Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:38

Namizədlər nədən danışacaqlar?


«Məhz seçicinin həllini arzu etdiyi problem namizədin seçki platformasında öz əksini tapmalıdır»

«Məhz seçicinin həllini arzu etdiyi problem namizədin seçki platformasında öz əksini tapmalıdır»

Bir neçə həftədən sonra prezidentliyə namizədlər seçicilərinin qarşısına öz platformalarıyla çıxacaqlar. Seçicilər namizədlərin proqramlarında hansı problemlərin əks olunmasını istəyərdilər? Gözlədikləri, umduqları nədi?
Xarici firmalardan birində çalışan, mühasib olduğunu söyləyən Aqşin Ağayev namizədlərin platformasında birinci yerdə söz azadlığı və demokratiya təminatı vədinin durmasını istəyir:

«Mənim fikrimcə, namizədlər öz platformalarında söz azadlığı və demokratiya məsələsini qoysalar, daha məqsədəuyğun olar. Çünki Azərbaycanda buna daha çox ehtiyac var. İkinci yerdə iqtisadi məsələlər, sosial ədalət məsələsi olsa, yaxşıdır».
Tibb işçisi Gülyaz Həsənova isə ərzaq bahalaşmasından və ərzağın keyfiyyətindən narahatdı və deyir ki, namizədlər öz diqqətlərini əsasən ərzaq bahalaşmasının qarşısının alınmasına yönəltməlidirlər:

«Çox bahaçılıqdı. Anarxiyadı. Hansı satıcı hansı qiyməti istəyir onu da verir. Namizədlər bu məsələyə diqqət versələr yaxşıdır. Bir də aztəminatlı ailələr üçün dolanmağa şərait yaradılsın».

Heç yerdə işləməyən hüquqşünas Mirmehdi Mahmudoğlu isə təklif edir ki, namizədlər əsas təhsil və hüquq islahatlarına diqqət ayırsınlar:

«Hələ bu ölkədə «Təhsil haqqında» qanun qəbul olunmayıb. Təhsil islahatına, hüquqi islahata ciddi ehtiyac var».
Bəs seçicinin səsi namizədə çatırmı? Seçki Monitorinq Mərkəzin rəhbəri Anar Məmmədli deyir ki, seçicinin səsini eşitmək üçün onunla görüşmək lazımdı. Ancaq son illərin təcrübəsi göstərir ki, istər prezidentliyə, istər də deputatlığa namizədlərin seçiciylə təmasları yetərli qurulmur. Anar Məmmədlinin fikrincə, buna görə də namizədlərin seçki platforması bir-birinə oxşayır:

«Namizədlər daha çox korrupsiya, məmur özbaşınalığı, qiymət bahalığı, sosial problemləri qabardırlar. Bu baxımdan namizədləri fərqləndirmək çətin olur, daha çox ehtiyac var ki, seçicilər namizədləri fərqləndirə bilsinlər. Bu baxımdan daha çox seçici ismarıcına, seçici şüarına, spesifik xüsusiyyətlərə ehtiyac var».

Beynəlxalq Jurnalistika Mərkəzinin Azərbaycan üzrə direktoru Çarlz Rays deyir ki, amerikalı seçici də digər ölkə vətəndaşlarından fərqlənmir, onun da istəyi məişət problemlərindən tutmuş gün-güzəranın yaxşılaşması üçün lazım olan bütün sahələri əhatə edir:

«Hər cür problemdən danışırlar. Onlar təzə yol istəyə bilərlər, təzə körpü istəyə bilərlər. Ola bilsin ki onların sağlamlıq sığortaları yoxdur, bunu istəyə bilərlər. Onların həyatlarına birbaşa təsir edə biləcək şeyləri istəyirlər. Təzə məktəb, müəllimlərin maaşını artırmaq, ya da ki amerikalılar üçün tibbi xidmətin həyata keçirilməsi – bu kimi məsələləri seçicilərdən eşitmək olar».

Amerikada namizədlər mümkün qədər daha çox seçici ilə görüşürlər. Onlar şəhər görüşləri keçirirlər, kütləvi görüşlərə üstünlük verirlər. Radioya, televiziyalara gedirlər, tok-şoularda iştirak edirlər. Və onlardan soruşurlar ki, onların hansı problemləri var. O problemləri öyrənməyə çalışırlar ki, seçilsələr, bunu həll edə bilsinlər.

Seçki Monitorinq Mərkəzin rəhbəri Anar Məmmədli isə deyir ki, Azərbaycanda bəzi hallarda namizədlər seçicinin arzu və istəyini öyrənməyə maraq göstərmir, bir çox hallarda isə seçiciylə təmasa imkan verilmir. Amma o hesab edir ki, məhz seçicinin həllini arzu etdiyi problem namizədin seçki platformasında öz əksini taparsa, bu proqram daha cəlbedici görünər.

Şərhləri göstər

XS
SM
MD
LG