Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:43

Qafqaz sabitlik paktı nədir?


Rusiya Türkiyənin təşəbbüsünü bəyənir
Rusiya Türkiyənin təşəbbüsünü bəyənir
Rusiya ilə Gürcüstan arasında silahlı münaqişə düşəndə Türkiyənin Xarici İşlər Nazirliyinin Qafqaz Departamentində neçə adam Ankarada öz iş yerində idi? Bu sualı verən «Türkiş Deyli Nyuz» yazır ki, heç kim.

Belə ki, Departamentin başçısı İraqın Mosul şəhərinə səfərə getmişdi. Onun müavini? – departament rəisinin müavini vəzifəsi 6 aydır ki, boşdur. Departamentin 3-cü işçisi Naxçıvanda ezamiyyətdə idi. Yerdə qalırdı bir ən aşağı vəzifəli işçi, o da məzuniyyətdə idi.

Xarici İşlər Nazirliyinin Qafqaz Departamentində cari işləri görməyə bir işçi olmayanda baş nazir Ərdoğan birdən-birə Qafqaz sabitlik paktı adlı yeni təşəbbüs irəli sürür. Bu təşəbbüs hətta Qafqaz işləri ilə yaxından məşğul olan Metyu Brayzə üçün də sürpriz olub.

Dövlət katibinin köməkçisinin Avrasiya və Avropa məsələləri üzrə müavini deyib ki, bu barədə ona əvvəlcədən qısa bir məlumat da verilməyib.

Qafqaz sabitlik paktı nədir? – Ərdoğan təklif edir ki, Qafqazın 3 dövləti – Gürcüstan, Ermənistan, Azərbaycan və regionun iki nüfuzlu dövləti – Türkiyə və Rusiya regionda sülh və sabitlik üçün bir əsas, bir platforma yaratsınlar və ya hətta pakt imzalasınlar.

Ancaq bu təşəbbüs irəli sürüləndən çox pessimistik qarşılanıb. Adı çəkilməyən Amerika diplomatı 2 gün qabaq «Türkiş Deyli Nyuz»a deyib ki, bu təşəbbüs real deyil, ona məzmun vermək çox çətindir. Qafqazda və Rusiyanın burdakı maraqlarında mübahisələr o qədər çoxdur ki və Rusiya ilə Gürcüstan arasında açıq düşmənçilik getdiyi vaxt bu plan işləməyəcək. Bir vaşinqtonlu təhlilçi isə deyir ki, bu pakt ideyası Suriya-İsrail münaqişəsini həll etməkdə Türkiyənin vasitəçiliyi ideyasına çox bənzəyir. Ancaq bir fərq var, Rusiya Qafqazda Qərbin dediklərinə məhəl qoymadığı bir vaxtda, hazırda Amerika da bu Qafqaz sabitlik paktını dəstəkləməyə maraq göstərmir.

Ancaq Ankaranın Bilkənt Universitetində tarix professoru Deyvid Barkard hesab eləyir ki, Qafqazda sabitlik və təhlükəsizlik paktı işlək qrupa çevrilə bilər.

«Regionda əməkdaşlıq üsulları var, misal üçün Qara Dəniz Əməkdaşlıq Təşkilatı. Bəziləri, xüsusilə Amerikada deyirlər bu qurum canlı deyil, ancaq işləyir ki. Eyni qayda ilə Sabitlik paktı regionda vəziyyəti izləyən quruma çevrilə bilər».

İngiltərənin «Qardian» qəzeti də yazır ki, Türkiyənin Yaxın Şərqdə və indi də Qafqazda yeni vasitəçi rolu perspektivli ola bilər.

Qəzet Türkiyə prezidenti Abdulla Gülün bu günlərdə Yerevana səfərini tarixi adlandırır. Qəzet yazır ki, Türkiyənin Ermənistandan başqa bütün qonşuları ilə çox yaxşı münasibətləri var, indi Ermənistanla da aradakı gərginlik azalsa, Türkiyənin Qafqazda vasitəçiliyi çox səmərəli ola bilər.

Qəzet onu da yazır ki, Türkiyənin sabitlik paktı ideyasının bədbin qarşılandığı vaxt bu ideyanı dəstəkləyənlərdən biri Ermənistan prezidenti Serj Sarkisyan olub. Sarkisyan bunu Abdulla Gülün təmsilçisi Ünal Çevikgözlə görüşdən sonra xüsusi bəyanatında deyib. Region ölkələrinin münasibətinə gəldikdə, Rusiya Türkiyənin təşəbbüsünü bəyənir, Azərbaycan ənənəvi olaraq Türkiyəni dəstəkləyir, Gürcüstanın xarici işlər naziri Eka Tkelaşvili isə deyib ki, Gürcüstan Rusiya ilə bir qrupa daxil olmağı o vaxt nəzərdən keçirə bilər ki, Rusiya bütün qoşunlarını Gürcüstandan çıxarsın. Suverenliyi pozulan ölkə bunu pozanla necə danışa bilər. Tbilisidə Amerikanın vitse-prezidenti Dik Çeyni də deyib ki, ilk növbədə Gürcüstanın suveren haqlarına hörmət qoyulmalıdır.
XS
SM
MD
LG