Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:01

«Azərbaycanın təhlükəsizlik təminatı yoxdur»


«Hadisələr bizim bölgədə baş verir, Qarabağ konflikti ilə birbaşa bağlı olan məsələlərdir»
«Hadisələr bizim bölgədə baş verir, Qarabağ konflikti ilə birbaşa bağlı olan məsələlərdir»
«Cənubi Osetiya və Abxaziyanın tanınması Rusiyanın daxilində etnik separatizmi gücləndirəcək».

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli belə deyir. Onun sözlərinə görə, bu addım Rusiyanın qonşularla münasibətlərini gərginləşdirəcək və onu beynəlxalq izolyasiyada qoyacaq.

Əli Kərimli yaranmış durumda etnik separatçılıqdan əziyyət çəkən Azərbaycanı Rusiyanın işğalçı siyasətinə açıq etiraz etməyə çağırır. Onun fikrincə, indi Bakının Ermənistanın Qarabağı məhz Rusiyanın hərbi-siyasi dəstəyilə işğal etməsini sübut etmək üçün real imkanları yaranıb:

«İndi Qarabağı qaytarmaq üçün prinsipial addımların zamanıdır. Azərbaycan özünü sivil dünyanın bir parçası kimi aparmalıdır».

Milli Birlik Hərəkatının lideri Lalə Şövkət isə Rusiyanın bu addımı ilə yenidən soyuq savaş başladığını deyir. Onun fikrincə, Azərbaycan iqtidarı olduqca çətin durumdadır. Bununla belə, o, rəsmi Bakını indiyə qədər davam etdirdiyi Rusiya ilə Qərb arasında balanslaşdırılmış siyasət kursundan ayrılmağa çağırır.

«Azərbaycanın təhlükəsizlik təminatı yoxdur. Bizimlə savaş aparan Ermənistanın Rusiya ilə hərbi müqaviləsi varsa, Moskva onun arxasında dayanırsa, Azərbaycanı müdafiə edən yoxdur. Ona görə də Azərbaycan öz seçimini birmənalı etməlidir».

Politoloq Eldar Namazov isə rəsmi Bakını dəvəquşu mövqeyindən əl çəkməyə çağırır. Onun sözlərinə görə, əgər indiki durumda Azərbaycan Rusiyaya güclü qonşu prizmasından yanaşıb çəkingənlik göstərsə, bu, yeni siyasi məğlubiyyətlərə yol aça bilər:

«Necə ki, Kosovanın müstəqilliyinin əleyhinə Azərbaycan çox aydın münasibət bildirdi, Rusiyanın Qafqazda işğalçı siyasətinə, separatizmi dəstəkləməsinə də açıq etirazını bəyan etməlidir. Gürcüstan məsələsində Azərbaycanın mövqeyi ondan da sərt olmalıdır. Ona görə ki, hadisələr bizim bölgədə baş verir, Qarabağ konflikti ilə birbaşa bağlı olan məsələlərdir».

Deputat Arzu Səmədbəyli isə ən qısa zamanda regionda yaranan gərgin durumla bağlı Milli Məclisin fövqəladə toplantısının çağırılmasını təklif edir. Onun sözlərinə görə, hökumət nümayəndələrinin də iştirakı ilə keçirilən toplantıda rəsmi Bakı yarana biləcək təhlükələrdən qorunmaq üçün tək yol olan Avroatlantik məkana fəal inteqrasiya ilə bağlı qərar qəbul etməlidir:

«Heç bir qarantiya yoxdur ki, sabah bu hadisələr Azərbaycanda baş verməyəcək. Biz bunu Xocalı faciəsi zamanı görmüşük, 90-cı ilin yanvarında Rusiya qoşunları Bakıda nə qədər dinc insanı qırdı?»

Səmədbəylinin proqnozuna görə, dünya birliyi Rusiyanı beynəlxalq hüquq normalarına əməl etməyə məcbur edə bilməsə, növbət hədəf Azərbaycan və Ukrayna olacaq.

Rəsmi Bakı Rusiyanın Gürcüstana hərbi müdaxiləsilə bağlı açıq mövqe nümayiş etdirməsə də, Gürcüstanın ərazi bütövlüyünü müdafiə etdiyini bildirir.
XS
SM
MD
LG