Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:24

Ey hörmətli müəllim...


Orta məktəb müəllimləri isə bildirirlər ki, dərsdən əlavə başqa qazanc mənbələrinin axtarılması tədrisin keyfiyyətinə xeyli ziyan vurur
Orta məktəb müəllimləri isə bildirirlər ki, dərsdən əlavə başqa qazanc mənbələrinin axtarılması tədrisin keyfiyyətinə xeyli ziyan vurur
«Maaşla bir həftə dolanmaq mümkün deyil. Üç nəfərlik ailəni saxlaya bilmirəm. Gecələr başqa işlər görürəm - qəzetlərin çıxmasına kömək edirəm, fəhləlik edirəm…»

Bakının orta məktəblərinin birində riyaziyyat dərsi keçən və bunun müqabilində 145 manat alan müəllim belə deyir. Onun sözlərinə görə, bu maaş onun ailəsinin qane etmədiyindən əlavə qazanc mənbələri axtarmaq məcburiyyətində qalır. Söhbətləşdiyim digər orta məktəb müəllimləri də məvaciblərinin hətta gündəlik tələblərinə cavab vermədiyini və başqa yerlərə üz tutmalı olduqlarını deyirlər:

«95 manat alıram. Heç çörəyə, yeməyə əməlli–başlı çatmır».

Bakı şəhəri Təhsil İdarəsinin rəsmisi Bəhman Nəbiyev isə deyir ki, müəllim heç də deyildiyi kimi, 100-150 manat arası maaşla dolanmır. Yəni 12 saatlıq dərsi olan müəllim gündə 2 saat dərs keçir və günün digər hissəsini şagird hazırlamaq və ya istədiyi işdə işləməklə keçirir və ya keçirə bilər. Buna görə də onların əlavə qazanc mənbələri olur. O ki qaldı müəllimin rəsmi məvacibinin onu qane edə biləcək qədər artırılmasına, Nəbiyev deyir ki, müəllimlərin maaşlarının artırılmasına bir sıra problemlər maneçilik törədir:

«Azərbaycanda uzun illərdir bir problem var - bu da məktəblərdə müəllim-şagird sıxlığının çox olmasıdır. Müəllim sayının çox olması onun maaşının qaldırılmasına problem yaradır».

Orta məktəb müəllimləri isə bildirirlər ki, dərsdən əlavə başqa qazanc mənbələrinin axtarılması tədrisin keyfiyyətinə xeyli ziyan vurur. Hətta müəllimlərdən biri deyir ki, gecə işlədiyindən gündüz yorğun olur və dərs zamanı bir neçə dəfə şagirdlərdən üzr istəyib otağı tərk edib və beləcə sinif müəllimsiz qalır.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü isə təəssüflənir ki, müəllimlərin maaşlarının artırılması gözlənildiyi qədər olmadı. Çünki həmin artım bugünki bazar qiymətlərindən qat-qat aşağıdır:

«Bəzən məmurlar deyirlər ki, 7 ildir müəllimlərin əməkhaqqı artırılır. Ancaq hesablayanda görürük ki, 7 il ərzində əməkhaqları cəmisi 2.5 dəfə artırılıb. Bazarda isə qiymətlər günbəgün artır».

M.Mürşüdlü onu da bildirir ki, bu da məktəblərdə neqativ halların baş alıb getməsinə rəvac verir. Belə ki, məktəblərdə süpürgə, təbaşir, odun pulu, müəllim və ya direktorun ad gününə pul yığılması hallarının qarşısını almaq mümkün olmur.

Sentyabrın 1-də dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları orta hesabla 25 faiz artırılıb.
XS
SM
MD
LG