Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:56

«Seçki təlimlərinə pul xərclənməsi nəticəsiz işdir»


«Beynəlxalq qurumlar seminarlara pul xərcləməkdənsə, seçki komissiyalarının paritet əsaslarla formalaşması istiqamətində addım atsalar daha yaxşı olar»
«Beynəlxalq qurumlar seminarlara pul xərcləməkdənsə, seçki komissiyalarının paritet əsaslarla formalaşması istiqamətində addım atsalar daha yaxşı olar»
Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumlar Mərkəzi Seçki Komissiyası (MSK), Dairə və Məntəqə Seçki komissiyalarının üzvləri üçün iyundan seminar və treninqlərə başlayıblar. Bu seminarlarda seçki saxtakarlıqlarının qarşısının alınmasından tutmuş şikayət və müraciətlərə baxılması qaydalarına qədər müxtəlif məsələlərlə bağlı maarifləndirmə işləri aparılır.
MSK sədri Məzahir Pənahov hesab edir ki, seçkiyə yönəlik seminarlar ciddi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, əsasən bölgələrdəki Dairə və Məntəqə Seçki komissiyalarının üzvləri bu seminarlardan çox şey götürürlər:
«Həmin şəxslərdə beynəlxalq tələblərin nədən ibarət olması haqqında fikir formalaşır və artıq onlara heç kim kənardan diqtə edə bilmir».
Amma M.Pənahovdan fərqli olaraq, 20 saylı Nərimanov 2-ci Dairə Seçki Komissiyasının keçmiş üzvü Asif Yusifov seminarların nəticəsiz olduğunu deyir. Onun sözlərinə görə, sözügedən dairədən digər üzvlərlə bərabər beynəlxalq qurumların keçirdiyi əksər seminarlarda iştirak etsələr də, elə ən ciddi saxtakarlıqlar da onlarda qeydə alınıb. A.Yusifov təlimlərin nəticəsiz qalmasını həm də seçki qanunvericiliyinin demokratik olmamasıyla əsaslandırır:
«Seçki qanunvericiliyi demokratik əsaslarla formalaşsa, həmin seminarların hardasa müsbət təsiri ola bilər. Əsas niyyətdi, nə danışılırsa-danışılsın, sonda seçki saxtalaşdırılır».
Asif Yusifov deyir ki, seçkilə bağlı təlimlərə xeyli vəsait ayıran beynəlxalq qurumlar bunun nəticəsiz qalmasından yəqin ki, xəbərsiz deyillər:
«Mən inanmıram ki, xəbərləri olmasın, yəqin çalışırlar nə isə etsinlər, amma görünür, bu, kifayət etmir».
Hüquqşünas Müzəffər Baxışov isə deyir ki, hələ indiyə qədər Azərbaycanda seçki şikayətləri normal araşdırılmayıb. O, bunu seçkilə məşğul olan qurumların hakimiyyətin nəzarəti altında olmasıyla izah edir.
Beynəlxalq qurumların təzyiqlərindən sonra MSK-nın şikayətlərin araşdırılmasıyla bağlı yeni təlimat qəbul etdiyini bildirən Müzəffər Baxışova görə, şikayətlərin necə araşdırılıb-araşdırılmaması seçki proseslərindən sonra aydın olacaq.
Avropa Şurasının Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek isə seçki seminarlarının nəticəsizliyi və beynəlxalq qurumların budəfəki seçkiyə az maraq göstərməsi fikrilə razılaşmır. O, hesab edir ki, ötən seçkilərdə Avropa Şurası hansı layihələri həyata keçiribsə, bu dəfə də həmin işləri görməkdədir. Amma görülən işlərə nə qədər vəsait ayrılmasına gəlincə, xüsusi nümayəndə bu barədə konkret fikir söyləmir.
AXCP sədrinin müavini Həsən Kərimov isə hər seçki ərəfəsində seminar və təlimlərə beynəlxalq qurumların xeyli pul xərcləməsini nəticəsiz iş sayır. O, hesab edir ki, onsuz da sonda seçki yenə də saxtalaşdırılır:
«Beynəlxalq qurumlar seminarlara pul xərcləməkdənsə, seçki komissiyalarının paritet əsaslarla formalaşması istiqamətində addım atsalar daha yaxşı olar. Mənə elə gəlir ki, nəhayət, Azərbaycan müxalifəti xərclənən pulların nəticəyə heç bir təsir göstərməməsini Avropa Şurasının diqqətinə çatdırmalıdı».
H.Kərimov deyir ki, Azərbaycanın seçki qanunvericiliyi elədi ki, il böyü seminarlar keçirilsə belə, bu, demokratik seçki keçirilməsilə nəticələnməyəcək. Onun sözlərinə görə, buna səbəb MSK-nın hakimiyyətin nəzarəti altında olmasıdı.
XS
SM
MD
LG