Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:02

«Kim gedib baxacaq o lövhələrə?»


Dairə Seçki Komissiyaları tərəfindən ayrılan lövhələrə gəlincə, İqbal Ağazadə bu təbliğat vasitəsini gülünc adlandırır

Dairə Seçki Komissiyaları tərəfindən ayrılan lövhələrə gəlincə, İqbal Ağazadə bu təbliğat vasitəsini gülünc adlandırır

Oktyabrın 15-də keçiriləcək prezident seçkisinə qatılmaq istəyənlər 28 gün ərzində təbliğat-təşviqat kampaniyası apara bilərlər. Seçki Məcəlləsinə edilən dəyişiklikdən sonra təbliğata ayrılan müddət iki dəfə azaldılıb.
Mərkəzi Seçki Komissiyasının Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, bu müddət ərzində namizədlər İctimai Televiziya (İTV) və radiodan, o cümlədən dövlət qəzetlərindən pulsuz istifadə edə biləcəklər:
«Həmçinin icra hakimiyyətləri tərəfindən müvafiq yerlər ayrılıb ki, orda öz seçiciləriylə görüşsünlər».
Amma yeni dəyişikliyə görə, daha namizədlər öz seçki platformalarını, təbliğat materiallarını istədikləri yerə yapışdıra bilməyəcəklər. Azər Sarıyev deyir ki, bunun üçün müəyyən yerlərdə lövhələr ayrılıb və namizədlər öz materiallarını bu lövhələrə yerləşdirə biləcəklər. Lövhənin içi isə namizədlər arasında bərabər bölünəcək:
«Nəzərə almışıq ki, namizədlərin sayı ona çatsa belə, hamısına bəs etsin. Bu, ona görə belə edilib ki, dövlət binaları korlanmasın».
Azər Sarıyev deyir ki, təbliğat materiallarını mağaza vitrinlərinə də yapışdırmaq olar. Əgər mağazanın yerləşdiyi bina tarixi bina deyilsə, onda sahibkarlar öz qərarında müstəqildirlər. İstəsə, icazə verər, istəməsə yox.
Bəs sahibkarlar necə, mağazasının vitrinindən prezidentliyə namizədə istifadə etməyə icazə verəcəklərmi? Bəziləri yalnız öz namizədinə belə imkan verə biləcəyini bildirir, digərləri isə «yox» deyə söyləyir. Səbəbini də onunla izah edir ki, vitrin yalnız mağazanın mallarının reklamı üçündür.
Prezidentliyə namizəd İqbal Ağazadə deyir ki, iqtidar namizədini dəstəkləməyən özəl müəssisə rəhbərləri heç də istədikləri namizədin təbliğat kampaniyasına kömək edə bilməyəcəklər:
«Həmən onlara təzyiq edərlər».
Dairə Seçki Komissiyaları tərəfindən ayrılan lövhələrə gəlincə, İqbal Ağazadə bu təbliğat vasitəsini gülünc adlandırır:
«Kim gedib baxacaq o lövhələrə?»
Prezidentliyə namizədin sözlərinə görə, 28 günlük təbliğat müddəti heç ölkəni tamam-kamal gəzməyə imkan vermir:
«Təsəvvür edin ki, Azərbaycanın 75 rayonunda təbliğat aparmaq, gəzmək çətindir».
İqbal Ağazadə hesab edir ki, efir üçün yalnız İctimai TV-nin və radionun ayrılması da prezidentliyə namizədin öz səsini seçiciyə çatdırması üçün kifayət etməyəcək:
«Bilirsiniz ki, İTV 6 ötürücü qurğuyla yayılır və bütün ölkəni tam əhatə etmir. AzTV isə 24 ötürücü qurğuyla yayılır».
Amma hakim partiya yetkililəri Seçki Məcəlləsinə təbliğat kampaniyasıyla bağlı edilən son dəyişiklikləri dəstəkləyir. Onlar hesab edirlər ki, güclü namizəd bu imkanlarla belə seçicinin diqqətini cəlb edə bilər.
Seçki mütəxəssisi Hafiz Həsənov isə deyir ki, Seçki Məcəlləsinə edilən son dəyişikliklərdən də əvvəl effektli seçki kampaniyası aparmaq üçün məhdudiyyətlər var idi. Amma onun fikrincə, son dəyişiklikdən sonra təbliğat üçün verilən vasitələr namizədə parlaq təbliğat kampaniyası aparmağa imkan verməyəcək. Hafiz Həsənov deyir ki, 28 gün ərzində heç bir namizəd həm ölkəni gəzib seçiciləriylə görüşə, həm də efir vasitəsilə çıxışlar edə bilməz.
XS
SM
MD
LG