Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:05

Kimsəsiz uşaqların sonrakı taleyi


«Can Bakı»nın qonağı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının milli direktoru Fərqanə Məmmədova

«Can Bakı»nın qonağı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının milli direktoru Fərqanə Məmmədova

«Can Bakı»nın qonağı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının milli direktoru Fərqanə Məmmədova idi. O, valideyn himayəsindən məhrum olan, kimsəsiz uşaqlar üçün yaratdıqları kəndlər haqqında məlumat verdi. Dediyinə görə, 10-12 ailədən ibarət bu kəndlərdə uşaqlar xüsusi seçilmiş anaların yanında qalır: «Təxminən ailəyə bənzər bir model qurmuşuq. Burada bizim uşaqların hətta qardaş və bacıları, xala və dayıları da olur».
Fərqanə Məmmədova dedi ki, indi onlar Gənclər Evi yaratmaq barədə də düşünürlər. Məqsəd də odur ki, uşaq kəndindən çıxan uşaqların müstəqil həyata adlamasına yardım edilsin. «Bu cür evlərdə uşaq evindən çıxan 10-12 gənc yaşayacaq. 300-350 kv.metrlik evin bir otağında ən çoxu 2 gənc yaşayacaq. Onlar özləri öz evlərinə rəhbərlik edəcəklər, amma tam nəzarətsiz də qalmayacaqlar. Bu gənclərə müəyyən miqdarda maliyyə yardımı ediləcək. 20 yaşına çatandan sonra isə bu gənclər yarımüstəqil həyata qədəm qoyacaqlar, yəni onlara 3 il ərzində də maliyyə yardımı göstəriləcək».

Fərqanə Məmmədova qeyd etdi ki, hazırda dünyanın 132 ölkəsində belə uşaq kəndləri fəaliyyət göstərir. Azərbaycanda mövcud olan iki belə kənd Avstriyanın SOS Kinderdoff İnternational təşkilatı tərəfindən maliyyələşir. Bu ildən etibarən isə Azərbaycan hökuməti də bu layihəyə müəyyən qədər yardım göstərib. Həmçinin, uşaq kəndlərinə ianə verən qurum və şəxslər də var.

Verilişdə hüquqşünas Şəfa Camalzadə ilə bağlantı qurduq. O, bildirdi ki, yerli qanunlara əsasən, kimsəsiz uşaqlara 18 yaşından sonra dövlət tərəfindən növbədənkənar mənzil verilməsi nəzərdə tutulur. Lakin indi bu hüququn reallaşmasına demək olar rast gəlinmir.

3 saylı uşaq evinin direktoru Zöhrə Hüseynova isə rəhbərik etdiyi idarədə uşaqların sonrakı taleyi ilə maraqlandıqlarını dedi. Onun sözlərinə görə, məhz bu uşaq evindən əsgərliyə yollanan gənclər hərbi xidməti keçib qayıdandan sonra onları Dövlət Neft Şirkətinin nəzdindəki təlim-tərbiyə litseyinə göndərirlər. Onlar təhsillərini bitirməmiş uşaq evindən çıxarılmırlar. Qızların əksəriyyətinə isə elə təhsil aldıqları müddətdə elçi gəlir və onlar normal ailə qururlar.

Buna da bax:

XS
SM
MD
LG