizlik Nazirliyinin bir neçə gün əvvəl yaydığı məlumata görə, görülən tədbirlər nəticəsində 13 nəfər tutularaq cinayət məsuliyyətinə cəlb edilib. Nazirlik bildirir ki, həmin şəxslər özünü «Dağıstan camaatı»nın əmiri elan edən «Əbdülməcid» ləqəbli İlqar Mollaçıyevin tapşırıqlarını həyata keçirirmişlər. Tutulan şəxslər ifadələrində «Əbu Bəkr» məscidində iki nəfərin ölümü ilə nəticələnən partlayışın da Mollaçıyevin işi olduğunu bildiriblər.

Həzrə kəndi Azərbaycanla-Rusiyanı ayıran Samur çayının sahilində yerləşir
Silahlıların zərərsizləşdirilməsi üçün əməliyyatın bir-neçə gün davam etdiyi bildirilir. Kənd sakinlərinin dediyinə görə, hətta kəndin üzərində vertolyotlar da görünüb. Amma onlar hadisə barədə ətraflı məlumatlara malik olmayıblar.

Bəzi kənd sakinləri bildirir ki, onlar silah səsləri, vertolyot uçuşlarının nə ilə bağlı olduğunu öyrənmək istəyəndə, onlara deyilib ki, bu sadəcə təlimdir. Hətta bir neçə gün kəndə giriş-çıxış da xeyli çətin olub, bütün maşınlar, adamlar yoxlanılıb buraxılırmış. Sakinlər onu da deyirlər ki, əməliyyat zamanı bir nəfər də kənd məscidindən tutulub aparılıb. Alik adlı kənd sakini bildirir ki, indiyə qədər Həzrədə və ya ona yaxın ərazilərdə hansısa silahlı dəstənin olması barədə məlumat eşitməyiblər.

Alik deyir ki, onların kəndində dini vəziyyətlə bağlı hər hansı problem yoxdur. Əsasən yaşlı adamlar kənddəki məsciddə namaz qılırlar:

«Əbdülməcid» ləqəbli İlqar Mollaçıyev (şəkildə ortada)
«Mənə baxma üzüm tüklüdür, yaxın qohumum rəhmətə gedib, ona görə saqqal saxlamışam, mən vəhabi deyiləm».

Artıq Həzrə kəndinə gedən yollardan postlar götürülüb. Amma kəndin lap yaxınlığında, yoldan bir qədər aralı bir yerdə hələ də hərbçilər var.

Qusar rayon İcra Hakimiyyətində nədənsə jurnalistlərin bu kəndə getməsində maraqlı deyillər. İcra hakimiyyətində bütün suallara bir cavab var: «Həzrəyə getmək məsləhət deyil». «Niyə məsləhət deyil» - sualına isə heç bir cavab yoxdur. Bu kəndin adını heç rayon polis bölməsində də çəkmək olmaz.

Kənd sakinlərilə söhbət də elə asanlıqla baş tutmadı. Belə ki, ilk rastlaşdığım kənd sakini icra nümayəndəsinin razılığı olmadan danışa bilməyəcəyini deyib uzaqlaşdı.

Kənd sakinlərilə söhbətdən hiss olunurdu ki, onlara hadisə haqqında danışmamaq məsləhət görülüb.

Kənd sakinləri silah səsləri, vertolyot uçuşlarının nə ilə bağlı olduğunu öyrənmək istəyəndə, onlara deyilib ki, bu sadəcə təlimdir
Xaçmazdakı İnsan Hüquqları Resurs Mərkəzinin eksperti Müqəddəs Mehdiyev deyir ki, İlqar Mollaçıyevin rəhbərlik etdiyi silahlı dəstə Həzrə kəndi istiqamətindən Rusiya-Azərbaycan sərhəddini keçmək istəyiblər. Azərbaycanın güc strukturlarının birgə keçirdiyi əməliyyat da həmin silahlı dəstənin zərərsizləşdirilməsilə bağlı olub. Ancaq M.Mehdiyev deyir ki, Azərbaycanın sərhədlərini keçmək istəyən təkcə adı çəkilən qrup deyil. Dağıstanda fəaliyyət göstərən digər qruplar da var.

Müqəddəs Mehdiyevə görə, əgər əvvəllər bu radikal dini qruplar Dağıstanın içərilərində fəaliyyət göstərirdilərsə, indi onlar Azərbaycanla həmsərhəd rayonlara cəmləşməyə başlayıblar. O, bunu daha çox həmin qrupların Rusiya hüquq-mühafizə orqanları tərəfindən sıxışdırılmasıyla bağlayır.

Müqəddəs Mehdiyev hesab edir ki, silahlı dəstələr Azərbaycanın şimal rayonlarında fəaliyyət göstərməyin daha asan olduğunu düşünürlər. Və onlar Dağıstanda, o cümlədən Şimali Qafqaz respublikalarında yaratdıqları dini əmirlikləri Azərbaycanın şimal rayonlarında da yaratmaq istəyirlər. İl ərzində Dağıstanda baş verən çoxsaylı partlayışları yada salan ekspert hesab edir ki, sərhədlərdə nəzarət zəif olsa, həmin radikal qruplar terror aktlarını Azərbaycan ərazilərinə keçirə bilərlər.
XS
SM
MD
LG