Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:18

Anjelika Mixaylodan danışdı - [Video]


Anjela Perşiç «Azadlıq» radiosunun müxbiri Rövşən Qənbərova müsahibə verir

Anjela Perşiç «Azadlıq» radiosunun müxbiri Rövşən Qənbərova müsahibə verir

-

AzadlıqRadiosunun əməkdaşı 2008-ci ildə Mixaylonun- Mehdi Hüseynzadənin sevgilisi kimi tanınan xanım- Anjelika ilə söhbətləşib. Çoxları Anjelikanın adını «Uzaq Sahillər» filmindən eşidib.

Filmdə Mixaylo obrazını canlandıran aktyor Nodar Şaşıqoğlu isə aprelin 12-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Müsahibənin maraqlı olacağını nəzərə alıb, yenidən dərc edirik:


«Hər gün geyinməzdim»-deyir Anjela Perşiç, «Amma filmdə Anjelikanın geydiyi pilotkadan mən də vardı». Həmsöhbətim Anjela Perşiçdi, Sloveniyanın Vitovle kəndində yaşayır. Bir yerdə «Uzaq sahillərdə» filminə baxırıq. Filmi özümlə aparmışdım - ilk dəfəydi görürdü.

Hələ iyunun 20-də Sloveniyada olanda Azərbaycanda ilk dəfə Anjelikanın sağ olduğu haqda xəbər yaymışdıq. Anjela Perşiç deyir ki, həmin pilotkaya «titovka» deyilirdi, hərbi oyunlar keçiriləndə «titovka»nı tədbirlərə geyərdi.

Həmsöhbətimin 80 yaşı var, Vitovledə ikimərtəbəli böyük bir evdə tək yaşayır. O, İkinci Dünya Müharibəsi vaxtı Vitovle kəndində poçtalyon işləyib, həm də partizanlara kuryerlik edib. Anjela Perşiçin tez-tez məktub aparıb gətirdiyi partizanlar arasında Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseynzadə - Mixaylo da olub.

Filmdə Anjelika Mixaylonun sevgilsidi, Anjela Perşiçi mənə yerli sakinlər də belə nişan vermişdilər, amma o deyir ki, onunla Mixaylo arasında yalnız yaxın dostluq olub.

«Mən onunla tanış olanda 15 yaşım var idi – 16 yaşım hələ tamam olmamışdı, Mixaylo isə məndən 10 yaş böyük idi. Mənə belə bir tapşırıq verilmişdi ki, ona poçt daşıyım, mən də vəzifə borcumu yerinə yetirirdim, sevgiyə bizim vaxtımız yox idi, mən onda uşaq idim (gülür)».

Anjela Perşiç danışır ki, o vaxt-1944-cü ildə Mixaylonun xidmət etdiyi partizan batalyonu – rus batalyonu onların kəndində yerləşirdi. Deyir ki, bilirmiş ki, ondan yaşca böyük qızlar arasında Mixayloya vurulanlar var, amma Mixaylonun belə sevgi macəralarına vaxtı yox idi:

«O çox cəsur idi, qorxu deyilən şey ona yad idi, həmişə mübarizəyə hazır idi, güclü, layiqli, xeyirxah bir insan idi. Faşistlərə nifrət edirdi, deyirdi ki, onları məhv eləmək lazımdı».

Soruşuram ki, sizcə o söhbətlər haradan yaranıb ki, siz Mixaylonun sevgilisi olmusunuz...

«Ola bilsin bu mübarizə yoldaşlarının bir-birinə olan sevgisi idi. Biz hamımızın bir-birimizə hörmətimiz vardı, bir-birimiz üçün bacı-qardaş kimi idik».

Anjela Perşiç deyir ki, Mixaylo Vitovleyə gələndə onun xalasıgildə qalırmış. Ona görə də onun haqda çox şey bilirdi, amma o vaxt Mixaylonu Rusiyadan olan döyüşçü kimi tanıyırdı. Yalnız öləndə bilib ki, əslən Azərbaycandandı.

Cavanlıq şəkillərini göstərməsini xahiş edirəm, ən birinci ailəsinin şəkillərini göstərir, o Mixaylonun ölümündən 6 il sonra - 1950-ci ildə ərə gedib, iki qızı, bir oğlu olub, nəvələri var. Onlar da Vitovledə yaşayırlar. Əri bir neçə il qabaq dünyasını dəyişib.

«Filmdə məni xatırladan məqamlar var» - deyir, amma bu daha çox təxəyyül məhsuludu. Amma sonda - Mixaylonun ölümü səhnəsində hiss olunur ki, qəhərlənib.

«Mənim üçün bütün bunları yenidən görmək, xatırlamaq çox ağırdı... Mənə çox xoşdu ki, üstündən bu qədər keçəndən sonra mən onu – bu kino da olsa - yenə də canlı görə bilirəm... Mən onun xatirəsini əziz tuturam...»

Kövrəldiyini görüb, Mixaylo ilə aralarında sevgi olub-olmaması haqda sualı bir də təkrarlayıram. Cavabı bu dəfə bir qədər fərqli olur.

«...Həyat bu cürdü, hər bir insanın həyatında elə hadisələr baş verir ki, yalnız onun yaddaşında qalır...»

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG