Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:34

«Bəzi məmurların «Əbu Bəkr»ə böyük rəğbəti olub»


«Əbu Bəkr» məscidi, 18 may 2007

«Əbu Bəkr» məscidi, 18 may 2007

Səbail rayon Polis İdarəsinin ekspert-kriminalisti Əli Axundov həbs edilib. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən bildirildiyinə görə, o, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə - yəni qununsuz silah, döyüş sursatı, saxlama, satma və başqasına vermədə ittiham edilir. Nazirliyin məlumatında o da bildirilir ki, qanunsuz silah Əli Axundovun iş otağında aşkarlanıb.

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov isə iddia edir ki, Əli Axundov ona qarşı irəli sürülən ittihamı qəbul edir. Behbudov avqustun 22-də Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin təcridxanasında Əli Axundovla görüşüb:

«Mən ondan soruşdum ki, bu silahı sənin kabinetinə atmayıblar ki? Dedi ki, yox, öz silahlarımdır. Bu adam deyir ki, ona zor tətbiq edilməyib. Özü də o, polis mayorudur. İndi mən onu məcbur edə bilmərəm ki, desin ki, ona işgəncə verilib».

«Turan» İnformasiya Agentliyinin ilkin ehtimalına görə, Əli Axundovun həbsi onun vəhabi dini icmasına bağlılığı ilə əlaqədardır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov isə deyir ki, Axundovun həbsinin «Əbu Bəkr» adı altında tanınan məsciddə baş verən partlayışla bağlılığı yoxdur:

«O, qanunsuz silah saxlamaya görə saxlanıb. İndi öyrənilir ki, silahı hardan və nə məqsədlə alıb».

Bəzi qəzetlər iddia edirlər ki, partlayışın baş verdiyi «Əbu Bəkr» məscidində əsasən vəhabi təriqətindən olan insanlar bir araya gəlirlər. Məscid rəhbərliyi isə burada ibadət edənlərin sələfi - yəni sünni olduğunu bildirir.

Hazırda bağlı olan həmin məscidin imamı Hacı Qamət Süleyman isə deyir ki, həbs edilən Əli Axundovu tanımır:

«Bilirsiniz bizim məscidə gələnlər çoxdur. Mən onların hamısını tanıya bilmərəm ki?»

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl isə deyir ki, məscidin partladılmasından sonra bir polis zabitinin qanunsuz silah saxlanması ittihamı ilə həbs edilməsi təsadüf olmaya da bilər. Onun sözlərinə görə, həmin məscidə nəinki bir çox sadə insanların, hətta bəzi xırda və orta məmurların da böyük rəğbəti olub:

«Mən elə imkanlı, ciddi adamlar tanıyıram ki, «Əbu Bəkr»in bütün tapşırıqlarını yerinə yetirirlər. Bəzi hüquq-mühafizə əməkdaşları var ki, sırf dindarlığa qapılıblar. Mən bu adamın həbsi ilə bağlı heç nə deyə bilmərəm. Ancaq bu, versiyalardan biridir».

İlham İsmayıl deyir ki, hüquq-mühafizə orqanlarının bildirdiyi kimi, Əli Axundovun həbsinin «Əbu Bəkr» məscidi ətrafında aparılan istintaqla heç bir bağlılığı olmaya da bilər. Bu isə onun fikrincə, o deməkdir ki, Hacı Məmmədovun həbsindən sonra belə, hüquq-mühafizə orqanlarının fəaliyyətinə şəffaflıq gəlməyib. İ.İsmayılın sözlərinə görə, indi heç kim zəmanət verə bilməz ki, hüquq-mühafizə orqanlarında hələ də silahlı dəstələr yoxdur və onlardan qanunsuz sərvət uğrunda mübarizədə istifadə edilmir.

Şərhləri göstər

XS
SM
MD
LG