Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:51

Medvedev Əliyevlə telefonda nədən danışıb?


İlham Əliyev və Dmitri Medvedev Bakıda, 3 iyul 2008
İlham Əliyev və Dmitri Medvedev Bakıda, 3 iyul 2008
Siyasi ekspertlərin fikrincə, ABŞ-ın vitse-prezidenti Dik Çeyninin Bakıya səfəri başa çatsa da, bu səfərlə bağlı məqamlar, xüsusən Çeyni İlham Əliyevlə görüşən gün Rusiya prezidenti Dmitri Medvedevin ona zəng etməsi uzun müddət gündəmi məşğul edəcək. Onların fikrincə, Dmitri Medvedevin İlham Əliyevə Çeyni ilə görüşdən öncə, yoxsa, görüşdən sonra zəng etməsinin prinsipial fərqi var.

Rəsmi qaynaqlar bu haqda dəqiq bilgi vermir. Bu sırada Azərbaycan prezidentinin mətbuat xidməti də var. Qurumun başçısı Azər Qasımov: «Biz informasiya vermişik. Xəbərlər hansı ardıcıllıqla verilibsə, olaylar da o ardıcıllıqla baş verib».

-O zaman belə başa düşmək olarmı ki, İlham Əliyevlə Dmitrii Medvedevin telefon danışığı Dik Çeyni ilə görüşdən sonra baş tutub?
- Mən bununla bağlı heç nə deyə bilmərəm. Bir az qəliz sualdır. Çox xahiş edirəm, mən cavab vermirəm…»

Siyasi şərhçi Rauf Mirqədirov Rusiya prezidentinin Əliyevə Çeyni ilə görüşdən sonra zəng etdiyinə əmindir. Onun fikrincə, Moskva bunun İlham Əliyevin siyasi əhval ruhiyyəsini dəqiqləşdirmək istəyib:

«Bir gün öncə Rusiya Xarici İşlər naziri Lavrova Çeyninin Azərbaycana səfəri ilə bağlı sual verəndə o bildirmişdi ki, bu səfəri izləmir. Ancaq Mehvedevin zəngi sübut etdi ki, Rusiyanın hətta bir gün gözləməyə belə hövsələsi çatmadı və Medvedev görüşdən bir neçə saat sonra Əliyevə telefon açdı».

Mirqədirovun sözlərinə görə, Rusiya bütün hallarda Azərbaycanın Qərbə meyllənməsindən ehtiyatlanır. Qərb Azərbaycana həm enerji qaynağı, həm də tranzit ölkə kimi baxır. Bu sahədə Rusiyanın Azərbaycanla ciddi problemləri var. Çünki enerji resursları Rusiya üçün şantaj alətləridir.

Müsavat başqanı İsa Qəmbər də baş verənlərə bölgədə enerji qaynaqları və kommunikasiyalar uğrunda gedən mübarizə kontekstində yanaşmağı doğru sayır. Onun sözlərinə görə, ABŞ-ın Çeyni səviyyəli dövlət rəsmisinin Bakıya gələrək İlham Əliyevlə görüşməsi Rusiyanı ciddi narahatlığına səbəb olub:

«Buna görə də onlar telefonla fikirləri bölüşmək istəyirlər, həm də mesaj verirlər ki, nə olsun Çeyni gəlib, biz hətta telefonla da məsələləri həll edə bilərik. Yaxın günlərdə Pyatiqorskda Rusiya prezidentinin ənənəvi atçapma yarışları ilə bağlı görüşləri keçiriləcək. Ona diqqət yetirmək gərəkdir ki, İlham Əliyev ora gedir-getmir, əgər gedirsə, nələrdən danışır. Hələlik Çeyni ilə görüşdən sonra İlham Əliyev yenə də özünün ənənəvi ehtiyatlı şəklində danışdı və heç bir yeni söz demədi».

Müsavat başqanının sözlərinə görə, Rusiya bundan sonra da bütün vasitələrlə Azərbaycanın əsas qaynaq və tranzit ölkə ola biləcəyi «Transxəzər» və «Nabukko» rayihələrinin gerçəkləşməsinin qarşısını almağa çalışacaq.
XS
SM
MD
LG