Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:44

«Belə hava qapalı yerdə olsa, zəhərlənmə baş verər»


Şıx çimərliyi
Şıx çimərliyi
«Hava isti olan kimi özümü narahat hiss edirəm. 50 yaşım var, bilmirəm yaşdandı, ya havadan, əvvəllər soyuq, isti nədir, bilməzdim…»

Qaz sənayesində operator işləyən Eldar Zülfüqarov deyir ki, havanın soyuq, ya isti olması onların işinə təsir göstərmir, yəni işi dayandıra bilməzlər. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbərdarlığına da əməl edə bilməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə iki gün əvvəl xəbərdarlıq etmişdi ki, havaların normadan artıq isti keçməsi atmosferdə zəhərli tullantıları artıracaq və buna görə də az yaşlı uşaqlar, ürəyi xəstə olan adamlar havaya çıxmamalıdırlar.

Ekoloq Telman Zeynalov deyir ki, belə havada sənaye müəssisələrinin fəaliyyəti azaldılmalı, maşınların hərəkətinə məhdudiyyətlər qoyulmalıdır:

«Günün ən isti vaxtında maşınların sayı azaldılmalıdır».

Amma bu iki gündə şəhərin küçələrində maşınların sayı hər zamankı qədərdir.

Bəzi sürücülər deyirlər ki, maşın onların çörək ağacıdır, ona görə də avtomobildən imtina edə bilmirlər.

Şəxsi maşın sahibləri isə bildirirlər ki, işlərinin dalınca öz maşınlarıyla getmək daha rahatdır. Çünki ictimai nəqliyyatda xidmət ürəklərincə deyil:

«İctimai nəqliyyatda basabas olur, xidmət çox aşağıdır. Ona görə məcburam öz maşınımı sürüm».

Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin şöbə müdiri Azər Maqsudov isə deyir ki, belə hava insanda toksikoloji vəziyyət yaradır, amma bu zəif olduğundan adam zəhərlənmir:

«Əgər belə hava qapalı yerdə olarsa, onda güclü zəhərlənmə baş verər».

Azər Maqsudov bildirir ki, bu iki gündə onlara günvurmayla bağlı iki nəfər müraciət edib. Belə hallarla üzləşənlərə isə onun xəbərdarlığı var:

«İsti havada özünü pis hiss edən adamı təmiz havaya keçirtmək lazımdır. Qan təzyiqi düşübsə, sərin suyla üzünü yumalıdırlar. Əgər isti havada işləyirsə, başlarında örtük olmalı, fərdi maskalardan istifadə etməlidirlər».

Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi üzrə Milli Monitorinq Departamentinin rəis əvəzi Məmmədhüseyn Müslümov deyir ki, onların xəbərdarlığı heç də o demək deyil ki, əhali evdən bayıra çıxmasın. Sadəcə, belə isti və küləksiz havada özlərini qorusalar yaxşıdır.
XS
SM
MD
LG