Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:02

Dik Çeyninin səfəri nəyi dəyişəcək?


«Dik Çeyninin regiona səfəri qarşıdakı bir ayın və ya yarım ilin strategiyasını müəyyənləşdirmək üçündür»
«Dik Çeyninin regiona səfəri qarşıdakı bir ayın və ya yarım ilin strategiyasını müəyyənləşdirmək üçündür»
«Cənubi Qafqazda yaranmış indiki vəziyyət XX əsrin 20-ci illərini xatırladır»-, tarixçi alim, millət vəkili Cəmil Həsənli belə hesab edir.
«1921-ci ildə də Rusiya Gürcüstanı işğal etmək istəyəndə Kirov və Orcenikidze işğal faktı açıq həyata keçirilməsin deyə Abxaziya və Cənubi Osetiyanın Tbilisinin üzərinə qaldırılmasını təklif edirdilər». Professorun sözlərinə görə hazırda bir qədər fərqli nüanslar olsa da, oxşar tendensiya müşahidə edilməkdədir. Ancaq indi dövr başqadır:

«O zaman əgər dünya Rusiyanın 1914-cü il sərhədləri çərçivəsində bərpa olunmasına göz yumurdusa, bu gün tamamilə fərqli situasiya müşahidə olunur. Burada Rusiyanın təklənməsi prosesi gedir və onun ətrafında yerləşən post sosialist ölkələr artıq öz təhlükəsizliklərindən ötrü əlavə imkanlar axtarmağa başlayıblar».

Cəmil Həsənli hesab edir ki, regiondakı gərginlik indiki şəkildə davam etsə, bu Rusiyanın beynəlxalq aləmdə təklənməsinə gətirib çıxaracaq.

Sonda Rusiyanın tək qalacağını düşünənlər az deyil. Hərə öz fikrini müxtəlif misallarla əsaslandırmağa çalışır. ABŞ-ın vitse-prezidenti Dik Çeyninin regiona səfəri də belə məqamlardan sayılır.

Onun Azərbaycana gəlişinə münasibətlər müxtəlif olsa da hamı etiraf edir ki, Çeyni dünya siyasi müstəvisində sıradan birisi deyil. O, təkcə siyasi fiqur yox, həm də enerji məsələlərinə bağlı bir şəxs kimi kifayət qədər ciddi simadır. Belə bir siyasətçinin regiona məhz indi gəlməsi Birləşmiş Ştatların Rusiyanın hərəkətlərinə nə dərəcədə ciddi yanaşmasının göstəricisidir.

Politoloq Hikmət Hacızadə düşünür ki, ABŞ-ın vitse-prezidenti Dik Çeyninin Azərbaycana səfərindən sonra rəsmi Bakının xarici siyasətində hansısa dəyişiklikləri gözləmək olmaz. İndi Gürcüstan olayları, Rusiyanın yeni siyasəti, onun təcavüzkarlığını artması və ona qarşı mümkün müdafiə üsulları müzakirə olunacaq. Mümkündür ki, NATO məsələsinə də toxunulsun. Amma strateji seçim məsələsi bir az arxa plandadır. Çeyninin səfəri Azərbaycanın bu hadisələrin fonunda hansı addımları atmasını müəyyənləşdirəcək:

«Qarşıdakı yaxın müddətdə Azərbaycan Gürcüstana kömək eləsin ya yox və ya necə eləsin? Rusiya hansısa tələblər irəli sürsə, Azərbaycan nə cavab versin? Amerika Azərbaycana hansı yardımlar edə bilər?»

Hikmət Hacızadə hesab edir ki, Dik Çeyninin regiona səfəri qarşıdakı bir ayın və ya yarım ilin strategiyasını müəyyənləşdirmək üçündür. Bir sözlə ABŞ vitse-prezidentinin regiona səfərinin bütün hallarda təsirsiz ötüşməyəcəyini deyən politoloqlar az deyil.

Politoloq Vəfa Quluzadə isə hesab edir ki, Dik Çeyninin Azərbaycana gəlişi ya heç nə verməyəcək, ya da çox böyük əhəmiyyətə malik olacaq. Hazırda Azərbaycan və Ukrayna işğal təhlükəsi qarşısındadır. Bunu ABŞ mənbələri özləri deyirlər. Ona görə də Çeyni ABŞ-ın Azərbaycan iqtidarını demokratiya basqıları ilə Rusiyaya meylləndirməsini davam etdirməkdənsə ona təhlükəsizlik təminatı verməlidir. Çünki bu məsələləri həll etmədən heç bir enerji təhlükəsizliyi barədə danışmağa dəyməz. Çeyni isə Corc Buşun əsas nümayəndəsidir:

«Corc Buş Çeyniyə öz səlahiyyətlərini verib göndərir bu regiona. Əgər Amerika artıq gücdən düşübsə, onda Dik Çeyninin bu səfərinin heç bir mənası olmayacaq. Yox əgər Birləşmiş Ştatlar öz müttəfiqlərinin arxasında dayana bilirsə bu artıq başqa məsələdir».

Tarixçilər kimi politoloqlar da, Rusiyanın regionda tarixi təkrarlamaq cəhdini inkar etmirlər. Amma belə düşünənlərin bəziləri hesab edir ki, bir zarafatı bir neçə dəfə təkrarlayanda ona cavab da gözlənildiyindən daha kəskin ola bilər.
XS
SM
MD
LG