Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:22

«Bölgədə dini separatçılıq meylləri güclənə bilər»


Sülhəddin Əkbər
Sülhəddin Əkbər
Avqustun 30-da Qusar rayonunun Dağıstanla həmsərhəd Həzrə yaşayış məntəqəsində Daxili Qoşunların bir giziri odlu silahla öldürülüb. Faktla bağlı Respublika Prokurorluğunda cinayət işi açılıb. Qurumun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev:

«Faktla bağlı Cinayət Məcəlləsinin 120–ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb. İstintaqı Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır».

Prokurorluq istintaqla bağlı başqa bilgi vermədiyinə görə, şübhəli şəxs qismində kiminsə saxlanıb-saxlanmadığı dəqiqləşməyib. Qusar rayon Prokurorluğundan isə «Azadlıq» radiosuna bildiriblər ki, dəstədə 5 nəfərin olduğu güman edilir. Hələlik onlardan heç biri yaxalanmayıb. Cinayəti törədənlərin axtarışı davam edir.

Daxili İşlər Nazirliyindən (DİN) də faktla bağlı heç bir bilgi verilmir. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidovun sözlərinə görə, baş verənlərlə bağlı onlarda hər hansı informasiya yoxdur. DİN rəsmisi vurğulayır ki, faktın araşdırılması bütünlüklə Respublika Prokurorluğunun səlahiyyətindədir.

Yerli qaynaqlar isə bildirirlər ki, Daxili Qoşunların əsgərini Dağıstandan Azərbaycana keçmək istəyən özünü sələfilər adlandıran, xalq arasında isə daha çox vəhabi kimi tanınan şəxslər güllələyib. Dağıstanın olay baş verən Həzrə kəndinə bitişik ərazilər vəhabi təriqətindən olanların toplaşdığı bölgə kimi tanınır.

Avqustun 30-dan başlayaraq Azərbaycanın Dağıstanla bütün sərhəd rayonlarında polis gücləndirilmiş iş rejimində işləyir. Yalama, Qusar, Xudat, Xaçmaz rayonlarına gediş-gəliş ciddi nəzarət altındadır.

Bu arada day.az saytı avqustun 17-də Bakıda vəhabilərin toplaşdığı «Əbu-Bəkr» məscidinə qumbara atmaqda şübhəli bilinən şəxslərdən bir neçəsinin saxlanması haqda xəbər yayıb. Sözügedən partlayışda 2 nəfər ölmüş, məscidin imamı Qamət Süleyman da daxil olmaqla bir neçə nəfər yaralanmışdı. Fakt üzrə cinayət işini Milli Təhlükəsizlik Nazirliyi (MTN) aparır. MTN-in Mətbuat Xidmətinin başçısı Arif Babayev isə «Azadlıq» radiosuna bildirib ki, faktla bağlı saxlanan yoxdur.

Milli Təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər baş verənlərə regionda yaranan yeni geosiyasi mərhələ kontekstində yanaşmağı məsləhət görür. Onun fikrincə, Qafqazda gedən savaş, superdövlətlərin regiondakı güc nisbətlərinin hansı yöndə dəyişməsi,
Cənubi Qafqaz ölkələrini öz seçimlərini bir daha dəqiqləşdirməyə məcbur edir:

«Dini amil çox həssas məsələdir. Azərbaycan hakimiyyəti də olayların qabardılmasında maraqlı deyil. Diqqət edirsinizsə, proseslər yalnız Cənubi Qafqazda deyil, Şimali Qafqazda da davam edir. Ancaq baş verənlərin mahiyyətinə varmadan, informasiyaları cəmiyyətdən gizli saxlamaqla məsələləri həll etmək mümkün deyil».

S.Əkbərin fikrincə, əgər Azərbaycan dövləti məsələyə həssaslıqla yanaşıb situasiyanı Azərbaycanın xeyrinə olan tərzdə idarə edə bilməsə, bölgədə milli-dini separatçılıq meyllərinin güclənə biləcəyi şübhəsizdir.

Qusarın yerli sakinlərinin verdiyi xəbərə görə, ötən iki gündə polislər vəhabi təriqətindən olan insanları polis bölməsinə apararaq onların barmaq izlərini götürür.
XS
SM
MD
LG