Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:42

«Oğlumu tapın verin»


Mina Sadıqova
Mina Sadıqova
2008-ci ilin ilk rübünə olan məlumata görə, ölkənin əsir, itkin düşmüş və girov götürülmüş vətəndaşlarının sayı 4264 nəfərdir. Onlardan 3439 nəfər hərbçi, 817 nəfər isə mülki şəxslərdir.

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla İş üzrə Dövlət Komissiyasının məlumatına görə, 100 nəfər itkin düşmüşün adı siyahıdan çıxarılıb. Onlardan 26-sının sağ olduğu, bəzilərinin Azərbaycandan kənarda yaşadığı, 33 nəfərin isə döyüşlərdə həlak olduğu bəlli olub. Amma Mina Sadıqovanın 1994-cü ildə orduya yola saldığı oğlunun nə öldüsündən, nə də qaldısından xəbəri var.

«Deyiblər ki, siz narahat olmayın, oğlunuz itkin düşüb, Xankəndində əsirlikdədir. Mən də demişəm ki, tapın oğlumu verin. O yer qalmayıb ki, getməyim. Deyirlər ki, oğlunuzu axtarırıq. Sağdı, diridir, heç bir xəbər verən yoxdur».

Gözünü oğlunun, nişanlısının, qardaşının yoluna dikənlər bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin keçirdiyi fotosərgiyə dikmişdilər:

«1993-cü ildə əsgərliyə getmişdi. Həvəslə böyütdüyüm, ilk oğlumun 2004-cü ilə qədər sağ olması xəbərini eşidirik. Amma düzgün bir xəbər ala bilmirik».

İtkinlərin yaxınları deyirlər ki, başlıca problemləri düzgün, dəqiq məlumat əldə edə bilməməkdir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin əlaqələndiricisi Suzanna Lopez də zərərçəkənlərin məlumat almaq hüququnun vacibliyini deyir:

«Bu qeyri-müəyyənlik, həyatlarını darmadağın etmiş hadisələri unuda bilməyən, saysız-hesabsız ailələr üçün acı bir reallıqdır. Onların məlumat almaq hüququnun təmin olunması mühüm məsələdir və buna hörmət olunmalıdır».

Suzanna Lopez deyir ki, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün əsas məsuliyyət Cenevrə konvensiyalarına qoşulmuş ölkələrin üzərinə düşür. Konvensiyaların tələbləri pozulduğu hallarda, onun müəyyən etdiyi prosedurlar çərçivəsində araşdırma aparılması üçün isə dövlət komissiyası təşəbbüs göstərir. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla İş üzrə Dövlət Komissiyasının sədri Firudin Sadıqov isə deyir ki, Avropa Şurası Parlament Assambleyası, BMT kimi qurumların bu problemlərlə məşğul olması sayəsində onlar öz məqsədlərinə nail olacaq:

«Azərbaycan dövləti bütün itkinlərin axtarılıb tapılması üçün əlindən gələn bütün işləri edir və bundan sonra da edəcək».

4264 nəfər əsir, itkin düşmüş və girov götürülmüş vətəndaşların yaxınları isə hələ də ümid edir. Pis və ya yaxşı – istənilən bir xəbəri almaq üçün.
XS
SM
MD
LG