Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:34

«Bakı ilə Ankaranın münasibətləri soyuya bilər»


«Son hadisələr göstərir ki, Türkiyə əgər onun dövlət maraqlarına zidd olarsa, Azərbaycanın müstəqilliyinin təminatçısı kimi çıxış etməyəcək»

«Son hadisələr göstərir ki, Türkiyə əgər onun dövlət maraqlarına zidd olarsa, Azərbaycanın müstəqilliyinin təminatçısı kimi çıxış etməyəcək»

Ermənistan prezidenti Serj Sərkisyanın Yerevanda birgə futbol izləmək təklifinə Abdulla Gülün cavabı hələlik bəlli deyil. Amma Türkiyənin Xarici İşlər naziri Əli Babacan avqustun 31-də bildirib ki, bir qrup türk diplomatı bugünlərdə Ermənistana gedəcək. Onlar həm prezident Gülün mümkün Ermənistan səfəri barədə danışıqlar aparacaq, həm də Baş nazir Rəcəb Tayyib Ərdoğanın Qafqazda Sülh və Əməkdaşlıq Platforması barədə təklifini müzakirə edəcək. Həmin təklif artıq Azərbaycan və Gürcüstanla da müzakirə edilib.

Türkiyə mətbuatı Ankaranın bu səfər üçün Yerevana beş şərt irəli sürdüyünü yazırlar. «Akşam» qəzetinin yazdığına görə, həmin şərtlər əsasən səfər zamanı hər hansı etiraz aksiyalarının olmaması, təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır. Türkiyədə hesab edirlər ki, səfərin təhlükəsizlik tərəfi son dərəcə önəmli olduğundan Gülün Ermənistana gedib-getməyəcəyi son ana qədər elan edilməyəcək.

Türkiyədəki Avrasiya Strateji Araşdırmalar Mərkəzinin Erməni Araşdırmaları İdarəsinin rəhbəri Ömer Lütem «Azadlıq» radiosuna deyir ki, əslində Ankara bu səfərə rəsmi protokol tətbiq etməmək üçün onun tarixini, proqramını açıqlamır.

Türkiyə qəzetləri isə prezident Gülün hava limanında Sarkisyanla qısa görüşünün, bundan sonra onların birlikdə Yerevanda Razdan stadionunda ölkələrinin futbol komandalarının yarışını izləmələrinin, sonra isə Türkiyə prezidentinin geri dönməsinin nəzərdə tutulduğunu yazırlar.
Türkiyənin Hakim Ədalət və İnkişaf Partiyasından 30 millət vəkili öz partiyasına müraciət edərək bu oyunu izləmək üçün Ermənistana getmələrinə icazə verilməsini istəyiblər.

Türkiyəki Avrasiya Strateji Araşdırmalar Mərkəzindən Ömer Lütem hesab edir ki, A.Gülün Ermənistana ayaq basması ilə Ermənistanla Türkiyə arasında bütün problemlər həll olunmasa da, danışıqlar üçün bir qapı açıla bilər.

Ö.Lütem bildirir ki, Türkiyə ilə Ermənistan arasında əsasən üç istiqamətdə problemlər var. Birincisi, Ermənistan 20-ci əsrin əvvəllərində Türkiyənin ermənilərə qarşı soyqırımı törətdiyini iddia edib, Ankaranın bunu tanımasını istəyir. İkincisi, son on altı ildə müstəqil olan Ermənistan dövləti hələ də Türkiyənin ərazi bütövlüyünü rəsmən tanımır və onun Türkiyəyə qarşı da ərazi iddiaları var. Üçüncüsü də Türkiyə Ermənistandan Qarabağın işğalına son qoymasını istəyir.

«Azadlıq» radiosunun erməni xidmətinin rəhbəri Hrayr Tamrazyan isə bildirir ki, Daşnaksütyun Partiyası artıq oyunun keçiriləcəyi gün – sentyabrın 6-da Yerevanda dinc mitinq keçirəcəyini bəyan edib. Onlar soyqırımı və ərazi mübahisəsinə görə, Türkiyə ilə münasibətlərin qurulmasının əleyhinədirlər. Hrayr Tamrazyan deyir ki, ümumilikdə Ermənistanda bu səfərin ölkələr arasında münasibətlərdə bir irəliləyiş yarada biləcəyini düşününənlər çoxdur:

«Yerevanda böyük gözləntilər yoxdur. Orada əsasən hesab edirlər ki, ən əsas nəticə ilk dəfə türk dövləti rəhbərinin Ermənistana səfəri ola bilər. Bunun özü iki ölkə arasında münasibətlərdə çox güclü bir irəliləyişdir».

Hələlik, Türkiyə prezidentinin Ermənistana mümkün səfərinə Bakının rəsmi reaksiyası yoxdur. «Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov hesab edir ki, Bakı ilə Ankaranın münasibətləri soyuya bilər, amma Türkiyə prezidentinin Ermənistana səfərindən daha çox, Ankaranın Kosovonu müstəqil dövlət kimi tanımaq qərarı və Gürcüstan məsələsindəki mövqeyinə görə:

«Türkiyə Şimali Kiprdəki maraqlarına görə, Kosovunun müstəqilliyini tanıdı. Gürcüstan məsləsində Rusiya ilə münasibətlərini pozmaq istəmədi. Son hadisələr də göstərir ki, Türkiyə əgər onun dövlət maraqlarına zidd olarsa, Azərbaycanın müstəqilliyinin təminatçısı kimi çıxış etməyəcək».

Bir az da Türkiyə ilə Ermənistan futbol yığmalarının qarşılaşması barədə. Bu iki ölkə arasındakı kəskin siyasi problemlər və Ermənistan prezidentinin bu oyuna türkiyəli həmkarını dəvət etməsi az qala futbol qarşılaşmasının özünə diqqəti azaldıb. Bəlkə də nəticələrin az qala indidən bəlli olmasına görə. Azərbaycan futbol yığmasının keçmiş rəhbəri Vaqif Sadıqov hətta üç qol fərqi ilə Türkiyə komandasının qalib gəlməsini gözləyir.

Türkiyə mətbuatının yazdığına görə, yığma sentyabrın 5-də xüsusi təyyar reysi ilə Ermənistana gedəcək. Həmin gün Razdan standionunda məşq edib ertəsi gün - sentyabrın 6-da Ermənistan yığması ilə qarşılaşacaq. Axşam isə İstanbula dönəcək.

Şərhləri göstər

XS
SM
MD
LG