Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:05

«Hər şey Rusiyanın özünü necə aparmasından asılıdır»


«Məncə, Xəzəryanı ölkələr onlarda ola biləcək qorxularla bağlı çox açıq mesajlar aldılar»
«Məncə, Xəzəryanı ölkələr onlarda ola biləcək qorxularla bağlı çox açıq mesajlar aldılar»
«Rusiyanın dünyadakı reputasiyası təmiz deyil və o, beynəlxalq icmada öz imicinə böyük zərbə vurdu».
Bunu ABŞ dövlət katibi müavinin yardımçısı Mətyu Brayza «Azadlıq» radiosuna müsahibəsində deyib. Mətyu Brayzanın sözlərinə görə, Rusiyanın indi atəşkəs razılığına əməl edəcəyi, qoşunları geri, münaqişə zonasına çəkəcəyi halda imicini düzəltmək imkanı var.
«Bunun üçün həm də lazımdır ki, Rusiya hərbçilərinin qətllər, zorlama və oğurluq üçün Cənubi Osetiyaya daxil olmağa həvəsləndirdiyi Şimali Qafqazlı qeyri-nizami qüvvələr - əlbəttə həmin adamlara nəzarət edə bilirsə, Rusiya onları geriyə, öz evlərinə, Rusiya Federasiyasına göndərsin. Bundan sonra Rusiya məsuliyyətli ölkə kimi davranacaqsa, özünü BMT prosesinin vasitəçisi kimi göstərməsinə baxmayaraq, gürcülərə hücum etməyəcəksə, reputasiyasını da düzəldəcək. Mən bilmirəm indi Rusiya buna qadirdir, ya yox. Ümid edirəm ki, qadirdir».
Dövlət katibi yardımçısının müavini deyir ki, Birləşmiş Ştatlar Rusiya ilə əməkdaşlıq etmək istəyir, amma Rusiya əməkdaşlığın qaydalarına, özü də Amerika tərəfindən deyil, beynəlxalq ictimaiyyət tərəfindən müəyyənləşdirilmiş qaydalarına riayət etməlidir.
«Rusiyanın xarici işlər naziri bizim seçim etməmizi istəyir və biz seçimimizi edirik. Biz hər iki ölkə ilə əməkdaşlığa cəhd edəcəyik. Əgər Rusiya əməkdaşlığın şərtlərini elə müəyyən etmək istəyir ki, bizim hər iki ölkə ilə, həm Gürcüstan, həm Rusiya ilə əməkdaşlığımız qeyri-mümkün olsun, bu onun şəxsi işidir. Biz birləşmiş Gürcüstanda azadlıq, firavanlıq və sülhün tərəfdarıyıq və kimin nə deməsindən asılı olmayaraq, bu məqsədi həyata keçirməyə çalışacağıq».
Rusiya rəhbərliyi Sxinvalidə iki min adamın həlak olduğu barədə bəyanatlar verərək, baş verənləri osetinlərə qarşı soyqırım adlandırıb. Mətyu Brayza bu bəyanatları ağlasığmaz adlandırır. Onun sözlərinə görə, bu rəqəmi
«Human Rights Votç» da təkzib edir.
«Jurnalistlərin və «Human Rights Votç»un bəyanatlarından bəlli olur ki, Sxinvalidə cəmi 40 cəsəd aşkar olunub. Bu 2000 rəqəmindən çox fərqlidir. Bundan əlavə, soyqırım haqda söhbətlərin ilk növbədə Rusiyaya aidiyyatı var, çünki rus təyyarələri üç gün ərzində - şəhərdə hələ xeyli mülki əhalinin qaldığı zaman Sxinvalini bombalayıb. Odur ki, orada soyqırım olubsa belə, adamlar hələ müəyyənləşdirməlidir ki, bunu kim törədib. Amma orda soyqırım baş verməyib».
Mətyu Brayza deyir ki, Rusiyanın və Birləşmiş Ştatların Gürcüstanla bağlı davranışı Xəzər ölkələri üçün də mesaj idi.
