Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:53

Rusiyanın BMT-dəki nümayəndəsi Saakaşvilini prezident adlandırmadı


Rusiyanın BMT-də daimi nümayəndəsi Vitali Çurkin
Rusiyanın BMT-də daimi nümayəndəsi Vitali Çurkin
BMT-nin Baş katibi Ban Ki-Mun avqustun 26-sı səhər saat 4-də yuxudan oyanıb. Rusiyanın BMT-dəki missiyası ona rəsmi məktub verib ki, Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyır. Baş katib bu dəyişikliyin Təhlükəsizlik Şurasının, BMT-nin Gürcüstandakı Müşahidə Missiyasının işinə əngəl yaradacağını bilir. Bunu Ban Ki-Munun sözçüsü Mişel Montas deyir:

«Bu hadisələr Qafqazda təhlükəsizlik və sabitliyə ciddi təsir göstərəcək. Baş katib təəssüflənir ki, Təhlükəsizlik Şurasının Gürcüstanda böhranın həllinə yönəlmiş cəhdləri daha da çətinləşə bilər».

Rusiyanın BMT-də daimi nümayəndəsi Vitali Çurkin və Gürcüstanın nümayəndəsi İrakli Alasaniya avqustun 26-da mətbuat konfransı keçiriblər. Qabaqcadan hazırlanmış çıxışında Çurkin iki dəfə Gürcüstanın gələcək liderlərindən danışıb. O, Mixail Saakaşvilini bir dəfə də olsun prezident adlandırmayıb. Ancaq bir yerdə cənab Saakaşvili sözünü işlədib.

Səfir Alasaniya isə Rusiyanı işğalçı adlandırıb, deyib ki, yeni yaranmış situasiyada Moskvayla Tbilisi arasında dialoq mümkün deyil.

Diplomatların mətbuat konfransları sivil şəkildə keçib, ancaq iki halda hər iki səfir jurnalistlərin tərəf saxladığını deyib özlərindən çıxıblar.

Gürcüstan-Rusiya böhranı avqustun 28-də Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının illik samitində də müzakirə olunacaq. Bu qurum əvvəllər Rusiyanın Çeçenistanda əməliyyatlarını, Orta Asiyada islamçı yaraqlılara qarşı mübarizəni dəstəkləyib. Ancaq Cənubi Osetiya və Abxaziyanı dəstəkləmək qurum üzvləri üçün çətin olacaq.

«Eurasia» saytının və «Ceynz» İnformasiya Qrupunun redaktoru Metyu Klements Rusiya Cənubi Osetiya və Abxaziyanı tanımamışdan əvvəl «Azadlıq» radiosuna müsahibə verib. Dediyinə görə, Çin çətin ki, Qafqazdakı son proseslərdən razı qalsın:

«Çinin özünün separatçılarla problemləri var. Xüsusilə də Xincianq və Tibetdə. Buna görə, bu, çox həssas məsələdir və buna görə də Çin həmişə separatçılıq əleyhinə olub. Separatçı regionlara bu cür dəstək vermək, hətta onları tanımaq Çin üçün doğrudan çox həssas məsələdir».

Separatçılıq təkcə Çin üçün deyil, Orta Asiya ölkələrinin demək olar ki, hamısı üçün narahatlıq doğurur. Qazaxıstanda etnik ruslar, Qırğızıstan və Tacikistanda özbəklər, Özbəkistanda etnik taciklər yaşayır. Klementsin sözlərinə görə, Orta Asiya narahatdır ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması bu regionda da təlatüm yaradar. Bundan başqa, Rusiyanın Qafqazda etdikləri Orta Asiyada etnik rus faktorunu da qabardır. Son proseslər Orta Asiya hökumətlərinə bir xəbərdarlıqdır ki, Rusiyanın artıq bu regiona girməyə bəhanəsi var.

Metyu Klements inanır ki, Rusiya Şanxay Əməkdaşlıq Təşkilatının dəstəyini alacaq. Ancaq bu dəstək sammitin sonunda qəbul olunacaq bəyanatda çox ehtiyatla ifadə olunacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG