Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:38

«Bu, daha çox təriqətlərarası savaşa oxşayır»


«Amma ola bilər ki, bu hadisə hansısa dini təşkilatın yox, bir fanatın fərdi planları olsun. Yəni fikirləşsin ki, nədən indiyə qədər Azərbaycanda dominant rol oynayan təriqət yox, başqa bir təriqət aktiv şəkildə ölkəyə yayılır»
«Amma ola bilər ki, bu hadisə hansısa dini təşkilatın yox, bir fanatın fərdi planları olsun. Yəni fikirləşsin ki, nədən indiyə qədər Azərbaycanda dominant rol oynayan təriqət yox, başqa bir təriqət aktiv şəkildə ölkəyə yayılır»
«Əbu Bəkr» məscidindəki partlayışla bağlı hələ heç kim saxlanılmayıb. Bu barədə jurnalistlərə işin istintaqını aparan Bakı Şəhər Prokurorluğunun müstəntiqi Akif Rzayev məlumat verib. Hadisə ilə bağlı cinayət işi açılıb. Məscidin fəaliyyəti isə qeyri-müəyyən müddətə dayandırılıb.
Hadisənin hansı zəmində baş verdiyi barədə də hər hansı məlumat verilmir. Partlayış namaz vaxtı dindarların gözü qarşısında olsa da, onlar bu barədə danışmaq istəmədilər.
Məscidin yaxınlığında yaşayanlar güclü partlayış səsindən sonra məhəllədə səs-küy qopduğunu, hadisə yerinə təcili-tibbi yardım maşınlarının gəldiyini deyirlər:
«Biz evdə oturmuşduq, birdən bərk partlayış oldu, evimiz titrədi, çıxdıq çölə, gördük ki, məscidin həyətində hərə bir tərəfə qaçır. Sonra iki təcili yardım maşını gəldi, yaralıları və iki meyidi maşına qoydular...»
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə baş verənləri iki qrup arasındakı narazılığın nəticəsi adlandırıb. O, APA-ya verdiyi müsahibəsində belə deyib. Şeyx bildirib ki, məsciddə baş verənlər Azərbaycandakı tolerantlığa zərbə vura bilməz. İndiyədək ölkədə belə hadisənin baş vermədiyini xatırladan idarə rəhbəri burda düşmən qüvvələrin əlinin ola biləcəyini də istisna etməyib. Hacı Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda dini sahədə problem olsaydı, belə hadisələri başqa dinlərin nümayəndələrinə qarşı törədərdilər. Müsəlmanın müsəlmana qarşı bu hadisəni törətməsini isə cənab Paşazadə «rəqabət və qisas» adlandırıb. Amma o, mübahisənin konkret hansı qrup arasında və hansı zəmində baş verdiyini açıqlamayıb.
Cinayətin açılması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsilə bağlı Respublika Prokurorluğu, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin yüksək ixtisaslı əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Adı çəkilən qurumların birgə yaydığı məlumatda deyilir ki, ictimai rezonans doğuran hadisənin açılması və cinayəti törədən şəxslərin tapılması üçün iş ölkə prezidenti tərəfindən xüsusi nəzarətə götürülüb. Amma adı çəkilən qurumlar hadisənin hansı zəmində baş verdiyi barədə hər hansı məlumat verməyiblər.
Din məsələləri üzrə ekspert Altay Göyüşov deyir ki, hadisə barədə konkret fikir söyləmək çətindir.
Amma bununla yanaşı, o, Qafqaz Müsəlmanları İdarəsi rəhbərinin də az məlumatlı olmadığını etiraf edir:
«Ola bilər, Şeyx dövlət qurumlarından məlumatlar əldə edir, o, baş verənlərin qruplararası hadisə olduğunu bilir. Amma hadisəni törədən adam tutulmadığından bu barədə konkret mövqe bildirmək çətindir».
A.Göyüşov bildirir ki, Azərbaycanda dini təbliğat düzgün aparılmır. Onun sözlərinə görə, dinin ayrılmaz elementlərindən biri dəvətdi. Amma Azərbaycanda bu dəvət digərinin tənqidi üzərində qurulduğundan belə problemlərin baş verməsi labüddür.
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl isə motivindən asılı olmayaraq məsciddə törədilən partlayışı terror hesab edir. Onun fikrincə, baş verən hadisəyə müxtəlif prizmadan yanaşmaq olar; bölgədəki hadisələrə bağlılıqdan tutmuş, təriqətlərarası savaşa qədər. Mərkəz rəhbəri deyir ki, bu hadisələr daha çox təriqətlərarası savaş ehtimalına oxşayır:
«Amma ola bilər ki, bu hadisə hansısa dini təşkilatın yox, bir fanatın fərdi planları olsun. Yəni fikirləşsin ki, nədən indiyə qədər Azərbaycanda dominant rol oynayan təriqət yox, başqa bir təriqət aktiv şəkildə ölkəyə yayılır».
XS
SM
MD
LG