Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:07

Aeroportun sabiq rəsmisinə işgəncə verildiyi bildirilir


MTN-in Mətbuat Xidmətinin rəhbəri Arif Babayev isə işgəncə ilə bağlı deyilənləri əsassız sayır

MTN-in Mətbuat Xidmətinin rəhbəri Arif Babayev isə işgəncə ilə bağlı deyilənləri əsassız sayır

«Oğluma istintaq dövründə işgəncə veriblər». Bunu «Azərbaycan Hava Yolları» Dövlət Konserninin (AZAL) Aviasiya Təhlükəsizliyi İdarəsinin sabiq rəisi Emil Süleymanovun anası Zərifə Süleymanova deyir.
Emil Süleymanov Rusiya xüsusi xidmət orqanları ilə işbirliyində ittiham edilərək 15 il müddətinə azadlıqdan məhrum edilib.
O, 2007-ci il sentyabrın 30-da MTN-ə çağırılıb və haqqında vəzifə səlahiyyətlərini aşma maddəsilə cinayət işi açılıb. İttiham aktında Süleymanovun Azərbaycandakı bir sıra qapalı obyektlərlə bağlı gizli informasiyaları, həmçinin çalışdığı Bakı aeroportunda prezident İlham Əliyev də daxil olmaqla bir sıra rəsmi şəxslərin xidməti otaqlarda keçirdiyi söhbətləri Rusiya kəşfiyyatına ötürdüyü göstərilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə ittiham aktındakı faktlar sübut edilmiş sayılsa da, Emil Süleymanovun anası deyir ki, bu ifadələri oğlundan işgəncə ilə alıblar:
«Sonradan bildik ki, artıq oktyabr ayından ona işgəncə verməyə başlayıblar. Emilə vəhşicəsinə işgəncə veriblər. Mənə onunla görüşmək üçün yalnız iyunun 28-də Bayıl təcridxanasında icazə verdilər. Mən dəhşət içərisində idim. Özü dedi ki, qabaqca ondan xoşluqla Rusiya kəşfiyyatına işləməsini boynuna almasını istəyiblər. Sonra isə işgəncəyə keçiblər. MTN-də istintaq müddətində onun qabırğalarını sındırıblar, başına torba keçirib boğublar. O, 25-30 kq. arıqlamışdı. Güclə nəfəs alırdı. Tanınmaz və dəhşətli durumda idi».
Zərifə Süleymanova iddia edir ki, hüquq müdafiəçilərinin Emil Süleymanova işgəncə verilməsindən xəbərləri olsa da, faktları açıqlamağa maraq göstərməyiblər. O, Azərbaycanın bir sıra tanınmış insan haqları müdafiəçilərinə də üz tutduğunu söyləyir. Ancaq dediyinə görə, onlardan heç biri işgəncə faktı ilə ciddi maraqlanmayıb.
Zərifə Süleymanova buna səbəb kimi ailələrinin ağır maddi durumda olduğunu göstərir. Onun sözlərinə görə, məhkəmə qərarı ilə ev, bağ, maşın və başqa əmlakları müsadirə edilib. Hüquq müdafiəçiləri isə belə kasıb müştərilə işləmək istəmirlər.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Zərifə Süleymanovanın şikayəti əsasında Bayıl təcridxanasının rəhbərliyinə Emil Süleymanovla görüşə icazə verilməsi üçün müraciət göndərdiyini deyir. O, hüquq müdafiəçilərinin məhbus ailələri ilə münasibətlərinin təmənna üzərində qurulması fikirlərini də rədd edir:
«Siyasi məhbusların siyahısında 748 insanın adı vardı. Orada «OMON»çular, Naxçıvandan gəlmiş kasıb insanlar var idi. İndi bu siyahıda adı keçənlərdən yalnız 33-ü cəzaçəkmə müəssisələrindədir. Məgər onların hamısının pulu var idi?»
MTN-in Mətbuat Xidmətinin rəhbəri Arif Babayev isə işgəncə ilə bağlı deyilənləri əsassız sayır:
«Emil Süleymanovun işi üzrə istintaq və məhkəmə prosesi başa çatıb. Bildiyimə görə, yaxın günlərdə iş üzrə apellyasiya şikayətinə baxılacaq. Bu ərəfədə belə əsassız fikirlərin səsləndirilməsi təsadüfi deyil. E.Süleymanova işgəncə verilməsilə bağlı nə özü, nə də vəkilləri istintaq orqanına şikayət etməyib. Məhkəmə istintaqı zamanı da bununla bağlı vəsatət qaldırmayıblar. Bu, uydurmadan başqa bir şey deyil».
Cinayət işi üzrə avqustun 18-nə təyin edilmiş apellyasiya şikayəti isə baş tutmayıb. Emil Süleymanovun vəkili Zaur İbadov bunun səbəblərindən xəbərsizdir. Məhkəmənin hansı günə təyin edildiyi də hələlik bilinmir.
XS
SM
MD
LG