Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:03
«Əbu Bəkr» məscidi dindarlarının polisə çağırılması davam edir. Dindarların «Azadlıq» radiosuna verdiyi məlumata görə, avqustun 28-də daha 11 nəfər Əzizbəyov rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinə çağırılaraq zorla saqqalları qırxılıb. Saqqalı qırxılan dindar Azər Həsənov deyir ki, əvvəlcə onlara deyilib ki, bu işi özləri könüllü etsinlər, amma dindarlar buna etiraz edəndən sonra onların saqqalları zorla qırxılıb:

«Dedilər, bu, yuxarıdan gələn göstərişdir».

Daha bir dindar Nail Məmmədov isə Yasamal rayonunun 29-cu Polis Bölməsində olub. O, bölmədə hər hansı zorakılığa məruz qalmayıb. Anar adlı müstəntiq Naili təxminən 20-25 dəqiqəlik sorğu-sual edib, barmaq izlərini götürüb, şəklini çəkib. Ona deyilib ki, bunlar «Əbu Bəkr» məscidində baş verən hadisənin istintaqıyla bağlıdır.

Nail Məmmədov deyir ki, bir gün əvvəl Quba rayonunda olanda da polisə çağırılıb və Yasamal polisindəki prosedurlar eynilə orda da təkrarlanıb.

Amma bir neçə gün əvvəl 20 nəfərə yaxın dindar ayrı-ayrı polis bölmələrinə çağırılaraq zorla saqqallarının qırxıldığını iddia edirdilər. Həmin dindarların «Azadlıq» radiosuna dediklərinə görə, onları izahat almaq üçün çağırsalar da, sonradan zorla hamısının saqallını qırxıblar. Ancaq Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu faktı təkzib etmişdi.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, polis bölmələri bərbərxana deyil ki, kiminsə orda saqqalını, saçını qırxsınlar:

«Polis bölməsi bərbərxana deyil ki, orda adamların üzü-başı qırxılsın. Ola bilər ki, hansısa polis bölməsinə çağırılan və cinayətdə şübhəli bilinən şəxsin saçından və ya paltarından ekspertiza üçün nümunə götürülsün. Amma kütləvi şəkildə camaatın üzünün-başının polis şöbəsində qırxılması inandırıcı deyil».

Səbayel rayon 8-ci Polis Bölməsinə çağırıldığını bildirən dindar Fikrət Aydəmirov isə deyir ki, o, buna etiraz edəndə polislər əl-qolunu bağlayıb saqqalını qırxacaqlarıyla hədələyiblər.

Partlayış zamanı yüngül xəsarət alan «Əbu Bəkr» məscidinin imamı Qamət Süleyman isə deyir ki, istintaq araşdırmasıyla bağlı bütün dindarlar dindirilir. Onların hamısının barmaq izləri götürülür. Dindarların polisə çağırılması bir qədər narahatlıq döğursa da, Q.Süleyman bildirir ki, bu, cinayətkarların tapılmasına yardım etmək üçün olduğundan onların bu məsələyə etirazları yoxdur. Qamət Süleymanın sözlərinə görə, bir neçə gün əvvəl polis bölmələrində dindarlara edilən zorakılıqlar indi təkrarlanmır:

«Hamımız gedib istintaqa məlumat verə bilərik. Amma bəzi polis bölmələrində problemlər olub, inşallah mənə elə gəlir ki, bu söhbət qurtarar».

Qamət Süleyman deyir ki, hansı qruplaşmalar tərəfindən məscidə hücum ola biləcəyi ehtimallarını istintaqa deyib. Amma tərəflər çox olduğundan bu barədə indidən konkret fikir söyləmək çətindir:

«Gözləmək lazımdır ki, həmin canilər tutulsun, ondan sonra hər şey aydın olacaq».

Məsciddəki partlayışla bağlı istintaqı aparan Bakı şəhər Prokurorluğunun müstəntiqi Ramiz Rzayev isə hələlik hər hansı yeni məlumatın olmadığını deyir.

Bir neçə gün əvvəl bəzi polis bölmələrində zorla saqqalları qırxılan dindarlar avqustun 28-də təkrar hüquq mühafizə orqanlarına, kütləvi informasiya vasitələrinə müraciət ediblər. Onlar dindarlara fiziki və mənəvi işgəncələr vermiş polislərin cəzalandırılmasını və pozulmuş hüquqlarının bərpasını istəyirlər.

Şərhləri göstər

XS
SM
MD
LG