«Məncə Xəzəryanı ölkələr onlarda ola biləcək qorxularla bağlı çox açıq mesajlar aldılar. Birləşmiş Ştatların prezidenti danışanda Avropa liderləri ilə bərabər danışırdı - onlar sözlərini Rus tanklarını, zirehli maşınlarını geri göndərib getməli olduğu istiqamətə yönəltdi. Bu Xəzər regionunun ölkələri üçün çox aydın mesaj idi. Beynəlxalq ictimaiyyət yerində idi və biz müdaxiləni dayandırmağa müvəffəq olduq. Axı Rus qüvvələrinin Qoridə nə işi var idi? Bizə aydın deyil».
Mətyu Brayza deyir ki, Gürcüstana müdaxilə və onun demokratik seçilmiş prezidentini devirmək cəhdi onun diplomatik karyerasında müşahidə etdiyi ən axmaq qərarlardan biri olub və Moskvanın reputasiyasına Əfqanıstana müdaxilə kimi pis təsir edəcək.
Birləşmiş Ştatlar və Avropa Birliyi arasında əməkdaşlığa gəlincə, Brayza düşünür ki, bu günlərdə ABŞ və Avropa arasaında gedən danışıqlar diplomatiyanın nə qədər güclü olmasının gözəl bir nümunəsi idi.
«Sual yaranır ki, əgər Rusiya güc tətbiq etmək istəyirsə, diplomatiya nə edə bilər? Və sözün düzü, Gürcüstan hətta 30 dəfə indikindən böyük olsaydı belə və dünyanın ən böyük hərbi güclərindən biri sayılan qonşusu ona müdaxilə edirsə, bizim burada bu müdaxiləni dayandırmaq üçün edə biləcəyimiz çox az şey ola bilər. Adamlar pis qərar vermək istəyirsə, biz onları bunu etməməyə sövq edə bilmərik.
Amma xarici nazirlər, jurnalistlər, sivil cəmiyyət nümayəndələri arasında həmrəylik yaradaraq müdaxiləni geri çevirə bilərik. Gürcüstanın liderləri prezident Buş və dövlət katibi Raysın və əlbəttə ki, fransızların yardımı ilə danışıqlara başladılar, atəşkəs oldu. Nəhayət reallıq budur ki, ABŞ ordusu bu ölkəyə bomba atmadı, Rus bombardmanları nəticəsində evlərini itirmiş məcburi köçkünlərin sağ qalması üçün humanitar yardım gətirirdi. Siz bir fərqə baxın. Görün bu siyasət nə qədər güclü idi ki, Rusiyanın təcavüzünü geri döndərdi. Diplomatiya öz işini gördü və bu ABŞ-Avropa Birliyi əməkdaşlığı sayəsində mümkün oldu».
Mətyu Brayzanın fikrincə qısa müddətli perspektivdə atəşkəsin saxlanmması, Poti limanının, Şərq Qərb şosesinin açıq qalması və ən əsası, məcburi köçkünlərə qayğı göstərilməsidir.
«Bu, böhran deyil, çünki Gürcüstan hökumətinin hələ təchizatı var. Amma Şimali Osetiyadan olan cinayətkarlara gəlincə, onlar ölkədə meydan sürdüyü zaman yardınmı çatdırmaq olduqca çətindi.
Bundan sonra ziyanın bərpası, hərbi və cinayətkar əməliyyatlar aparan və insanları qətlə yetirənlərin mühakiməsi məsələsi durur. Rusiya üçün beynəlxalq ictimaiyyətə alnıaçıq və üzüağ qayıtmaq məsələsi durur və bunun yolu tapılmalıdır».
Mətyu Brayzanın sözlərinə görə, ABŞ Rusiyaya bu məqsədə çatmaqda yardımçı olmaq istərdi, amma hər şey Rusiyanın özünü necə aparmasından asılıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG