Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:36

«Qafqaz anı»


Vartan Oskanyan, 7 dekabr 2006
Vartan Oskanyan, 7 dekabr 2006
«Neft kəmərinin təhlükəsizliyi vacibdirsə, onda Dağlıq Qarabağ münaqişəsinin yarada biləcəyi təhlükəni təsəvvür edin. Bu, beynəlxalq ictimaiyyətə xəbərdarlıqdır».

Ermənistanın keçmiş Xarici İşlər naziri Vartan Oskanyan «İnternational Herald Tribune» qəzetində «Qafqaz anı» başlıqlı məqaləsində belə yazır. Müəllifə görə, Cənubi Osetiya münaqişəsinə yalnız Gürcüstan-Rusiya münasibətləri prizmasından baxmaq lazım deyil. Bu, etnik münaqişədir və Qafqazdakı konfliktlərdən yalnız biridir. Bu münaqişələri donmuş saymaq olmaz. Regionda təhlükəsizlik paktı yoxdur, silahlanma gedir, bu da milli büdcələrin sabitliyini pozur, mülki cəmiyyətin normal inkişafına mane olur.

Vartan Oskanyan yazır ki, Qafqaz xalqlarını ayıran məsələlər olsa da, Avropaya inteqrasiya baxımından onları ümumi mövqe birləşdirir. Və Avropaya inteqrasiya NATO-nun genişlənməsi kimi mübahisə doğurmur. Tarixdə belə bir şey olmayıb ki, konkret bir düşməni yıxmaq üçün nəhəng koalisiya yaradılsın, bu iş yerinə yetiriləndən sonra həmin koalisiya saxlansın.

Oskanyan bildirir ki, Gürcüstanın NATO-ya üzvlüyə can atması başa düşüləndir. Ancaq NATO-ya üzvlüyün Gürcüstana təhlükəsizlik baxımından verəcəyi fayda Qafqazı ikiyə böləcək. Və bu, Qafqazda yeni regional təhlükəsizlik paktı yaratmaq baxımından tarixi bir andır.

Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev deyir ki, regionda təhlükəsizlik baxımından qütbləşmənin mənbəyi əslində Ermənistandır:

«Oskanyan bununla ikiüzlülük edir. Çünki Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizliyin üzvüdür».

Vartan Oskanyan yazır ki, Gürcüstan-Rusiya münaqişəsinə görə, Amerika-Rusiya qarşıdurması regionda durumu çətinləşdirəcək, təkcə Ermənistan üçün yox, elə Azərbaycan və Türkiyə üçün də.

Bütün bu təhlükəsizlik məsələlərini nəzərə alaraq, Türkiyənin Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması təklifinə baxmaq lazımdır.

Oskanyan yazır ki, bu ideya 1999-cu ildə ortaya atılsa da, onda həyata keçmədi. Məqalədə deyilir ki, bu gün yenə də regionda güc işlənib. Türkiyənin təklifi maraqlıdır və heç kəsin üzərinə öhdəlik qoymur. Ancaq konsepsiya düzgün inkişaf etdirilməlidir. Məsələn, Qara Dəniz İqtisadi Əməkdaşlıq Paktının səmərəsi ona görə məhdud oldu ki, Türkiyə Ermənistanla əməkdaşlığa getmədi:

«Təsadüfə bax ki, Ermənistan prezidenti Serj Sarkisyan türk həmkarını sentyabrın 6-da Türkiyə-Ermənistan futbol matçını seyr etməyə Yerevana dəvət edib».

Vartan Oskanyanın fikrincə, bu matç, ümumi təhlükəsizlik maraqlarının müzakirəsi və regionda sülhə nail olmaq üçün yaxşı imkandır.

Konfliktoloq Elxan Mehdiyevin fikrincə, Qafqazda Sabitlik Paktı ideyası Ermənistan üçün çox əhəmiyyətlidir. Çünki Ermənistan guya Azərbaycan və Türkiyə ilə bir paktda olub, əslində Türkiyədən yararlanacaq:

«Ancaq bu paktın baş tutması sual altındadır. Çünki Gürcüstan NATO-ya üzv olmağa çalışır və belə bir pakt regionu Rusiyanın və Türkiyənin nəzarətinə almağa xidmət etmiş olar».

Elxan Mehdiyev deyir ki, Gürcüstan Rusiyanın söz sahibi olduğu quruma daxil olmaq istəməz, heç Birləşmiş Ştatlar da buna razı olmaz.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG