Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:37

«Heç bir ölkədə belə məktəb yoxdur»


Kənd məktəbinin binasında uzun müddət hərbçilər yerləşdiyindən və orada heç bir təmir işləri aparılmadığından tamam yararsız hala düşüb
Kənd məktəbinin binasında uzun müddət hərbçilər yerləşdiyindən və orada heç bir təmir işləri aparılmadığından tamam yararsız hala düşüb
«Mənim qardaşım martın 7-də həkim olmadığından cavan yaşında vəfat etdi. Həkimdən ötrü gərək Ağcabədiyə, Bərdəyə, Quzanlıya gedəsən».

Ağdam rayonunun Hacıməmmədli kənd sakini Məmmədxan Göyüşov belə deyir. Əfətli inzibatı ərazisində yerləşən Hacıməmmədli kəndi cəbhə xəttinin bir neçə kilometrliyində yerləşir. Həkimsizlik üzündən qardaşını itirdiyini deyən Məmmədxan Göyüşovun oğlu, Milli qəhrəman German Göyüşov da Qarabağ döyüşlərində həlak olub.
Ancaq Məmmədxan Göyüşov təkcə yaxınlarını vaxtsız itirməsindən deyil, Hacıməmmədli kənd məktəbinin uçulub dağılmasından da şikayət edir:
«İndiki vaxtda heç bir ölkədə belə məktəb yoxdur. Gəlib öz gözləri ilə görsünlər».
Cəbhə xəttinin bir neçə kilometrliyində yerləşən Hacıməmmədli kəndində təqribən 100-ə yaxın ev var. Bu kənddə 700-dən çox insan yaşayır. Ancaq builki tələbə qəbulunda bu kənddən bir nəfər belə olsun ali məktəbə daxil ola bilməyib. Kənd məktəbinin binasında uzun müddət hərbçilər yerləşdiyindən və orada heç bir təmir işləri aparılmadığından tamam yararsız hala düşüb. Məktəbin həyətində dərs sinifləri kimi dəmir vaqonlar quraşdırılıb. Ancaq kənd sakinlərinin deməsinə görə, qışda soyuq, yayda da isti olan bu dəmir siniflərdə demək olar ki, dərs keçilmir. Üstəlik, Hacıməmmədli kəndi təbii qazla hələ təmin edilməyib. Kənd sakinləri danışırlar ki, yanacaq kimi əsasən mal-qara peyinindən istifadə edirlər. Çünki bir maşın odunu 300 manatdan ucuz ala bilmirlər. Ona görə imkanı aşağı olanlar yanacaq əvəzi təzəkdən istifadə etməyə üstünlük verir. Eyni halla Ağdam rayonunun qonşu Zəngişallı kəndində də rastlaşmaq olar:
«Təzəklə peç yandırırıq, ocaq qalayırıq, su qızdırırıq. Çörəyi də təzəklə bişiririk».

Ancaq Ağdam rayonunun cəbhə boyu kəndlərində yaşayan insanları ən çox üzən ölüm xofudur. Atəşkəs tez-tez pozulduğundan bu kəndlərin sakinləri hər an özlərini ölüm təhlükəsi altında hiss edirlər. Son illər dövlət rəsmiləri ölkədə 600 mindən çox yeni iş yerlərinin açıldığını desələr də, bu proses Ağdam rayonunun sərhəd kəndlərinə hələ ki, gəlib çatmayıb. Ona görə də insanlar elə bu xof içində də dolanışıqlarını əkin-biçin işlərindən çıxarmağa çalışırlar.
Hacıməmmədli kəndində danışırlar ki, əsas əkin sahələri işğal altında qalıb. Üstəlik, su anbarı da işğal altında qaldığından paylarına düşən əkin yerlərini vaxtlı-vaxtında sulaya bilmirlər. Bu da məhsuldarlığı aşağı salır. Bəzən isə becərilən məhsul biçilməmiş sahədəcə tökülüb qalır. Kənd sakinlərinin sözlərinə görə, kombayn sürücüləri təhlükəli ərazilərdə biçindən imtina edirlər:
«Elə olur ki, əkinə, suya gedənlər atəş altında qalırlar. Bəzən əkin sahələrimiz biçilməmiş qalır».

Sonuncu dəfə bu ilin mart ayında Hacıməmmədli kəndinin üç sakini Yusifcanlı kəndinin qəbiristanlığına gedərkən qəfil atılan güllələrdən vəfat edib. Hacıməmmədli kəndinin sakinlərinin deməsinə görə, rayonun Ayaq Qərvənd kəndində qəbiristanlığa getmək daha təhlükəlidir. Bu kəndin qəbiristanlığı düz erməni silahlı qüvvələrinin mövqeyi ilə üzbəüz yerləşir. Ona görə də həmin kənddən qəbiristanlığa xəndək qazılıb. Kimsə öləndə onu qəbiristanlığa elə bu xəndəklə aparırlar.
Ağdam rayonunun sərhəd kəndlərində seçki əhval-ruhiyyəsi isə hiss edilmir. Sakinlərin çoxu hazırkı prezident İlham Əliyevdən başqa digər namizədləri belə tanımırlar. Bu kəndlərdə üstəlik Yeni Azərbaycan Partiyasından başqa heç bir partiyanın dayaq dəstəsi də fəaliyyət göstərmir:
- Bu kəndlərə imza toplamaq üçün gələn olub?
-Yox, hələ ki, gələn olmayıb.

Hacıməmmədli kəndindən çıxanda kənd ağsaqqalı Məmmədxan Göyüşov daha bir şikayətini dilə gətirdi. Onun deməsinə görə, oğlunun, Milli qəhrəman German Göyüşovun adını daşıyan muzey baxımsızlıq uzündən uçub-dağılıb. Hara yazırsa, muzeyi təmir etmirlər. Kənd məktəbi kimi orada da uzun müddət hərbçilər qalıb. Ancaq indi Ağdam rayonunun mərkəzi sayılan Quzanlıda xeyli yeni tikililərə rast gəlmək mümkündür. Bərli-bəzəkli şadlıq evlərindən tutmuş, üzü mərmər döşəməli mərkəz və muzeylərə qədər. Rayon mərkəzində yeni inşa edilən Heydər Əliyev Muzeyinə isə necə deyərlər, iki göz lazımdır ki, tamaşa etsin. Cəbhə xəttində Heydər Əliyevin adını təkcə muzey və müxtəlif mərkəzlər daşımır. Bərdə-Ağdam yolunun üstündəki kəndlərin birində də məscidə Heydər Əliyevin adı verilib.
XS
SM
MD
LG