Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:51

«Dini vəziyyətdən siyasi məqsədlər üçün istifadə edilir»


Ekspert deyir ki, bu partlayışı istər daxildən, istərsə də xaricdən idarə edilən radikal qruplar törədiblərsə belə, bu, həm hakimiyyətin, həm də Qərbin üzərinə böyük vəzifələr qoyur

Ekspert deyir ki, bu partlayışı istər daxildən, istərsə də xaricdən idarə edilən radikal qruplar törədiblərsə belə, bu, həm hakimiyyətin, həm də Qərbin üzərinə böyük vəzifələr qoyur

Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, «Əbu Bəkr» kimi tanınan məsciddə törədilən partlayışla bağlı şübhəli şəxs qismində bir gənc - Emin Rəsulov həbs edilib. Ancaq təəccüblüdür ki, ona qarşı Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə - yəni mili, dini, irqi düşmənçiliyin salınması ilə bağlı cinayət işi qaldırılıb. Hüquqşünas Adil İsmayılov hesab edir ki, görünür, istintaqın əlində hələ bu şəxsin həmin hadisəni törətməsi ilə bağlı tutarlı fakt yoxdur. Bir şəxsi şübhəli şəxs qismində iki gündən artıq saxlamaq mümkün olmadığından ona qarşı əlavə ittiham irəli sürülüb. Prokurorluğun məlumatında o da qeyd edilir ki, Emin Rəsulovun Bakıda kirayə qaldığı mənzilində qanunsuz dini ədəbiyyat aşkarlanıb.
Bir qədər əvvəl isə «Əbu Bəkr» kimi tanınan icmanın bir sıra üzvləri istintaqa çağırılaraq, sonradan buraxılmışdılar.
İlahiyyatşünas Altay Göyüşov deyir ki, cənub bölgəsindən olan insanların da istintaqa çağırılması başqa versiyaların da araşdırıldığından xəbər verir. Bir neçə gün əvvəl isə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə demişdi ki, baş verənlər iki qrup arasında narazılığın nəticəsidir. Oradakı qruplar bir-birlərini qəbul etmirlər. Həmin məscidin imamı Hacı Qamət Süleyman isə hadisənin daxili münaqişə zəminində dəyərləndirilməsi ilə razılaşmır:
«Belə vəhşiliklə daxili münaqişəni həll etmək olmaz. Bir də bizim daxilimizdə münaqişə yoxdur».
İlahiyyatşünas Altay Göyüşov isə deyir ki, bu hadisəyə tək daxili qüvvələrin yox, həm də xarici qüvvələrin təxribatı kimi baxmaq olar. O, xüsusi ilə İran və Rusiyanın Azərbaycandakı maraqlarına nəzər yetirməyi zəruri sayır:
«Bulanıq suda balıq tutmaq daha asandır. Gürcüstandan sonra Azərbaycanda da vəziyyəti gərginləşdirə bilərlər».
Bu partlayışın səbəbləri ilə bağlı ekspertlər arasında səslənən versiyalardan biri də hadisənin Azərbaycanda gedən siyasi proseslərlə əlaqələndirilməsidir. Bir sıra ekspertlərin fikrincə, bəzən radikal dini qruplaşmaların fəaliyyətinin Azərbaycanda güclənməsi haqda məlumatlar yaymaqla hakimiyyətin demokratiyaya qarşı sərt təpkilərinə haqq qazandırılır.
«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirova görə isə artıq Azərbaycanda dini vəziyyətdən siyasi məqsədlər üçün istifadə edilməyə başlanıb. Bu isə onun fikrincə, olduqca təhlükəlidir:
«Din çox həssas sahədir. Ondan siyasi məqsədlərlə istifadə etmək çox asandır. Ancaq sonradan baş verənlərin qarşısını almaq çox çətindir».
Rauf Mirqədirov deyir ki, bu partlayışı istər daxildən, istərsə də xaricdən idarə edilən radikal qruplar törədiblərsə belə, bu, həm hakimiyyətin, həm də Qərbin üzərinə böyük vəzifələr qoyur. Onun fikrincə, demokratiya, seçkilər cəmiyyətin idarə edilməsində bir alət kimi sıradan çıxdıqdan sonra radikal vasitələrin meydana çıxmasına təbii baxmaq lazımdır. Ekspert bildirir ki, Qərb Azərbaycandakı siyasətinə yenidən baxmasa, bunun çox ağır nəticələri ola bilər.
XS
SM
MD
LG