Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:08

Ordumuz «qarışıq sistem»ə keçir?


Komissiyanın əsas vəzifəsi NATO, sovet və milli hərbi sistemin bir araya gətirilməsi yollarını üzə çıxarmaqdan ibarət olacaq
Komissiyanın əsas vəzifəsi NATO, sovet və milli hərbi sistemin bir araya gətirilməsi yollarını üzə çıxarmaqdan ibarət olacaq
«Ayna» qəzeti:

Yaxın vaxtlarda Azərbaycan Silahlı Qüvvələrində milli standartların tətbiqinə dair xüsusi komissiyanın yaradılması gözlənilir.

Bu barədə «Ayna» ya hökumətdəki mənbələrdən məlumat verilib. Məlumata görə, komissiya NATO standartlarının Azərbaycanın hərbi quruculuq prosesinə, milli xüsusiyyətlərə, ölkənin milli maraqlarına, ərazi xüsusiyyətlərinə və s.-yə uyğunluğu prosesini öyrənəcək. Bundan sonra keçmiş sovet hərbi standartlarının və Azərbaycanın tarixi hərbi ənənələrinin sistemə salınması yolları aranacaq.

«Komissiyanın əsas vəzifəsi 3 hərbi sistemi - NATO, sovet və milli hərbi sistemin bir araya gətirilməsi yollarını üzə çıxarmaqdan ibarət olacaq. Hökumətdə hesab edirlər ki, bu kimi sistemlərin bir araya gəlməsi Azərbaycanda sağlam, güclü ordu quruculuğuna ciddi töhfə verəcək», - deyə «Ayna»ya ötürülən məlumatda bildirilir.

Lakin müstəqil ekspertlər «qarışıq sistem»in ordu quruculuğuna fayda verməyəcəyi fikrindədirlər. «Ayna» məsələ ilə bağlı bir qrup hərbi ekspert arasında sorğu aparıb. Onların fikrincə, tez-tez standartdan standarta keçmək Azərbaycana xeyir verməyəcək. «Bu bir növ əlifba islahatına bənzəyəcək. Əgər Azərbaycan NATO standartlarına sadiqliyini bəyan edibsə, bu yolla da getməlidir. Bir standartı tam qəbul etməmiş digər standart barədə düşünmək nəyə lazım?», - deyə hərbi ekspert, ehtiyatda olan polkovnik İldırım Məmmədov bildirir.

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin ekspertləri hesab edirlər ki, Azərbaycan ordusunda «qarışıq sistem»in tətbiqinin tərəfdarı olanların mövqeləri Gürcüstanda baş verən proseslərdən sonra möhkəmlənib.

«Bu da ordunun tam olaraq NATO standartlarına keçidi prosesinə zərbə olacaq», - deyə «Doktrina» qeyd edir...


«Azadlıq» qəzeti:

Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov həm də 121 saylı Laçın seçki dairəsinin sədridir...

www.msk.gov.az saytının dairə seçki komissiyaları ilə bağlı hissəsində R. Cəbrayılov 121 saylı Laçın seçki dairəsinin sədri kimi göstərilib.

Cəbrayılov artıq 6 aydır ölkə başçısının sərəncamı ilə Laçın rayon icra başçısı təyin olunub. Yada salaq ki, icra başçısının həm də dairə seçki komissiyasının sədri kimi fəaliyyət göstərməsi çox ciddi qanun pozuntusudur...

MSK-dan isə bildirirlər ki, bu, texniki səhvdir. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin dediyinə görə, hal-hazırda 121 saylı Laçın seçki dairəsinin sədri Malik Vəliyevdir. MSK rəsmisinin dediklərindən belə anlaşıldı ki, R. Cəbrayılov icra başçısı təyin olunana qədər DSK-nın sədri olub. O, icra başçısı vəzifəsinə təyin edildikdən sonra avtomatik olaraq əvvəlki vəzifəsini itirib. Onun yerinə isə M. Vəliyev təyin olunub.

Əgər doğrudan da vəziyyət MSK rəsmisinin dediyi kimidirsə, bunun özü də çox ciddi nöqsan hesab edilməlidir. Hər halda, 6 ay ərzində MSK-nın saytının yenilənməməsinin özü də biabırçılıqdır...


«Yeni Azərbaycan» qəzeti:

Kənd Təsərrüfatı naziri İsmət Abbasov Azərbaycanda əhalinin ərzaq buğdası ilə təmin edilməsi üçün 1 milyon 600 min ton məhsula ehtiyac olduğunu söyləyib. Bu il Azərbaycanda ilk dəfə olaraq taxıl istehsalı 2 milyon 500 min tondan çox olub. İş ondadır ki, digər məhsulları kənara çıxdıqda xalis buğdanın həcmi 1 milyon 635 min tona bərabərdir. Həmin məhsulun 150 min tona yaxını toxumçuluğa, 200 min tonu isə heyvandarlığa yönəldikdən sonra əhalinin istifadəsi üçün 1 milyon 300 min ton ərzaq buğdası qalır. Ölkə əhalisinin tələbatı isə 1 milyon 600 min ton təşkil edir. Beləliklə, Azərbaycan əhalisini un məhsulu ilə təmin etmək üçün cəmi 300 min ton ixrac buğdasına ehtiyac var. Bu isə taxıl üzrə ərzaq təhlükəsizliyinin 82 faiz yerli istehsal hesabına təmin edilməsi deməkdir. Ötən il bu rəqəm 60 faizə bərabər olub.

İ. Abbasov bildirib ki, gələn il Azərbaycan taxıla olan tələbatı 100 faiz yerli istehsal hesabına ödəyəcək.

Azərbaycan artıq kartof, meyvə-tərəvəz, bostan və bir çox kənd təsərrüfatı məhsulları üzrə tələbatı 100 faiz yerli istehsal hesabına ödəyir, hətta həmin malların bir hissəsini xarici ölkələrə ixrac edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG