Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:40

«Bu ideya Rusiyanın diktəsi ilə ortaya atılıb»


«Azərbaycanla Ermənistan Qafqaz İttifaqında bir yerdə necə olacaq? Ona görə də mən bu ideyanı baş aldatmaq, ortaya nəsə atmaqla fikri yayındırmaq hesab edirəm»

«Azərbaycanla Ermənistan Qafqaz İttifaqında bir yerdə necə olacaq? Ona görə də mən bu ideyanı baş aldatmaq, ortaya nəsə atmaqla fikri yayındırmaq hesab edirəm»

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya bir günlük səfəri siyasi dairələrdə müzakirə olunmaqdadır. Hələ səfərdən əvvəl cənab Ərdoğanın Bakıda Qafqaz İttifaqı barədə müzakirələr aparacağı deyilirdi. Elə Baş nazir özü də Türkiyədən Bakıya yola düşərkən Atatürk hava limanında deyilənləri təsdiqləyərək bildirib ki, o, İlham Əliyevlə regionda son hadisələri, iki ölkə arasında münasibətləri, eləcə də Qafqazda sabitlik və əməkdaşlıq platformasını müzakirə edəcək.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyasının üzvü, deputat Zahid Orucun fikrincə, son günlər Qərb beynəlxalq sülhməramlı əməliyyatlar adı altında Gürcüstanda yerləşmə istəyini açıq şəkildə ortaya qoyur. Bu isə regionda dəyişikliyin baş verdiyini düşünməyə əsas verir:
«Rusiyanın Qafqazda əvvəlki dominant rolu xeyli sınmaqdadır. Bununla əlaqədar olaraq regionda hansısa koalisiyalar ortaya çıxa bilər».
Zahid Oruc deyir ki, neçə ki Ermənistan regionda destruktiv mövqe tutur, belə birliklərin yaranması da çətinləşir. Ancaq hər bir halda Türkiyənin bu təşəbbüsü əhəmiyyətli hadisədir.
Politoloq Vəfa Quluzadə isə bunun əksini düşünür. O, hesab edir ki, əslində bu ideya Rusiyanın diktəsi ilə ortaya atılıb. 1996-cı ildə Rusiyanın o vaxtkı prezidenti Boris Yeltsin də Qafqaz Evi adı altında bir təşəbbüs irəli sürmüşdü və federasiya subyektləri də daxil olmaqla regiondakı bütün respublikaların rəhbərlərini Kislovodska yığmışdı. Məqsəd Rusiyanın rəhbərliyi altında belə bir qurum yaratmaq idi.
İndi həm Şimali, həm də Cənubi Qafqazın işğal altında olduğu bir şəraitdə cənab Ərdoğan bunu necə etməyi düşünür, anlaşılan deyil:
«Azərbaycanla Ermənistan Qafqaz İttifaqında bir yerdə necə olacaq? Ona görə də mən bu ideyanı baş aldatmaq, ortaya nəsə atmaqla fikri yayındırmaq hesab edirəm».
Vəfa Quluzadə deyir ki, onda belə bir təsəvvür yaranıb ki, hazırda Türkiyə Rusiya ilə münasibətlərini Qafqaz respublikaları ilə əlaqələrindən qat-qat üstün tutur.
Türkiyənin Baş naziri Cənubi Qafqaza gəlməzdən əvvəl Rusiyaya getmişdi. Bu səfər Rusiya-Türkiyə münasibətləri barədə də müəyyən mülahizələrin ortaya çıxmasına təkan verib.
Politoloq Ərəstun Oruclu isə güman edir ki, Qafqaz İttifaqı ideyası Qərbdən gəlir. Türkiyə bu məsələdə ona görə irəli çıxıb ki, Ankaranın Moskva ilə açıq münaqişəsi yoxdur.
Ə.Oruclu deyir ki, bu ideyanın müsbət cəhəti regionda sabitliyin və təhlükəsizliyin, iqtisadi məkanın yaranmasıdır. Belə bir vəziyyət Azərbaycanı regionun iqtisadi cəhətdən aparıcı dövlətinə çevirə bilər. Bununla yanaşı Qafqaz İttifaqı ideyası gerçəkləşərsə region Rusiyanın nəzarətindən çıxacaq.

Şərhləri göstər

XS
SM
MD
LG